Ərdoğanın qarşısında xeyli suallar var

İstanbula İmamoğlu sahiblənsə böyük planları həyata keçirmək zor olacaqƏrdoğan yaxşı anlayır ki, builki bələdiyyə seçkiləri ona bir növ mesaj idi
Türkiyədə bələdiyyə seçkiləri başa çatsa da, İstanbulla bağlı Ali Seçki Qurumunun son qərarı açıqlanmayıb. Bunun səbəbi hakim AKP-nin seçkinin nəticələri ilə bağlı ASK-ya şikayət etməsi olub. Hakim partiyanın müraciətindən sonra səslərin bir hissəsi yenidən sayılmağa başlayıb.
"Hətta səs fərqi 1 nəfər olsa belə qərar qəbulumuzdur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səslərin yenidən sayılmasına münasibət bildirərkən AKP-nin İstanbuldakı seçki qutularına nəzarətində qüsarların ola biləcəyini deyib. Prezident İstanbuldakı bələdiyyə seçkisində səsvermə zamanı saxtakarlıqlara yol verildiyi iddialarını istisna etməyib: "Bu məsələni sonuna qədər izləyəcəyik. Şübhəli məqamlar saxtakarlıq olduğunu göstərir. Əslində səmimi davranış olsa, bu, seçkinin ləğvinə aparar”. Ərdoğan bildirib ki, namizədlər arasındakı 13-14 min səs fərqi onlardan çox səs toplayanın bələdiyyə sədrliyinə mane olmur: "Gəlin, şübhələri aradan qaldıraq, Ali Seçki Qurumu qərarını verəndən sonra bu iş bitsin. Amma bunlar etirazı həzm edə bilmirlər. Niyə etiraz etməyək? İstanbul kimi şəhərdə namizədlər arasında başlanğıcda 30 min olan səs fərqi etirazlardan sonra 13 minə düşür. İndi bunun başını buraxaq? Etirazlar davam etməlidir ki, ASK son qərarını versin. Hətta səs fərqi 1 nəfər olsa belə qərar qəbulumuzdur”.
Görüşün nəticəsi nə oldu?
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz iqamətgahında Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşüb. Seçkidən sonra ilk dəfə görüşən liderlər İstanbulda bələdiyyə seçkilərinin nəticələrini müzakirə ediblər. Təxminən 30 dəqiqəlik görüşdən sonra mediaya heç bir açıqlama verilməyib.
"Şübhə ortadan qalxacaq...”
AKP-nin sədr müavini Ali İhsan Yavuz hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayıb: "İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik. Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrinə çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik”. Bir jurnalistin "ASK seçkinin təkrar keçirilməsi tələbəni rədd edərsə, nə edəcəksiniz” sualına cavab olaraq qurumun qərarına hörmətlə yanaşacaqlarını bildirib: "Amma şübhə ortadan qalxacaq". MHP də hakim partiyanın İstanbulda təkrar seçki keçirilməsi tələbini dəstəkləyib: "Seçkilərin təkrar keçirilməsi demokratiyanın tələblərindən biridir. İctimai qarışıqlıq əvəzinə, seçki qutularına yenidən gedib, Türkiyənin sabitliyini təmin etmək daha məntiqlidir. Vicdanı sakit qoya biləcək yeni bir seçki düşünülə bilər”.
İstanbulun yeni başçısı bəllidir...
İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun mətbuat katibi Murad Onqun Türkiyə Mərkəzi Seçki Komissiyasının son məlumatını elan edib. Məlumata görə, İstanbul üzrə etibarsız səslərin sayı 318 min 222 olub. Artıq 57 qutudakı etibarsız hesab edilən səslərin 97 faizi sayılıb. Son məlumata görə, CHP-nin namizədi Əkrəm İmamoğlu rəqibi, AKP-nin namizədi Binəli Yıldırımdan 14 198 fərqlə öndədir.
"Kənardan səsverməyə insanların gətirilməsi və onlara sənədlərin verilməsi faktları var”
Türkiyə Daxili işlər naziri Süleyman Soylu bələdiyyə seçkilərində müxalifətin Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyini suçlamasına sərt münasibət bildirib: "Cənab Kamal Kılıcdaroğlunun cahilcəsinə verdiyi açıqlamaları izləyirəm. Dövlət qurumlarının qapısından içəri girməmiş insanların açıqlamaları ilə üz-üzəyik. Dövlətdə vəzifədə olmuş bu insanların ən kiçik məlumatları xalq qarşısında bu cür qiymətləndirmələri ya cahillik, ya da pis niyyətlidir. Seçkini idarə edən qurum YSK-dır. Seçki vaxtında hər şeyə əl qoyma səlahiyyətinə malikdir. İstanbulun Böyükçəkməcə rayonunda baş vermiş saxtakarlıq da üzə çıxıb. Özü də bunu YSK üzə çıxardıb. Bu hadisə öncədən planlaşdırılıb və seçkiyə yönəlik olub. Bunu edən hazırkı bələdiyyə sədrlərinin yaxınlarıdır. Bu artıq hüquqi məsələdir. Kənardan səsverməyə insanların gətirilməsi və onlara sənədlərin verilməsi faktları var. Mən həyatımda 201 rəqəminin sıfır yazıldığı və bunun çox yerlərdə olduğu bir seçki görməmişəm. Türkiyədə belə bir seçki olmayıb. İstanbuldakı seçkilərdə mübahisələrin kəsilməsi üçün seçkilərin təkrarlanması lazımdır. Seçkinin təkrarlanması mübahisələri də bitirəcək”.
"Artıq Türkiyədə yeni dönəm başlayıb”
Siyasi ekspert Rusif Məmmədsoy "Şərq”ə deyib ki, hakim partiyanın İstanbulda seçkilərin yenidən keçirilməsini tələb etməsi müəyyən səbəblərlə bağlıdır: 
"Rəcəb Tayyib Ərdoğanın İstanbulla bağlı olduqca böyük planları vardı. Bunu CHP nümayəndəsi ilə edə biləcəkmi? Çox maraqlı, eyni zamanda qəliz sualdır. Yəni burada İmamoğlu Ərdoğan üçün maneədir. Bundan əlavə Ərdoğan İstanbul seçkilərinə sabiq baş nazir Binəli Yıldırımı təyin etmişdi. Onun məğlub olması isə partiya nüfuzuna olduqca böyük zərbə idi. Bu mənada AKP-nin canfəşanlığını başa düşmək olar. Hətta MHP-ni də buraya aid edə bilərik. Artıq Türkiyədə yeni dönəm başlayıb. MHP-nin reytinqi olduqca aşağı düşüb. Bu səbəbdən də AKP ilə əməkdaşlıq onu ayaqda saxlayan yeganə amillərdən biridir. Prezident seçkiləri zamanı qurulan ittifaqlar MHP üçün həmin dövrdə müsbət nəticə versə də, bundan sonrakı dövr üçün bunları söyləmək bir qədər çətindir”.
AKP rəhbərliyinə mesaj verildi...
Ekspertin bildirdiyinə görə, Ərdoğan yaxşı anlayır ki, builki bələdiyyə seçkiləri ona bir növ mesaj idi: "Düşünürəm ki, bunun da əsas səbəbi iqtisadi vəziyyətlə bağlıdır. Çünki Türkiyə və ABŞ münasibətlərinin korlanmasından sonra ölkədə iqtisadi böhran başladı. İşsizlərin sayı statistikada göstərildiyi kimi olduqca artıb. Ərdoğanı narahat edən əsas məsələlərdən biri də budur. Ərdoğan bundan sonra əlindən gələni edəcək ki, ABŞ ilə əlaqələr əvvəlki kimi olsun. Bu isə olduqca çətindir. Çünki "S-400” məsələsi iki ölkəni bir-birinə düşmən edib. Ərdoğanın Kremlə səfəri də maraqla gözlənilirdi. Birgə mətbuat konfransında açıqlama verərkən bildirildi ki, iqtisadi əlaqələr daha da möhkəmlənəcək. Belə olduğu halda Ərdoğan ABŞ-dan ilk addım gözləyir. Ən azından "S-400” məsələsində güzəştə gedilməsini arzu edir. Bu isə NATO ölkəsi ABŞ-ın maraqlarına cavab vermir.
İstənilən halda hələki hadisələr Rusiyanın istəyinə və milli maraqlarına uyğun məcrada davam edir”.
İsmayıl