Türkiyə seçki mədəniyyəti ilə dünyaya nümunə olduMüxalifət səsvermənin nəticələrini tanıdı, qalibi təbrik etdi

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin nəticələri tam olaraq açıqlanıb. Səsvermənin yekununa görə, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası da seçicilərin etimadını qazanıb. Ali Seçki Komissiyasının sədri Sədi Güvənin məlumatına əsasən, ölkə üzrə 59 milyon 354 min 840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub. Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi "Cümhur İttifaqı” birinci yeri qazanıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-ünü Ədalət və İnkişaf Partiyası qazanıb. Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 45-i isə İYİ Partiyanın payına düşüb.
Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, "Cümhur İttifaqı”nda birləşən AKP-MHP cütlüyü yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər.
Ərdoğana ilk təbrik Azərbaycan Prezidentindən gəlib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev olub. Dövlət başçısı Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev bildirib ki, Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Ölkə rəhbəri İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
"Türkiyə dünyaya demokratiya dərsi verdi”
Seçkinin ilkin nəticələri açıqlandıqdan sonra Türkiyə Prezidenti Ərdoğan seçicilərə təşəkkür edib. Tərəfdarları qarşısında çıxış edən Ərdoğan daha qətiyyətlə və inamla yola davam edəcəyini bildirib: "Millətimiz növbəti dəfə prezidentlik səlahiyyəti verdi. Sevgili millətim, dəyərli tərəfdaşlarım. Millət üzərinə düşəni etdi, ölkəmizə istiqamət göstərdi. Bizim daha sıx çalışmaq vaxtımızdır. Artıq seçki dövründəki mübahisələri, gərginlikləri və küskünlükləri arxada qoyaraq, ölkəmizin gələcəyinə baxmaq zamanıdır”. Ərdoğan seçkilərdə seçicilərin 90 faizinin iştirak etməsini dünyaya önəmli mesaj kimi qəbul etdiyini bildirib: "Türkiyə dünyaya 90 faizə yaxın seçici fəallığı ilə demokratiya dərsi verdi”.
Dünya liderləri Ərdoğanı qələbə münasibəti ilə təbrik ediblər
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yenidən prezident seçilməsi münasibətilə təbrik teleqramı göndərib. Kremldən yayılan məlumata görə, Rusiya dövlət başçısı səsvermənin nəticələrinin Rəcəb Tayyib Ərdoğanın böyük siyasi nüfuzunun göstəricisi olduğunu deyib. İran Prezidenti Həsən Ruhani də həmkarı Ərdoğanı qələbə münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar və xoşbəxtlik arzulayıb: "Allahdan dost və qardaş Türkiyə xalqının səadət və xoşbəxtliyi üçün dua edirəm”. NATO-nun baş katibi Stoltenberq də Ərdoğana təbrik məktubu göndərib: "Türkiyə liderini təkrar rəhbər seçilməsi münasibəti ilə təbrik edirəm. Türk xalqı seçkilərə yüksək əhval-ruhiyyə ilə qatıldı. Bu, böyük irəliləyişdir. Türkiyə NATO-nun ən yaxın müttəfiqidir və terrorla mübarizədə önəmli rola sahibdir”. Avropa Birliyinin rəsmiləri də Türkiyədəki seçkini tanıdıqlarını və Ankara ilə əlaqələrin davam etməsini istədiklərini bildiriblər. AB sözçüsü Marqaritis Şinas deyib ki, onlar Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük gücə çevriləcəyinə əmindirlər. Eyniylə Almaniya və İngiltərə də yeni Türkiyə ilə sıx əməkdaşlıq edəcəklərini bəyan ediblər.
Baxçalı hamıya meydan oxudu...
MHP başqanı Dövlət Baxçalı gizli tələləri qırdıqlarını, bəzi rəqiblərin gözləntilərini gözlərində qoyduqlarını, Türkiyəni xaosa çəkmək istəyənlərin ümidlərinin puç olduğunu bildirib. Onun sözlərinə görə, hörmətli Ərdoğan seçkilərin birinci turunda qazanmaqla, Türkiyəni xaosa sürükləmək istəyənlərin ümidlərini darmadağın etdi: "MHP böyük bir uğura imza ataraq, Millət Məclisində layiqli millət vəkili sayı qazandı və çoxlarının barajla bağlı proqnozlarını alt-üst etdi. Biz hər şeyi gözə alaraq, millətimiz və Türkiyəmiz üçün əlimizi daşın altına qoyduq. Millətimə təşəkkür edirəm ki, bu fədakarlığı qiymətləndirdi”. Baxçalı yeni sistemdə Türkiyənin hədəflərinə doğru irəliləməsi üçün nə lazımdısa, edəcəklərini bəyan edib.
Məhərrəm İncə Ərdoğanı təbrik edib
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə hakim Ədalət və İnkişaf Partiyasının sədri və prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib. İncə iyunun 25-də keçirdiyi mətbuat konfransında seçkinin nəticələrini qəbul etdiyini bildirib: "Məni heç kim hədələməyib. Bu, bəzi şizofrenlərin iddiasıdır. 15 milyon yurddaşım mənə səs verdi. 15 milyon səs verirsə, bunu 30 milyon da edə bilər. Bu istiqamətdə fəaliyyət göstərəcəyəm. Seçkinin nəticələrini qəbul edirəm”. CHP-nin İstanbul millət vəkili İlhan Kesici də seçkidə qalib olan prezident Rəcəb Tayyib Ərdoğana təbrik mesajı göndərib. Kesici "Twitter” ünvanından bunu yazıb: "Seçki nəticələri vətənimiz, dövlətimiz, millətimiz və xalqımız üçün xeyirli, uğurlu olsun. Ən başda cənab prezidentimiz olmaqla, qalibləri, seçkiyə qatılan hər kəsi və çox yüksək iştirakla səsvermədə iştirak edən bütün vətəndaşlarımızı can və könüldən təbrik edirəm”.
İncədən Ərdoğana sensasiyalı müraciət
Məhərrəm İncə deyib ki, 15 milyon vətəndaş ona səs verib. İlk hədəfi bu rəqəmi 30 milyona yüksəltməkdir: "15 milyon insan səs verirsə, qısa zaman ərzində 30 milyon da ola bilər. Bunun üçün çalışacağam. Bunu hər kəs bilsin. Cənab Ərdoğan, lütfən, artıq AKP sədri kimi davranmayın. Mənim şüarımı istifadə etməyinizi tövsiyə edirəm. Artıq hamımızın prezidenti olun. Seçkinin nəticələrini də qəbul edirəm. Əgər bir yarışa girərkən qarşıdakını təbrik eləmirsinizsə, yarışa girməyin. Yenidən hazırlanmalısınız. Arada 10 milyon fərq var, bunları görmək istədim. Nə qaçmışıq, nə də təhdid edilmişik”.
"Millətin seçimi budur, hörmət etmək məcburiyyətindəyik”
Türkiyədəki seçkilərə müxalif "Millət İttifaqı”nın tərkibində qatılmış Səadət partiyasının sədri Təməl Karamollaoğlu nəticələrin gözlənilməz olduğunu deyib. Buna baxmayaraq, millətin seçiminə hörmət etdiyini bildirib: "Millət belə düşünüb və biz də bu seçimə hörmət etmək məcburiyyətindəyik. Bundan sonra fəaliyyətimizi davam etdirəcəyik. Burada fəaliyyətimizi dayandırası deyilik”.
CHP-lilər etiraz - Partiya rəhbərliyinin istefasını tələb edirlər
Türkiyədə prezident və parlament seçkilərinin nəticələrindən narazı qalan CHP-nin əsasən gənclər təşkilatları partiya rəhbərliyinə yaxşı seçki kampaniyası təşkil etmədiklərinə etiraz olaraq aksiya keçiriblər. CHP Mərkəzi qərargahının önünə toplaşan bir qrup partiya üzvü və gənclər seçkinin yekun nəticəsindən narazı qaldıqlarını bəyan ediblər. Partiya üzvləri yaşanan məğlubiyyətinin səbəbini partiya rəhbərliyində gördüklərini ifadə ediblər. Nəticədən narazı qalan CHP-lilər partiya rəhbərliyinin əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar CHP rəhbərliyinin istefasını tələb ediblər.
Azərbaycanda yaşayan türklərin əksəriyyəti Ərdoğana səs verib
Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində baş tutan səsvermənin nəticələrinə görə, Türkiyə vətəndaşlarının 38,5 faizi Rəcəb Tayyib Ərdoğana səs veriblər. CHP-nin namizədi Məhərrəm İncə isə 33 faiz səs qazanıb. Türkiyənin Gəncə və Naxçıvan şəhərlərindəki Baş Konsulluqlarında seçki məntəqələrində Ərdoğan daha çox səs toplayıb. Parlament seçkilərinin nəticəsinə əsasən də, 31,7 faiz səslə AKP qələbə çalıb.
Həbsdə olan FETÖ-çular kimə səs verdi?
FETÖ üzvlərinin də həbs həyatı yaşadığı Sincan və Silivri həbsxanalarında keçirilən səsvermə prosesində CHP-nin namizədi Məhərrəm İncə hamıdan çox səs toplayıb. İncə həbsxanalarda 2 min 926 səs qazanıb. Sözügedən həbsxanalarda Rəcəb Tayyib Ərdoğana 755 səs gəlib.
Türkiyə parlamentinin ən gənc üzvü bəlli oldu
Türkiyə Böyük Millət Məclisinə seçilən ən gənc millət vəkilinin adı bəlli olub. 22 yaşlı gənc qız Türkiyədəki parlament seçkilərində qələbə çalaraq ən gənc millət vəkili adını qazanıb. Həmin millət vəkili Mərmərə Universitetinin tələbəsi 22 yaşlı Rümeysa Kadakdır. Rümeysa Kadakın namizədliyi 3-cü İstanbul bölgəsindən AKP-dən irəli sürülüb. Kadak prezident Ərdoğanın diqqətini bir mükafat təqdimatı zamanı çəkib. Öz hərəkəti ilə ölkə başçısını heyran edən bu tələbə qız, bu sayədə AKP-dən deputat seçilməyi bacarıb.
Türkiyə parlamentində azərbaycanlı millət vəkilləri...
Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə İğdırdan azərbaycanlı Yaşar Karadağ millət vəkili seçilib. Yaşar Karadağ MHP-nin siyahısından millət vəkili adını qazanıb. Karadağ 1976-cı ildə İğdırda anadan olub və Atatürk Universitetinin coğrafiya müəllimliyi fakültəsini bitirib. Növbədənkənar parlament seçkilərində əslən azərbaycanlı Şamil Ayrım da qalib gəlib. Şamil Ayrım İstanbul millət vəkili olub. Ayrım bildirib ki, daim Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafı üçün çalışacaq.
Türkiyənin məşhur futbolçusu millət vəkili seçildi
Türkiyədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinin üzvü seçilənlər arasında ölkənin tanınmış idmançıları da var. Türkiyənin məşhur futbolçusu, ölkə millisinin sabiq üzvü Alpay Özalan və motosikletçi Kenan Sofuoğlu millət vəkili seçiliblər. Özalanın və Sofuoğlunun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası irəli sürüb. Keçmiş futbolçu İzmirdən millət vəkili seçilib. Sofuoğlu isə Böyük Millət Məclisində Sakaryanı təmsil edəcək.
İsmayıl