Ərdoğanın təklifi DƏSTƏKLƏNDİ : "Bu sözün arxasında durmasını..."




"Türkiyə Prezidentinin təklifinə çox böyük ehtiyac var”.

Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması haqqında təklifinə münasibət bildirərkən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 

O bildirib ki, yaradılacaq universitetin qərargahının Türkiyədə olması daha məqsədəuyğundur:

"İnanıram ki, Türkiyə prezidenti özəlliklə İstanbulda universitetin yaradılmasını təmin edəcək. Buna çox böyük ehtiyac var. Neçə illərdir, bəlkə də Azərbaycan müstəqilliyini qazandığı gündən bu yana ziyalılarımız və milli təfəkkürü olan insanlarımız təklif edirdi. Nə yaxşı ki, R.T.Ərdoğan bu təklifi işıqlandırıb. Xeyirli, uğurlu olsun! Bu sözün arxasında durmasını, türk ölkələrinin də buna dəstək verməsini arzu edirik”.

Qeyd edək ki, Türkiyə lideri belə bir vahid universitetin yaradılmasının türkdilli ölkələrin marağına cavab verdiyini diqqətə çatdırıb. Prezidentin sözlərinə görə, bütün türkdilli ölkələr, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə daxil olmaqla yeni universitetin təsisçiləri ola bilərlər.

Aysel Aslan