"Ermənilər yaşlı insanlara, uşaqlara atəş açır" - Beynəlxalq hüquq işə salınmalı






"Ermənilərin ölkədə olan hakimiyyət böhranını pərdələmək, Nikol Paşinyanın yarıtmaz siyasətini ört-basdır etmək üçün cəbhədə vəziyyəti gərginləşdirməsi, mülki əhalimizə atəş açması ilk belə hal deyil”.

Bu barədə "Sherg.az”a tarix üzrə elmlər doktoru, professor Həvva Məmmədova bildirib. 

O vurğulayıb ki, ermənilərin dinc əhaliyə atəş açması, sakinlərin mal-qarasını, texnikasını məhv etməsi vandalizm faktlarına daxildir:

"Cəbhə bölgəsində yaşayan insanlar təsərrüfat işlərini çox ağır şəraitdə aparırlar. Gecələr, qaranlıqda bağ-bostan becərməyə çalışırlar. Görün, ermənilər nə qədər vəhşidir ki, yaşlı insanlara, uşaqlara atəş açırlar. Bu sanki onların sıradan adətləridir.

Ermənistan bu gün ağır vəziyyətdədir. Onlar görüntü yaradırlar ki, müharibə şəraitində yaşaması, status-kvonun dəyişməməsi sanki düşməni qane edir. Amma erməni xalqı bundan məmnun deyil. İqtisadi problemlər, ölkə rəhbərliyinin yarıtmaz siyasəti, Ermənistanda xaosun baş qaldırması əhalinin ölkəni tərk etməsi ilə nəticələnir”.

Azərbaycanda 2018-ci ilin "Cümhuriyyət ili” elan olunduğunu xatırladan H.Məmmədova vurğulayıb ki, bu, Ermənistanı ciddi narahat edir:

"Xüsusilə, ötən gün açılış mərasimi keçirilən "Cənub Qaz Dəhlizi"ni vurğulamaq istəyirəm. Ölkəmizin bu cür beynəlxalq əhəmiyyətli, iri layihələrdə çıxış etməsi düşmən tərəfindən təbii ki, müsbət qarşılanmır. Ermənistanın regionla layihələrdən kənarda qalması onun iqtisadi göstəricilərinin daha da aşağı düşməsinə gətirib, çıxarır.

Prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri dəfələrlə münaqişənin həllində hərbi üsulun tətbiq edilməsindən danışıb. Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmasa biz müharibə ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bu qətiyyətimiz isə düşməni vahiməyə salır.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, atəşkəsin təmin edilməsi, mülki əhalinin təhlükəsizliyinin qorunması barədə beynəlxalq hüquq konvensiyaları mövcuddur. Ermənistan buna məhəl qoymur. Hesab edirəm ki, beynəlxalq hüquq öz işini görməli, dinc əhaliyə qarşı soyqırımı törədən, yaşlılara, uşaqlara atəş açan Ermənistan cavabını almalıdır”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub. Mayın 29-da səhər saatlarında Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutulub.
Düşmən təxribatı nəticəsində xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Aysel Aslan