Ermənistan parlamenti qapalı toplantı keçirir

Lavrovun səfəri, Qarabağ problemi və Qərblə münasibətlər çözülür




Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə qapalı iclas keçirilir. Məlumata görə, görüşdə xarici əlaqələr üzrə komissiyanın üzvləri, AŞ PA-dakı nümayəndə heyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan iştirak edir.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, S.Lavrovun Ermənistana səfərindən sonra separatçı ölkə mətbuatında Qarabağətrafı rayonlarımızın Azərbaycana qaytarılacağına dair məlumatlar yer almışdı.

Qapalı toplantını "Şərq”ə şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, tanınmış politoloq Ərəstun Oruclunun sözlərinə görə, həmin yığıncaqda Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Rusiya münasibətlərinin müzakirə olunması mümkündür: "Çünki son zamanlar

Moskva-İrəvan münasibətlərində müəyyən problemlər yaranıb. Məsələn, Ermənistan çalışır ki, öz xarici siyasətini bir qədər genişləndirsin. İranla münasibətlər qurur. Çalışır ki, Qərblə əlaqələrini saxlasın. Təbii ki, bu da Qərbin öz təsir dairəsini genişləndirdiyi bir dönəmdə Rusiyada bir qıcıq yaradır. Kreml bunu aqressiya ilə qəbul edir. Mümkündür ki, bu məsələ də müzakirə olunsun”.

Ayyət Əhməd