“Ermənilərdən başqa hamını çox istəyirəm”

"Uşaq odası”. Bu rubrikada bir az rahatlıq tapıb, dincəlmək də olar. Ölkənin  ictimai-siyasi təlatümlərindən azca kənara çəkilib o odada gül fidanların şirin danışıqlarına şahid olmaq xoşbəxtlikdir. Onların düşüncələri də bəzən həyatımızın bir parçasına çevirilir, yaşamaq həvəsimizə işıq tutur. Hələ onların ən çox işlətdiyi sözləri demirik... Gün boyu bələdçimiz olur. "Uşaq odası”nda balaça müsahiblərimizi öz anaları sınağa çəkəcək.
İsmayıl Xəlilzadə Xırdalan şəhərindəki 1 saylı məktəbin birinci sinifində oxuyur. Nigar Mahmudova oğlundan özünü soruşur.
- İsmayıl, ana nə deməkdir ?
- Ana o deməkdir ki,uşağına ən yaxşı baxan, balacalıqda süd verir, onu böyüdür, həmişə maraqlanır, onunla yatır, onunla oynayır, sonra da onunla hər yerə gedər, o uşağını çox istəyir, uşağı da onu çox istəyir.
- Bəs ata?
- Ata pul qazanır. Sonra da uşağına çoxlu şeylər alır, onu gəzməyə aparır, sonra da bacısının yanına aparır. Həmişə uşağı üçün pul qazanmağa gedər.
- Böyüyəndə kim olmaq istəyirsən?
- Böyüyəndə polis!
- Niyə polis ?
- Çünki polis oğruları tutur, ağıllandırır, sonra buraxır. Sonra da hamının şeylərini qaytarır, qızıllarını, "zadı” verir.
- Dünyada ən yaxşı şey nədir?
- Allah! Çünki uşaq özünü ağıllı aparanda Allah istədiyini edir. Amma tək ona görə yox ee... Allah yaxşıdır da, ona görə. Çünki o Allahdır da, Allah yaxşı olur.
- Bəs dünyada ən pis şey nədir?
- Ən pis şey Dioazavr, ondan da pis əjdaha. Amma uzunboylu əjdahalar yaxşıdır, onlar ot yeyir, ağac otu.
- Ağac necə yaranır?
- Ağac çətin deyil demək, ağacı əkirlər, bir az böyüyür, su verirlər, yarpaqları açır, sonra da payız gələndə ağac boynunu bükür, yarpaqları saralır tökülür yerə, sonra da yaz¸ yay gələndə təzə yarpaqlar çıxır. Onlar bizə hava verir. Sonra ağac boynunu qaldırır yarpaqlar təzə çıxır yaşıl olur.
- Ən çox xoşladığın nədir?
- Allah!
- Başqa nə?
- Angry birds (multik oyuncaqlar), amma ondan da çox xoşladığım Allahdır.
- Məktəb nə üçündür?
- Məktəb oxumaq üçün, savadlı olmaq üçün, yazı lövhəsinə çıxıb misal yazmaq üçün, mahnı oxumaq , şeir, nağıl danışmaq .
- Çoxlu pulun olsa nə edərsən?
- Saxlayaram, lap çoxaldaram, özümə çoxlu şeylər alaram.
- Nə alarsan ?
- Angry birds, kinder, ozmo kinder, südlü kinder, kosmos alaram.
- Hansı ölkəyə getmək istəyirsən ?
- Türkiyə, Buzlu okeana. Amma Buzlu okeana gedən gələn yoxdur...
- Bəs Buzlu okeana sən niyə getmək istəyirsən?
- Çünki orada çoxlu qar yağır, çoxlu pinqvinlər olur. Pinqvin görməmişəm.
- İsmayıl, yaşamaq nədir?
- Çünki nəfəs alıram, tərpənirəm, görürəm, qanım var, hüceyrəm var. Beyin hüceyrəm var, baş hüceyrəm var.
- Bu dünyada niyə yaşayırsan?
- Allah yaradıb da məni, adam olmaq üçün, onu da Allah bilər (gülür)
- Mamaya nə arzu edirsən?
- Istədiklərini.
- İsmayıl, Allahdan nə istəyirsən?
- Mən özümü ağıllı aparanda Allah istədiyimi yerinə yetirər, istəyirəm ki, sənin çoxlu pulun olsun, çoxlu angry birds (hirsli quşlar - multik) alasan.
- Ən çox xoşladığın maşın hansıdır ?
- Yarış maşınları.
- Ən çox kimə inanırsan ?
- Valideynlərimə, çünki onlar mənim valideynlərimdir, bilirlər mənə necə baxmaq lazımdır.
- Ən çox kimi istəyirsən dünyada ?
- Ən çox Allahı, valideynlərimi də çox istəyirəm, sən, papa, nənə, baba, kimi tanıyıramsa çox istəyirəm, ermənilərdən başqa...