Erməni terrorçunun abidəsinə verilən reaksiya bu qədər gecikməməli idi





Qonşu ölkədə baş verənləri "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə məsələyə fərqli yanaşıb. Ekspert bildirib ki, Gürcüstanda çoxsaylı soydaşlarımız yaşayır və sosial-siyasi aktivlik nümayiş etdirirlər. Bəziləri isə yaşadıqları regionda kifayət qədər tanınmış və nüfuzlu adamlar sayılır: "Erməni terrorçunun abidəsinə verilən reaksiya bu qədər gecikməməli idi. Sözün açığı, bu məsələdə yubanma bir az anlaşılmazdır. Məlum abidə ilə bağlı proseslər uzun zamandır gedir, ona görə də sərt reaksiyalar, etirazlar dərhal çoxdan başlamalı idi. 

Digər tərəfdən ermənilər Buğaşen kəndində bir cəlladın heykəlini ucaldanda birbaşa erməni dövlətindən yardım almayıblar. Bəlkə də gizli yolla dəstək görüblər, amma açıqdan-açığa yardım edilməyib. Yəni Gürcüstanda yaşayan yerli erməni icmasının təşəbbüsü ilə terrorçuya abidə qoyulub. Ancaq qonşu ölkədə yaşayan soydaşlarımız indiyə qədər hansısa bir azərbaycanlı məşhurun heykəlini qoymayıblar. 

Borçalının özündən o qədər nüfuzlu, qəhrəman adamlar çıxıb ki. Qarabağ döyüşlərində Borçalıdan xeyli adam vuruşub, şəhid olublar. Niyə onlardan heç birinin heykəli, büstü ucaldılmayıb? Soydaşlarımız buna təşəbbüs ediblərmi? Abidə qoymağımıza kimsə mane olubmu? Dövlətləri və hökumətləri kənara qoymaq lazımdır, çünki müəyyən münasibətlər var. Amma yerli icmaların bu işləri görməsində heç bir əngəl yoxdur”.


İ.Vəlizadənin fikrincə, aksiyaları da gecikmiş sayılır: 

"Düşünürəm ki, diasporamızın üzərinə ciddi məsuliyyət düşür. Onlar vaxtında Azərbaycanın lehinə olan proseslərlə maraqlanmalı və bunun qarşısını almağa çalışmalıdırlar. O ki qaldı Gürcüstan hakimiyyətinin addımlarına, burda da anlaşılmazlıq var. İndiyə qədər Gürcüstan əleyhinə vuruşmuş, mübarizə aparmış heç bir şəxsin Azərbaycanda abidəsi yoxdur. Əgər biz buna şərait yaratsaydıq, Tbilisinin reaksiyası necə olardı? 

Əlbəttə, sərt münasibət bildirərdilər. Belə hadisələr baş verəndə rəsmi şəkildə notalar verilməli və bəyan edilməlidir ki, təxribatçı hərəkətlərə şərait yaradılması ikili münasibətlərə zərbə vurur. Mövcud kanallardan ya istifadə etmirik, ya da çox gec yararlanırıq. İstənilən halda mütləq cavab verilməlidir, əks halda arzuolunmaz hadisə yenidən təkrarlana bilər. Münasibətlərin normal qalması üçün o heykəl orada qalmamalıdır”.

İsmayıl