Türkiyə valyutasının dəyər itirməsi siyasi amillərlə əlaqədardır
Son günlər türk lirəsi ABŞ dolları qarşısında kəskin şəkildə dəyərini itirməkdədir. Vəziyyəti nəzərə alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarına çağırış edərək, sistem xaricində saxlanılan pulların banklara əmanət edilməsini istəyib. Ərdoğan lirənin kəskin dəyər itirməsinin qarşısının alınması üçün digər valyutada olan pulların lirəyə keçirilməsi çağırışını edib:
"Gəlin, Türkiyənin iqtisadiyyatını valyuta üzərində sarsıtmağa çalışanlara birlikdə dərsimizi verək”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, türk lirəsinə qarşı həyata keçirilən kampaniyanın arxasında xarici maliyyə lobbiləri və bir sıra müsəlman dövlətləri dayanır. XİN başçısı bildirib ki, bu qüvvələr 15 iyul hadisələrində öz məqsədlərinə nail ola bilmədikləri üçün, Türkiyə iqtisadiyyatını çökdürə biləcək digər yollara əl atırlar. Yerli ekspertlər də bəyan ediblər ki, türk lirəsinin ucuzlaşması təkcə daxili iqtisadiyyatla bağlı olan məsələ deyil.
Qardaş ölkədəki durumu "Şərq”ə şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, türk lirəsinin dəyərdən düşməsinin iqtisadi və siyasi səbəbləri var. İqtisadçının fikrincə, türk lirəsinin dollara nisbətdə dəyərdən düşməsi birbaşa siyasi amillərlə bağlıdır:
"Düzdür, Türkiyə iqtisadiyyatında müəyyən sahələr üzrə geriləmələr müşahidə olunur. Xüsusən, xarici ticarətdə tədiyyə balansında mənfi tendensiyalar var. Bunlar təbii olaraq, milli valyutanın xarici valyutaya qarşı məzənnədən düşməsini şərtləndirə bilər. Amma lirənin birdən-birə bu tempdə ucuzlaşması, bir dolların beş lirəyə bərabər olması sırf daxili iqtisadi amillərlə bağlı deyil. Bu məsələdə siyasi amillərin, əsasən də dövlət başçısının müvafiq siyasi tonda çıxış etməməsinin mühüm rol oynadığı hamıya məlumdur. Təəssüflər olsun ki, bəzən siyasətçilər siyasi məsələlərlə iqtisadi reallıqları biri-birindən ayıra bilmirlər”.
Ekspertin sözlərinə görə, bu və ya digər valyutadan istifadə etmək, əhalini iqtisadi addımlar atmağa səsləmək müsbət effekt verə bilməz:
"Başqa ölkələrin təcrübəsi və mövcud reallıqlar bu cür addımların nəticəsiz olduğunu sübut edib. Əlbəttə, Türkiyədə iqtisadi vəziyyətin pisləşməsi bizi çox narahat edir. Azərbaycanın iqtisadiyyatın bütün sahələri üzrə ən sıx bağlı olduğu ölkələrdən birincisi Türkiyədir. O səbəbdən Türkiyə iqtisadiyyatında mühaşidə olunan tendensiyanın qarşısı alınmazsa, bu, avtomatik olaraq Azərbaycan üçün də problem yarada bilər”.
İsmayıl