“Ən böyük vədim həssaslığımdır”

Əflatun Amaşov Saatlının mərkəzində seçicilərlə görüşüb
Oktyabrın 27-də 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun mərkəzində seçicilərlə görüş keçirib. Rayon mərkəzinə yaxın kəndlərin sakinlərinin də qatıldıqları görüşdən öncə toplantı iştirakçıları media nümayəndələri ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılmış abidəsini ziyarət edib, üzərinə çiçəklər düzüblər.
700-ə yaxın seçicinin qatıldığı görüşdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, veteran jurnalistlər Məzahir Süleymanzadə və Oqtay Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deputatlığa namizəd barədə fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, Ə.Amaşovun istər Azərbaycan Mətbuat Şurasının sədri kimi, istərsə də media sahəsində daha öncəki fəaliyyəti nümunəviliyi ilə diqqəti çəkib. Bu keyfiyyət namizədin səmimiliyindən, işgüzarlığından və qayğıkeşliyindən qaynaqlanıb. Topladığı təcrübə də imkan verir ki, o, Milli Məclis kimi mötəbər tribunada təmsilçilik hüququ qazansın. Çıxışlarda Ə.Amaşovun seçicilərin güvənini doğrultmaq üçün əzmlə çalışacağı birmənalı vurğulanıb. Qeyd olunub ki, Ə.Amaşov kimi şəxslərin Milli Məclisdə təmsilçiliyi təkcə bir dairənin seçiciləri deyil, eyni zamanda bütövlükdə ölkə üçün faydalı olacaq. Saatlı camaatının noyabrın 1-də obyektiv seçim edəcəyinə dərin inam hissi ifadə
olunub. Deputatlığa namizəd Ə.Amaşov çıxışına özünün seçki kampaniyası çərçivəsində indiyədək keçirdiyi görüşlər barədə məlumat verməklə başlayıb: "Seçkiqabağı təbliğat-təşviqat kampaniyasına Qarayevkənd kəndindən başladıq. Fürsətdən istifadə edib mənimlə görüşə gələn, fikir və düşüncələrimi dinləyən, müxtəlif məsələlərlə bağlı təkliflərini səsləndirən saatlılılara minnətdarlığımı bildirirəm. Onların səmimiyyəti, xoş münasibəti məni ruhlandırdı. Eyni zamanda məsuliyyət hissimi bir qədər də artırdı. Düşündüm ki, seçici inamını doğrultmaq bir şəxsin ictimai-siyasi xadim kimi cəmiyyətdə nə qədər özünütəsdiqləmək imkanıdırsa, bir o qədər də vicdan məsələsidir. Əlbəttə, həlli mümkün olan və həllini gözləyən məsələlər var. Zənnimcə, hər bir halda münasibətdən çox şey asılıdır. Hesab edirəm ki, deputat seçicisinə münasibətdə həssas olmalıdır. Mənə etimad göstərib Milli Məclisin üzvü olmağım üçün səs versəniz, bunun qarşılığındakı ən böyük vədim həssaslığım olacaq”. Ə.Amaşov Azərbaycanda bütün sahələrdə dinamik islahatların aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlərdə başlıca məqsəd vətəndaş rifahının təmin olunmasıdır. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və zənginləşdirdiyi siyasi kurs da məhz buna söykənir: "Əlbəttə, iş olan yerdə problemlər qaçılmazdır. Ümumən aradan qaldırılması vacib olan çətinliklər qalmaqdadır. Saatlı rayonu da bu baxımdan istisna deyil. Hesab edirəm ki, işlərin yoluna qoyulması deputat-vətəndaş münasibətlərinin səmərəliliyindən asılıdır. Münasibətləri sistemli şəkildə qurmaq üçün seçicilərlə müntəzəm təmaslar şərtdir. Deputat seçiləcəyim təqdirdə sizlərlə daim təmasda olacam. Elə bilirəm ki, münasibətlərimizin sıxlığı çətinliklərin aradan qaldırılmasında effektivlik yaradacaq, bölgənin problemlərinin kompleks həll variantlarını Milli Məclisin komitələrinə, iclaslarına daşıyacaq. Bu, dövlətimiz qarşısındakı xidmətimiz, Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyimiz olacaq”.
Ə.Amaşov bildirib ki, uzun illər media sahəsində çalışan biri kimi kütləvi informasiya vasitələrinin problemlərinin həllinə çalışmaq da qarşısında duran mühüm vəzifələrdəndir: "Media cəmiyyətin güzgüsüdür. Həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev idarəçilikdə medianın rolunun vacibliyini əsaslandıran fikirlərlə çıxış ediblər. Mövcud istiqamətdə fundamental əməli tədbirlər də gerçəkləşdirilib. Güclü media vətəndaşların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına çalışan ən böyük ictimai institutdur. Siz seçicilərin problemləri qəzetlərdə, informasiya agentliklərində, internet saytlarda nə qədər peşəkar şəkildə işıqlandırılsa, həll variantları daha tez tapılar. Media həm də Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğinin ən effektiv yoludur. Buna görə də jurnalist fəaliyyətini stimullaşdıran, kütləvi informasiya vasitələrinin əməkdaşlarının peşəkarlıqlarının artırılmasına yönələn qanunvericilik sənədlərinin qəbuluna ehtiyac var. Etimadınızı qazanaramsa, bu istiqamdə sistemli iş aparacam”.
İsmayıl