Vüqar Zifəroğlu: “Alimlərimizin media ilə yaxın əlaqələrinin qurulmasına ciddi ehtiyac var”
Elmin mediada populyarlaşdırılması vacibdir
Nizaməddin Şəmsizadə: “Peşəkarlığı olmayan jurnalistlər medianı öz bildikləri sahələrə çəkirlər”
Vüqar Zifəroğlu: “Alimlərimizin media ilə yaxın əlaqələrinin qurulmasına ciddi ehtiyac var”
Vüqar Zifəroğlu: “Alimlərimizin media ilə yaxın əlaqələrinin qurulmasına ciddi ehtiyac var”
Dilavər Əzimli: "Mövcud yanlışlıqları ictimaiyyətə düzgün çatdırmaq üçün elmi jurnalistikanın yaranmasının tam tərəfindəyəm”
Cavid İsmayıl: "Aliminə, müəlliminə, həkiminə normal maaş verilməyən cəmiyyətdə TV ekranında bütün günü AMEA-dan bəhs edən verilişlər verilsə belə, elmi populyarlaşdırmaq olmayacaq”
(əvvəli ötən sayda)
Ötən gün AMEA Geologiya və Geofizika İnstitutunda "Elmin KİV-də təbliği” mövzusuna həsr olunmuş tədbir keçirilib. Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək olub.
İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin təşkil etdiyi tədbirdə akademiya institutlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak edib. AMEA prezidenti, akademik Akif Əlizadə informasiya və elmi-texniki tərəqqi əsrində elmdə əldə olunan nailiyyətlərin, elmi biliklərin ictimaiyyətə çatdırılması, bu işlərin yüksək səviyyədə təşkilinin önəmli olduğunu vurğulayıb. Akademik elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-in rolundan söz açıb. Jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətindən danışan A.Əlizadə elmi xəbər və materialların, məqalələrin elmi-populyar dildə hazırlanmasında elmi jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd edib.
AMEA-nın akademik-katibi Rasim Əliquliyev isə elektron informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portalları, İnternet-radio və İnternet-TV kanallarının, bir sözlə, elektron-KİV-in informasiyanın operativ ötürülməsində başlıca vasitələrdən olduğunu söyləyib. Akademik "science.gov.az” portalının 20 ildir ki, Azərbaycan elmini təbliğ etdiyini, alimlərimizin fəaliyyətinin işıqlandırılması istiqamətində mühüm işlər gördüyünü bildirib. Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də çıxış edərək akademiyanın elmi müəssisə və təşkilatlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərini elmdə əldə olunan nailiyyətləri, elmi bilikləri, həmçinin institutların fəaliyyəti barədə məlumatları daha geniş işıqlandırmağa çağırıb. Tədbirdə həmçinin, AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov "Elmin təbliği, müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.
"Elmin KİV-də təbliği” adı ilə keçirilən konfransı alimlər yüksək qiymətləndiriblər. Onların fikrincə, bu cür tədbirlərin mütəmadi baş tutması elmlə media arasında əlaqələrin formalaşmasına yardımçı olacaq.
Elmin mediada təbliğ olunması ilə bağlı "Şərq”ə danışan AMEA-nın şöbə müdiri, professor Nizaməddin Şəmsizadə bu sahədə müəyyən boşluqların olduğunu deyib: "Mən BDU-da Dissertasiya Şurasının üzvüyəm. Bizim Şurada filoloqlarla bərabər jurnalistlər də müdafiə edirlər. Hazırda həmin Şurada intensiv surətdə jurnalistika elmi formalaşdırılır. Çoxlu istedadlı jurnalistlər bu sahənin problemlərini araşdırır, elmi müdafiələr edirlər. Bu çox normal haldır. Mən Şurada telejurnalistika ilə bağlı çıxış edərək dedim ki, burda çalışanlar yox yerdən elm yaradırlar. Yəni bu saat KİV-lər elmi-nəzəri əsaslara yiyələnməyə başlayıb. O ki, qaldı klassik və akademik elmlərlə medianın münasibətlərinə, bu sahədə müəyyən boşluqlar var. Çünki istər televiziya kanallarında, istər yazılı və internet mətbuatında qeyri-peşəkar jurnalistlər çalışırlar. Onlar müstəqil Azərbaycanın demokratiyasından sui-istifadə edərək jurnalistikaya "yiyələniblər”. Peşəkarlığı olmayan jurnalistlər medianı öz bildikləri sahələrə çəkirlər. Ona görə də burada pərakəndəlik yaranır”. Professora görə, elmin populyarlaşmasında jurnalistikanın böyük rolu var: "Məsələn, AMEA-da akademikliyə və müxbir üzvlüyünə seçkilər keçirilir. Təəssüflər olsun ki, orada böyük haqsızlıqlar cərəyan edir. Çox gözəl olardı ki, bu sahədə jurnalist tədqiqatı aparılsın və həqiqətlər üzə çıxarılsın. Yaxud gənc bir alim elmi kəşf edir, amma ondan yuxarıda duranlar paxıllıqdan elmi kəşfin gün üzünə çıxmasına mane olurlar. Jurnalistlər bu faktı aşkarlayıb ictimaiyyətə çatdırmalıdır. Yəni qısacası, alimlərlə jurnalistlər arasında sıx əlaqə olmalıdır. Jurnalistlər cəsarətli davranmalıdır. Əlbəttə, məsələ tək media işçiləri ilə bağlı deyil, alimlər də onlara kömək etməlidir, öz işi haqqında medianı məlumatlandırmalıdır”.
BDU-nun Jurnalistika Elmi-Tədqiqat Laboratoriyasının müdiri və aparıcı elmi işçisi Vüqar Zifəroğlu da bildirib ki, alimlərin media ilə yaxın əlaqələr qurmasına ciddi ehtiyac var: "Ümumiyyətlə yaxşı olardı ki, AMEA-da bu cür tədbirlər təşkil edilərkən birbaşa jurnalistikanın həm praktik, həm də elmi istiqamətləri ilə məşğul olan şəxslər də ora cəlb edilsin. O zaman belə tədbirin daha çox xeyri olar. Məsələ bundadır ki, bu gün mediada elmin daha qabarıq və hərtərəfli olaraq təbliğ edilməməsinin səbəbləri təkcə jurnalistika və ya jurnalistlərlə əlaqədar deyil. Alimlərimizin media ilə yaxın əlaqələrinin qurulmasına ciddi ehtiyac var. Məncə, AMEA-da bununla əlaqədar tez-tez görüşlər keçirməklə yanaşı, praktik treninq-seminarlar da təşkil etmək lazımdır. Media ilə münasibətlərin düzgün qurulmasının özü xüsusi bir proqramdır. İkinci məqam isə alimlərin media işçilərini maraqlandıra bilməsidir. Yani bu gün ziyalılarımız, akademiyada çalışan mütəxəssislərimiz media üçün açıq və əlçatan olmaqla yanaşı, eyni zamanda maraqlı da olmalıdır. Elmin istənilən media və kommunikasiya vasitəsində təbliği aparılmalıdır. Əsas odur ki, bu prosesin özü savadlı və sistemli şəkildə olsun”.
AMEA-nın aparıcı elmi işçisi, tarixçi-alim Dilavər Əzimli "Şərq”ə açıqlamasında bu məsələnin yaralı yeri olduğunu deyib. Alimin sözlərinə görə, problemi aradan qaldırmaq üçün elmi jurnalistika mütləq inkişaf etdirilməlidir: "Media dünyada çox önəmli rol oynayır. Götürək elə qonşu Rusiyanı. Mən onların bir sıra qəzetlərini həmişə alıram və bir tarixçi kimi çox şey öyrənirəm. Düzdür, tərəf var, lakin mənim üçün əsas olan orada əks olunan elmi baxış və həmin dövrün xronikasıdır. Onlar tarixi məqalələri məharətlə yazırlar. Bu məsələ bütün medianı əhatə etməlidir. İstər elektron medianı, istərsə də qəzet və jurnalları. Mən humanitar sahənin adamıyam. Vurğulayım ki, son illərdə bu sahəyə əməlli-başlı hücuma keçiblər. Fikrimcə, bu, xaricdən qaynaqlanır. Orta məktəblərdə tarix dərsliklərini olduqca nazildiblər. Şagirdlər yalnız xronikanı öyrənir. Belə tarix öyrənməkmi olar? Ali məktəblərdə tarix dərslərinin saatları ildən-ilə azaldılır. Təsəvvür edin ki, "Qədim Şərq” və "Antik tarix”i üç aya keçib qurtarmalısan. Mən
BDU-da bunları tədris edirəm və "Antik tarix”dən cəmi 6 saat seminar keçirəm. Bununla tarixçi yetişərmi?”. Alim bildirib ki, "Azərbaycan tarixi”nin saatları o qədər azaldılıb ki, heç SSRİ dövründə belə deyildi: "Mən həm də İslam Universitetində "Azərbaycan tarixi”ni tədris edirəm. Bu Universitetdə "Azərbaycan tarixi” ən azı iki il keçirilməlidir. Çünki siz də bilirsiniz ki, islama yamaq kimi girən təriqətlər ölkəmizdə nə oyun çıxarırlar. Amma bunun müqabilində həmin universitetdə "Azərbaycan tarixi” və "Din tarixi” dərslərinin saatlarını azaldıblar. Tələbələr buna etiraz edirlər. Bu işləri görənlər sanki ölkəni faciəyə sürükləyir. Dəqiq bilirəm ki, bu, planlı şəkildə xaricdən qaynaqlanır. Onlar istəyirlər ki, xalq öz tarixini unutsun və beynəlxalq güclərin yeminə çevrilsinlər. Sizdən xahiş edirəm, bu məsələdə sərt mövqe tutun və qaldırdığım məsələlərlə bağlı elm adamları ilə söhbətlər edin. Sonra da Təhsil Nazirliyinə müraciət edin ki, bu nə siyasətdir həyata keçirir?! Axı Azərbaycan hansısa banan ölkəsi deyil. Bu ölkənin tarixi dünyanın tarixidir. Ölkəmiz ilk insanın formalaşdığı ərazilərdəndir. Dünyaya orta əsrlərdə ən böyük imperiyaları bəxş edib, Demokratik Cümhuriyyəti yaradıb. "Azərbaycan tarixi” saatlarının azaldılması millətə xəyanətdir. Biz bu xəyanətin haradan qaynaqlandığını üzə çıxarmalı və mübarizə aparmalıyıq. Buna görə də mövcud yanlışlıqları ictimaiyyətə düzgün çatdırmaq üçün elmi jurnalistikanın yaranmasının tam tərəfindəyəm. Xahiş edirəm, siz də bu məsələnin müzakirəsini aktuallaşdırın”.
Tarix üzrə fəlsəfə doktoru, APA TV-nin Xəbər müdiri Cavid İsmayıl bunu ilk baxışdan təqdirəlayiq addım hesab edib: "Cəmiyyətdə elmi təbliğ etmək lazımdır ki, gənclərin elmə marağı yaransın. Sözsüz ki, KİV deyərkən ilk olaraq ağla ən güclü silah olan TV gəlir. Amma gəlin görək AMEA rəhbərliyi telekanallara bununla bağlı müraciət etsə, necə qarşılanacaq? Şəxsən mən müsbət qarşılanacağına inanmıram. Kimsə şou-biznesdən gələn gəliri qoyub, gəlirsiz elm sahəsinə efir ayırmayacaq. Əlbəttə, elmi cəmiyyətdə populyarlaşdırmaq lazımdır, bunun yolu isə alimin maddi təminatından gedir. Biz televiziya ekranına çıxanlara ideal kimi baxıldığı sovet cəmiyyətində yaşamırıq. İnternet və kommunikasiya əsri olan 21-ci yüzildə yaşayırıq. İndiki gənclər bizim gənclik dövrümüzlə müqayisədə daha realist və praqmatik baxışlara sahibdirlər. Onlar alim olub pis vəziyyətdə yaşayan qohum-qonşularını görür və haqlı olaraq bunun səbəbini onların elmlə məşğul olmasında axtarırlar. Aliminə, müəlliminə, həkiminə normal maaş verilməyən cəmiyyətdə TV ekranında bütün günü AMEA-dan bəhs edən verilişlər verilsə belə, elmi populyarlaşdırmaq olmayacaq. O zaman bu işə sərf olunan vaxt da itirilmiş zaman sayılacaq. Elmi jurnalistikaya gəlincə, Azərbaycan jurnalistikasının səviyyəsi getdikcə aşağı düşür. Bu da heç şübhəsiz, ölkədə təhsil səviyyəsinin aşağı olması ilə bağlıdır. Heç bir sahədə uğur qazana bilməyənlərin son dayanacağı jurnalistika olur. Elmimizi də o jurnalistlərə tapşırsaq, vay bizim halımıza...”
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb