“Ənənələr”ə sadiq televiziyaların köhnə stili

Şərt deyil ki, ölkənin 7-dən 77-yə bütün ifaçılarını, aktyor və aktrisalarını əvvəlcədən tərtib edilmiş siyahı üzrə ekrana “daşıyasan”




Yeni il şənlikləri köhnəliyi ilə yadda qaldı. Ölkə televiziyaları hər zamankı "ənənə”lərinə sadiq qalaraq yeni heç nə təqdim etmədilər. Həmişəki kimi müğənni və "gülməli” aktyorlar Yeni il şənliyində iştirak üçün sıraya düzüldü. "A”-dan "Z”yə hər kəs Yeni il proqramlarına dəvət edildi. Hər gün teleməkanda gördüyümüz ifaçılar Yeni il şoularının əsas siması oldu. Həm də heç bir yeniliyə imza atmadan.

Azərbaycan televiziyaları illərlə hazırladıqları proqramları olduğu kimi yenə tamaşaçının önünə çıxardılar. 2016-nın Yeni il proqramları 70-ci illərdə Az.TV-nin hazırladığı "Mavi işıq”dan heç nə ilə fərqlənmədi. Bir gözləntimiz də yoxuydu, zatən. İl boyu yalnız "kopipəst”lərə (həm də bərbad - red.) üstünlük verən telekanallardan bundan artığını gözləməyə dəyməzdi də. Azərbaycan televiziyaları onsuz da tamaşaçılarını itirə-itirə gedir. Hara gedir, özü də bilmir. Azərbaycan insanı yerli telekanalları çoxdan arxivə gömüb. Baxılan ancaq xarici telekanallardı. Ya Türkiyə, ya da Rusiya telekanalları. Xüsusi günlərdə isə tamaşaçı da xüsusi layihələr, xüsusi proqramlar arayır və istədiyini tapmaq üçün də təbii ki, ölkə efiri xaricinə çıxır.

"Ənənə”yə sadiq qalanlar və pozanlar...

Demirik, adını çəkdiyimiz ölkələrin teleməkanlarında qüsurlar yoxdur. Var, əlbəttə. Amma müəyyən dərəcədə. Hər dövlətin bəlli siyasəti var və telekanallar da bəzi hallarda bu siyasətdən yan ötə bilmir. Məsələn, Rusiyanın "Rossiya 1” telekanalı da "Mavi işıq” ənənəsinə sadiq qalır. Özləri elan edir ki, ənənəvi "Mavi işıq” görmək istəyənlər bu telekanaldakı Yeni il proqramını izləsin. Amma məsələ burasındadır ki, tamaşaçıya seçim imkanı da verilir. Bir telekanal ənənə daxilində qalırsa, digərlərinə sərbəstlik verilir. Rusiyanın ictimai kanalı "ORT” Yeni il gecəsini fərqli hazırlamışdı. "ORT” 31 dekabr axşamı "Ostankino”dan və "Qızıl Meydan”dan və "VDNX”-nin buz meydançasından canlı yayımlar təşkil etmişdi. Müğənnilər, aktyorlar canlı yayımla efirə çıxırdılar. İfalar Moskva prospektlərindən, küçələrdən efir bağlantıları, şəhər gəzintisi ilə müşayiət olunurdu. Nəsə bir yenilik, dəyişiklik vardı. "ORT” telekanalı povilyon çəkilişləri etməmişdi. Yalnız canlı yayıma üstünlük verilmişdi. Digər özəl telekanallarda isə baxılan teleseriallar hər zamankı yayımını davam etdirirdi. Özəl telekanalların simasına çevrilmiş proqramlar Yeni il üçün məxsusi layihələr hazırlamışdı.

Türkiyə televiziyaları isə Rusiya telekanalları ilə müqayisədə daha irəli gedib. Qardaş ölkə televiziyonçularının sərbəstliyi, fəaliyyət imkanlarının genişliyi, əslində məhdudiyyətsizliklərini təsdiq edirdi.

"Yılbaşı”na damğa vuran "Tv 8”

Türkiyə telekanallarının peşəkarlığı və xüsusilə də sərbəstliyi özünün pik həddini Tv 8-in yayımlarında göstərdi. Azərbaycanda da ən çox baxılan və sevilən "Acunun kanalı”nda yayımlanan "O səs Türkiyə”nin "Yılbaşı özəl” bölümü Yeni il gecəsinə damğa vurdu. Həqiqətən də özəl bir bölüm idi. Proqram tərtibçiləri həm salondakı, həm də ekran qarşısındakı tamaşaçılara əsl şou hazırlamışdılar. Bir aparıcının 5 nəfər münsiflə möhtəşəm bir şou hazırlaya bilməsinə yalnız qibtə etmək olar. Acun İlıcalı Tv 8 üçün həqiqətən də özəl bir yayın hazırlamışdı və ölkənin bir sıra ünlülərini "O səs Türkiyə”yə yarışmaçı qismində dəvət etməklə möhtəşəm şou-proqram ərsəyə gətirmişdi. "O səs...” layihəsini maraqlı edən onsuz da, münsiflərin səhnəyə çıxanın yalnız səsinə reaksiya vermək imkanına malik olmalarıdır. Hələ "o səs” hansısa bir ünlüyə məxsusdursa, səhnədə necə bir şou yaşanacağını təsəvvür etmək çətin olmasın gərək. Yeni il gecəsi "O səs Türkiyə”də məhz belə bir parlaq şou yaşanırdı... "Survivor” Turabi, basketbolçu, futbolçu, Gürkan Uyqun (Məmati), Aras Bulut İynəmli, Əmrə Kınay, Burcu Kıratlı, Ezgi Mola, Tümer Mətin, Zəfər Algöz, Handə Subaşı... Onların səsinə dönən münsiflərin heyrətli simalarını görmək tamaşaçıya xüsusi zövq verirdi. Sonda da bölümün nəğməli hissəsi. Səhnəni Ebru Gündeşdən dövr alan Murat Boz, Hadisə, Gökhan-Hakan cütlüyü. Bir bayram şousu belə ola bilirmiş demək ki. Şərt deyil ki, ölkənin 7-dən 77-yə bütün ifaçılarını, aktyor və aktrisalarını əvvəlcədən tərtib edilmiş siyahı üzrə ekrana "daşıyasan”. Bayram proqramını sadəcə bir neçə nəfərlə də baxımlı, maraqlı və rəngarəng etmək tamamilə mümkündür. Əlbəttə, pofessionallıq və təbii ki, sərbəstlik varsa. Bu dəfə hətta Türkiyənin rəsmi telekanalı - TRT 1 də ənənəsini pozdu. Adətən "sovet stili” ilə yeni il proqramı düzənləyən TRT 1 özünə əziyyət vermədi. Telekanalın sevimli dizisi "Yeşil Deniz”in özəl bölümünü yayımlamaqla işini bitmiş hesab etdi. Bir çox özəl telekanallar sevilən layihələri ilə efirə çıxdı. "Kanal D” "Bəyaz şou”, "Arka sokaklar”ın özəl bölümü, FOX TV "İnadına aşk”, ATV "Yetər” dizisi ilə, "ŞHOW TV” isə Sibel Canın proqramı ilə tamaşaçılarının yeni ilini təbrik etdi. Necə deyərlər, hər telekanal öz mətbəxində bişirdiyini tamaşaçıya təqdim etdi. Amma əsl şou şəklində. Əfsus ki, Azərbaycan tamaşaçısı illərdir normal bir şou izləməkdən də məhrumdur. Az.TV-ni bir kənara qoyuruq. Bayaq dediyimiz kimi. Bir telekanalın ənənələrə sadiqliyi ümumi teleməkanın aurasını pozmaq iqtidarında deyil. Amma bizim adına müstəqil deyilən telekanallar da nə adi vaxtlarda, nə də bayram günlərində müstəqillik nümayiş etdirə bilir. Boyat kinofilmləri və ötən illərin konsertlərini teleproqram siyasətinə daxil edən telekanallarımız bayram buraxılışını əyinlərinə parıltılı paltar geyinib, boyunlarından parıldayan "yağış” asmaq və ya əllərində oynatmaq, ya da "qar yağışı”nın altında dayanmaq tərzində qavrayan müğənnilərlə qeyd etmək vərdişindən xilas olmağı heç istəmirlər də deyəsən. Bizimkilərin son illərdə etdiyi "yenilik” varlı müğənnilərin evlərinə qonaq getmək, onların ehtişamını ölkə əhalisinə nümayiş etdirməkdir. Bir dost məsləhəti; indiki dövr üçün müğənnilərin var-dövlətini, bahalı villalarını efirdə göstərmək sərfəli deyil. Vergi gəlir...

Səhv etmirəmsə, Az.TV-də də "O səs...” yarışması yayımlanır. Bu yarışmanı yeni il bayram proqramına çevirmək yalnız bir balaca fərasət və bacarıq tələb edirdi. Bəlkə də bizimkilər Türkiyənin Tv 8-dən bu kəşfi də "kopyalayacaqlar” - gələcəkdə. Unutmayın, surətçıxarmalar hər dəfə uğurlu olmur. Onu da gərək bacarasan...

Məlahət Rzayeva