Ermənistan ağıllanmır, şərtlər də çoxdur

Azərbaycanın yaxın gələcəkdə Avrasiya İttifaqına üzv olması real görünmür



Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi yenidən aktuallaşıb. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın Avrasiya İttifaqına qoşulacağını istisna etməyən açıqlama ilə çıxış edib. Rusiyada səfərdə olarkən jurnalistlərin suallarını cavablandıran nazir müavini Azərbaycanın mövqeyini belə ifadə edib:

"Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır”. Qeyd edək ki, son günlər Azərbaycan hakimiyyətinin yuxarı instansiyalarında Rusiya ilə bağlı isti açıqlamaların sayı artıb. Maraqlıdır, görəsən, rəsmi Bakının AİB üzvlüyü Azərbaycana nə verə bilər?

Məsələyə münasibət bildirən "Ana Vətən” Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Şərq”ə deyib ki, Azərbaycan o beynəlxalq və regional təşkilatlara daxil olur ki, orada ölkənin suverenliyi, müstəqilliyi və dövlətçiliyinə xələl gəlməsin. Əsas fundamental prinsip budur. Nəzərə almalıyıq ki, adıçəkilən birlikdə təcavüzkar Ermənistan da yer alıb. Ölkəmizin 20 faiz torpaqlarını işğal edən separatçı bir ölkə Azərbaycanla eyni ittifaqda təmsil oluna bilməz. O da mümkündür ki, Rusiya Sarkisyanı məcbur etsin ki, işğalçı qoşunlarını Azərbaycanın ərazilərindən çıxartsın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Belə olarsa, ölkəmiz AİB-ə gedib-getməməsini müzakirəyə çıxara bilər. Azərbaycanın həmin birliyə üzvlüyü qeyd etdiyim şərtlərdən kənarda mümkün deyil”.

Politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycanın AİB-ə üzv olunmasına dair ehtimallar səsləndirilsə də, bu, yaxın gələcəkdə real görünmür: "Burada bir çox məsələlər həll olunmamış qalır. Əvvəla, Azərbaycan kifayət qədər inkişaf etmiş dövlətdir. Hesab edirəm ki, biz Avrasiya İttifaqına daha çox lazımıq, nəinki bizim üçün bu qurum. Eyni zamanda bu quruma Ermənistan da üzvdür. Bu isə o deməkdir ki, biz Ermənistanla iqtisadi münasibətlərimizi bərpa etməliyik. Düşünmürəm ki, biz bu yolla getməliyik. Əlbəttə ki, Azərbaycan müəyyən şərtləri, tələbləri və bir sıra məsələləri həll edəndən sonra bu quruma daxil olmağa razılıq verə bilər. Çünki Ermənistan istisna olmaqla quruma üzv dövlətlərlə yaxın münasibətlərimiz var. Ona görə də yaxın yox, uzaq gələcəkdə Azərbaycan tərəfinin şərtləri yerinə yetirilsə, bu quruma daxil ola bilərik”.

Ayyət Əhməd