Tatyana Borzovanın İrəvanda qarşılaşdığı mənzərə tanışdır
"Ermənistan hələ sovet dövründə digər millətləri öz ərazisindən sıxışdırıb çıxaran və ya özünə tabe edən mono respublika idi. İndi isə vəziyyət daha da acınacaqlıdır. Son 10 il ərzində bu ölkədən köçənlərin 64 faizi rusdilli əhalidir.
Bundan başqa, Ermənistanda əsrlərlə yaşayan azərbaycanlılar, gürcülər, belaruslar, ukraynalılar da bu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Hazırda Ermənistan "Kim erməni deyilsə, zəhmət çəkib bizim əraziləri tərk etsin!” siyasətini yürüdür”. Bu barədə Avrasiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Tatyana Borzova bildirib. Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən rusdilli əhali kütləvi şəkildə köçür: "İnstitutun Dağlıq Qarabağdakı rusdilli icma ilə telefon vasitəsilə apardığı sorğunun nəticələri göstərib ki, son bir ildə bu bölgəni min rusdilli ailə tərk edib”.
Ermənistana səfərindən danışan T.Borzova vurğulayıb ki, rusdilli mətbuatda yazılanlarla Ermənistandakı vəziyyət arasında böyük fərq var: "Mən Ermənistanda sovet dövründə də olmuşam. Ancaq budəfəki səfərim məni şok vəziyyətinə saldı. Hətta Amerikada belə mənə yolu göstərə biləcək rusdilli yerli sakin tapmaq çətin deyildi. Ermənistanda bununla bağlı çox böyük problemlərim oldu. Bu ölkədə rus dilində danışan qonağa olduqca pis münasibətlə rastlaşdım”.
Təşkilat sədrinin fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, Sovet dövründə də belə idi. Gürcüstanda və Ermənistanda rus dilində nəsə soruşanda cavab vermirdilər: "Bu, həmin xalqların qatı millətçiliyindən irəli gəlir. Onlar müstəqilliyə nail olduqdan sonra daha da radikal millətçilik ideologiyasına qapıldılar. Bu səbəbdən də T.Borzova Ermənistanda özünə həmsöhbət tapa bilməyib. Ermənistanda millətçiliyin davakar forması yaranıb. Ermənilər rus və başqa dillərdə danışan adam görəndə, ona nəinki ikrah hissi ilə baxırlar, az qalırlar ölkələrindən qovsunlar. Hazırda ruslar erməniləri qanadları altına alıblar. Onlar elə hesab edirlər ki, ermənilər mədəni xalqdır. Ancaq düşünmürlər ki, erməni rusa nifrət edir. Əslində ermənilər heç zaman müasir sivilizasiyanın nailiyyətlərindən bəhrələnməyib”.
Ekspertin qənaətincə, ermənilərin bü cür davranışları erməni naturasının kimliyini ortaya qoyur: "Ruslar və başqa xalqlar onların bu millətçiliklərini dərk edib, onların Azərbaycan torpaqlarını işğal etməsini dəqiq anlamalıdır”.
Q.Hüseynli hesab edir ki, Ermənistanda Dağlıq Qarabağ ermənilərinin rolu böyükdür, amma həlledici deyil: "Yenicə danışmaq istəyən uşağın qulağına anası "türk sənin düşmənindir” sözlərini pıçıldayırsa, onu bu ruhda tərbiyə edirsə, əlbəttə, həmin uşaq millətçi olacaq. Bir sözlə, ermənilər kor bir zehniyyətin daşıyıcılarıdır. Başqa millətlərlə, xalqlarla açıq deyillər. Həmişə də elə bu dünya görüşündə qalacaqlar. Xəstə millətdir”.
Ayyət Əhməd