Ərdoğanın müşaviri: "Biz Rusiyadan "S-400" alacaq dediksək, alacağıq"

"ABŞ Türkiyəni hələ yaxşı tanımır"


 "Türkiyə müstəqil ölkədir və özünümüdafiı mələsində qərarını özü verir". Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Fuat Oktay deyib.

O bildirib ki, ölkəsinin havadan müdafiə sisteminə ehtiyacı yarandığı üçün Rusiyadan "S-400" zenit-raket kompleksi almağa qərar verib: "Türkiyə hansısa bir anlaşmaya imza atırsa, sözünün üstündə dayanır. Biz "S-400" alacaq dediksək, alacağıq".

"ABŞ-ın bununla bağlı bizi sanksiya ilə hədələməsi Türkiyəni tanımadıqları deməkdir. Heç kim bizə qarşı təhdid dilində danışa bilməz. Türkiyə sıradan bir ölkə deyil, bölgənin təhlükəsizlik nöqtəsidir" - deyə F.Oktay vurğulayıb.

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.