Bu halda jurnalistlərin qarşılıqlı səfərləri əhəmiyyətsizdir
"Lavrov jurnalistlərin səfərini təşkil etməzdən öncə Ermənistan işğalçı qoşunlarının Azərbaycandan çıxarılması istiqamətində real addım atsın"
Ötən gün Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüş keçirib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. E.Məmmədyarov xüsusi olaraq bir məqama diqqət çəkib və vurğulayıb ki, Azərbaycan öz tərəfindən sülhə hazırlıq üçün tədbirlər görür: "Biz Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri barədə danışıqlar aparırıq. Sergey Lavrov ilə görüşdə də bu barədə danışdıq. Bunu hansı formada edəcəyimiz barədə müzakirə apardıq”. Xarici işlər nazirinin bu fikri "xalq diplomatiyası” məsələsini yenidən aktuallaşdırıb. Hesab edilir ki, münaqişə tərəfləri jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etməklə "xalq diplomatiyası”na töhfə verə bilərlər. Lakin əsas məsələ bunun reallaşmasının münaqişənin həllinə hansı formada təsir göstərəcəyi ilə bağlıdır.
Gündəmə gələn məsələni "Şərq”ə şərh edən politoloq, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Vyana görüşündə şifahi razılaşdırılan məsələlərdən biri humanitar təşəbbüslərlə bağlı olub. Ekspertin sözlərinə görə, jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması humanitar təşəbbüslərin tərkib hissəsidir:
"Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, yalnız danışıqlar prosesində əldə olunan nəticələrin hansısa humanitar təşəbbüslərlə dəstəklənməsindən söhbət gedə bilər. İndiki şəraitdə Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaqsa, bu səfərin əsas məqsədi danışıqlarda ortaya çıxan nəticələrə dəstək xarakteri daşımalıdır.
Xatırladım ki, Azərbaycan jurnalistləri bundan öncə Ermənistana səfər ediblər. Belə təşəbbüslərin daha əvvəllər də şahidi olmuşuq. Lakin baxaq görək, belə səfərlərin reallaşması Ermənistanın işğalçılıq siyasətinə təsir göstəribmi? Bu suala ancaq "yox” deyə cavab vermək mümkündür”.
Baş redaktor bildirib ki, bütün hallarda jurnalistlərin gediş-gəlişi, ünsiyyət qurması, ictimai rəyi öyrənməsi normal haldır:
"Hansısa erməni jurnalist Azərbaycana gələrək ölkəmizdəki siyasətçi ilə söhbət aparacaqsa, bu o demək deyil ki, həmin siyasətçinin ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişəcək. Bu, sadəcə stimullaşdırıcı faktordur. Ancaq stimullaşdırıcı faktorların həyata keçirilməsi üçün real faktlar olmalıdır. Yaxşı olardı ki, Lavrov jurnalistlərin səfərini təşkil etməzdən öncə Ermənistan işğalçı qoşunlarının Azərbaycandan çıxarılması istiqamətində real addım atsın”.
İsmayıl