"Ərdoğanın iki güclü rəqibi var "- Seçkilər gərgin keçəcək





"Türkiyədə iyun ayının 24-ü keçiriləcək prezident və parlament seçkiləri çox gərgin və eyni zamanda maraqlı olacaq”.

Bunu "Sherg.az”a politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, Türkiyə tarixində son on illərdə güclü namizədlərin indiki kimi bir-biri ilə rəqabət aparması müşahidə olunmayıb:

"Hazırkı duruma görə, Rəcəb Tayyib Ərdoğanın reytinqi zəifləyir. Digər namizəd Meral Akşenerin reytinqi isə ötən ildən etibarən durmadan artır. O hətta Cümhuriyyət Xalq Partiyasının (CHP) reytinqindən də yüksəkdir.

Rəcəb Tayyib Ərdoğanın iki güclü rəqibi var: Meral Akşener və Muhərrəm İncə. Ona görə, Türkiyədə prezident seçkilərinin ikinci turunun keçiriləcəyini istisna etmək olmaz. Ən gərgin keçəcək mərhələ də məhz ikinci tur olacaq.

Digər namizədlərdən fərqli olaraq, Ərdoğanın yerli resursları, texniki dayaqları möhkəmdir. Burada dövlət idarəçiliyi təcrübəsi, inzibati amil, yerlərdə olan təşkilati baza əsas rol oynayır. Bütün bu parametrlərinə görə, Ərdoğanın üstünlüyü seçilir və şansı daha çoxdur”.

Qeyd edək ki, prezident seçkilərində iştirak edəcək namizədlər prezident Rəcəb Tayyib Ərdoğan, Yalovanın millət vəkili Muharrem İncə, İstanbuldan millət vəkili Səlahəddin Dəmirtaş, İYİ partiyasının baş katibi Meral Akşener, Səadət Partiyasının baş katibi Temel Karamollaoğlu, Vətən Partiyası baş katibi Doğu Perinçekdir.

Aysel Aslan