Əsas hədəf bəllidir

“Ən azından parlament seçkisində qələbə qazanmaqla prezidenti nəzarət altına almaq istəyirlər”
Ekspert Türkiyədə seçki öncəsi baş verən proseslərin daxildən deyil, xaricdən idarə olunduğunu deyib



Türkiyədə Milliyətçi Hərakat Partiyasından çıxan bir qrup millətçinin yaratdığı İYİ Partiya funksioneri, rəhbərlikdə təmsil olunmuş Gürkan Çakıroğlunun sözləri ictimaiyyətdə ciddi narazılığa səbəb olub.

"Ərdoğana qalib gəlmək üçün millətçiliyi bir kənara buraxmaq lazımdır” deyən Çakıroğlu PKK-nın siyasi qolu HDP-yə siyasi əməkdaşlıq təklif edib. İYİ-nin təmsilçisi prezident və parlament seçkilərində AKP-MHP ittifaqına qalib gəlmək üçün kürdlərlə müttəfiq olmağın vacibliyini vurğulayıb. Çakıroğlu müxalif "Millət İttifaqı”nın ümidini HDP-yə bağladığını deyib:

"HDP barajı keçərsə, parlamentdə əksəriyyəti "Millət İttifaqı” təmin edəcək. Əks halda "Cümhur İttifaqı” qələbə qazanacaq. Bizcə, prezident seçkiləri də ikinci tura qalacaq. O zaman Dəmirtaşa səs verənlərin səsləri bizə lazım olacaq”. Çakıroğlunun ifadələri milliyətçilər tərəfindən tənqidlə qarşılanıb. Etiraz bildirənlər terrorçuları müdafiə edən təşkilatla əməkdaşlığı böyük qəbahət adlandırıblar.


Millətçilərin davasını "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri Türkiyədə seçki öncəsi baş verən proseslərin daxildən deyil, xaricdən idarə olunduğunu deyib. Ekspertin sözlərinə görə, Çakıroğlunun sözləri kürd seçicilərdən səs almağa hesablansa da, nəticələri heç də yaxşı olmaya bilər: 

"Türkiyədə bəzi siyasətçilər kürd toplumunun səsinin ciddi dəyişiklik yaradacağını deyirlər. Lakin mən tamamilə fərqli yöndə düşünürəm. İndiki kürd toplumu dedikdə monolit toplumdan söhbət getmir. Kürdlərin böyük əksəriyyəti AKP-ni dəstəkləyir, az miqdarda kürd HDP-yə etibar edir. Bu baxımdan Dəmirtaşa güvənmək, etimadı doğrultmayacaq.

Ola bilsin, müttəfiq partiyalar kürdlərdən müəyyən qədər səs ala bildilər. Lakin belə olan halda türklərin əsas səsini itirəcəklər. Başda CHP olmaqla digər siyasi cameələr kifayət qədər ciddi səs itkisinə məruz qalacaqlar”.

Analitik bildirib ki, xaricdən gələn sifarişlə ölkədəki bütün müxalif gücləri, xüsusən Ərdoğana qarşı olan qüvvələri bir çətir altında birləşdirmək istəyirlər: 

"Onlar fərqindədirlər ki, səslərin bölünməsi seçkilərdə uğur əldə edilməsinə mane olacaq. Ən azından parlament seçkisində qələbə qazanmaqla prezidenti nəzarət altına almaq istəyirlər. Əsas hədəf budur. Reallıq odur ki, "Millət İttifaqı” ideoloji yaxınlaşma deyil. Yalnız siyasi maraqlar ətrafında bir araya gəlmiş qüvvələrdir”.

İsmayıl