İqtisadçı deyib ki, bu sahədə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırmaq və bu sahədə islahatlar aparmaq istədiklərini bildirib.
S.Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var. "Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalı, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir, prosesi tam şəffaf şəkildə etmək istəyirik.
Prosesin hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə rastlaşmamasını təmin etmək istəyirik. İstəyirik ki, haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı həm Səhiyyə Nazirliyində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya, normativ hüquqi baza və prosedir baxımından təkliflər hazırlayırlar”.
İqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə açıqlamasında deyib ki, əlilliyin verilməsi ilə bağlı bir çox problemlər yaşanır:
"Bu sahədə şəffaflığın gözlənilməsi çox vacibdir. Çünki buna ehtiyac var. Təəssüf ki, Azərbaycanda əlillik təyin edilən zaman ədalətlilik gözlənilmir. Hazırda obyektiv olmayan şəraitdə əlilliyin təyin edilməsi aparılır. Buna görə də, bir çox hallarda fiziki imkanları məhdud olmayan şəxs əlillik kağızından istifadə edib, qeyri-rəsmi yolla bundan yararlanır. Amma digər tərəfdən fiziki imkanları məhdud olan şəxs əlillik haqqı ala bilmir.
Bu da həm əlillik hüququ olmayan şəxsin bundan istifadə edərək büdcə vəsaitindən faydalanmasına, eyni zamanda müstəsna hüququ olan şəxslərin həmin hüquqdan istifadə edə bilməməsinə yol açır. İndiki zamanda əlilliyin təyin edilməsi prosesində ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Həmçinin əlilliyin verilməsi elektronlaşdırma yolu ilə həyata keçməlidir. Birmənalı şəkildə əlilliyin təyin edilməsində şəffaflıq yaradılmalıdır. Çünki əlilliyi olmayan şəxslərin bu imkandan faydalanması, belə hüquqa malik olan şəxslərin bundan yararlana bilməməsinə gətirib çıxarır”.
Kənan Eynuroğlu