“Ermənistan yerə basdırılmış mina üzərindədir”

“Ermənistanda hakimiyyətə ABŞ-da doğulub, orada yetişən bir erməni siyasətçi gəlməlidir”



Ermənistandakı kütləvi aksiyalar erməni xalqının cinayətkar Serj Sarkisyan rejiminə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyinə qarşı bir xalq üsyanıdır. İndiyədək dəfələrlə baş vermiş bütün etirazlarda və mitinqlərdə əsas şüarlar birbaşa Sarkisyanın hakimiyyətdən getməsi ilə bağlı olub.

Çünki erməni xalqı anlayır ki, Sarkisyanın rəhbərlik etdiyi Qarabağ klanı hakimiyyətdə qaldığı müddətdə Ermənistan dövləti məhv olmaqdan xilas ola bilməyəcək. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi maneçilik törədən təcavüzkar Sarkisyan rejiminin devrilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də arzuolunandır. Təbii ki, Sarkisyan hakimiyyətinin başqası ilə əvəzlənməsi problemi həll etməyə kifayət etmir. Çünki müstəqil siyasət yeritməyən Ermənistan hökuməti birbaşa Kremlin nəzarətindədir. Lakin ekspertlərin fikrincə, yeni rejim ən azından indiki anti-demokratik və qeyri-konstruktiv mövqedən çıxış etməyəcək. Artıq Sarkisyanın güclü və qətiyyətli siyasi rəqibləri də ortaya çıxıb. "Vətəndaş razılığı” adlı partiya yaradan deputat Nikol Paşinyan Sarkisyanın ən ciddi rəqibi olduğunu deyib. Paşinyan bildirib ki, Sarkisyanın devrilməsi üçün yaradılan "Vahid Ermənistan” bloku özünü doğrulda bilməyib. Çünki Serj onları pulla öz tərəfinə çəkib: "Biz öz yolumuzdan dönməyəcəyik”. Ermənistanda ehtimal edilən hakimiyyət dəyişikliyini və onun nəticələrini dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, nə qədər Qarabağ klanı hakimiyyətdədir, Ermənistanın problemləri bitməyəcək: "Xatırladım ki, Levon Ter-Petrosyan Azərbaycan torpaqlarının işğalında önəmli rol oynayan şəxs olub. Ancaq o, sonradan öz səhvini başa düşüb və 1990-cı illərin ortalarında hətta yeni hərb planını imzalamağa belə razılıq verib. Bu səbəbdən Moskvanın əlaltıları və Qarabağ klanı Petrosyanı hakimiyyətdən devirdilər. Onun ardınca Qarabağ klanının üzvləri, Köçəryan və Sarkisyan biri-birinin ardınca prezident seçildilər. Əlbəttə, Qarabağın işğalında birbaşa iştirak edən işğalçı qrupun münaqişənin həllində müsbət addım atacağını düşünmək sadəlövhlük olardı”.

Politoloqun sözlərinə görə, ictimaiyyət bütün bəlaların münaqişə ilə bağlı olduğunu bilir və ona görə də problemi çözmək niyyətində olmayan rejimi devirmək istəyir: "Erməni xalqı indiki rejimin əlindən boğaza yığılıb. Əgər hakimiyyət münaqişənin ədalətli həllində maraqlı olsaydı, işğal faktına son qoysaydı, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşacaqdı. Bununla da Ermənistan regional layihələrə qoşulacaq və bu gün Gürcüstanın qazandıqlarına ortaq olacaqdı. Amma erməni hakimiyyəti separatçı və təcavüzkar fəaliyyətini davam etdirdi və regional iqtisadi layihələrdən məhrum oldu. Nəticədə Ermənistan sosial burulğana düşdü və əhali ayağa qalxdı. Hətta rejim indiki etirazı boğsa belə, sabah daha çox mitinqlərlə üzləşəcək. Çünki Ermənistan sanki yerə basdırılmış minanın üzərindədir. Hökumətin əlində iqtisadi islahatlar aparmaq üçün yetərli maliyyə yoxdur”.

E.Şahinoğlu bildirib ki, adi tələblərin yerinə yetirilməməsi erməniləri daha çox hiddətləndirib. İndi xalq birmənalı şəkildə Sarkisyan rejiminin istefasını tələb edir: "Hakimiyyət dəyişikliyi ilə bağlı müəyyən ehtimallar irəli sürülür. Aydındır ki, hakimiyyətə Qarabağ klanının növbəti üzvü gəlsə, ölkədə heç nə düzəlməyəcək. Ermənistanda hakimiyyətə ABŞ-da doğulub, orada yetişən bir erməni siyasətçi gəlməlidir. Həmin şəxsin reallığı başa düşməsi və münaqişənin həlli ilə bağlı müəyyən addımlar atması fərqli mənzərə yarada bilər. Amma həmin rəhbərin gözlədiyimiz şəkildə davranması imkansızdır. Çünki Ermənistan bilavasitə Rusiyadan asılıdır. Şübhəsiz ki, erməni liderin özbaşına hərəkətinə Kreml yol verməyəcək. Həmçinin, yeni rəhbərin hakimiyyətinə daşnakçı-millətçilər, separatçı qüvvələr və xaricdəki erməni lobbisi də müdaxilə edəcək. Bu baxımdan Ermənistanda hakimiyyətə gələcək şəxsin Azərbaycanla münasibətdə ciddi addım atacağını düşünmək yersizdir. Ən azından yeni hakimiyyətin indiki Qarabağ klanına zidd mövqe sərgiləyəcəyi gözləniləndir. Moskva iddia edir ki, Ermənistandakı iğtişaşın arxasında Qərb ölkələri dayanır. İndiki məqamda Kremlin Ermənistandakı hadisələrə müdaxilə edəcəyi şübhəsizdir”.

İsmayıl