Əsas problem gəlirlərin azalmasıdır

Hələ boş qalan obyektlərə çox rast gələcəyik



Vergilər Nazirliyi Bakı şəhərindən biri-birinin ardınca obyektlərin boşalmasına münasibət bildirib. Nazirin müavini Natiq Əmirov bu günlərdə keçirdiyi mətbuat konfransında söyləyib ki, obyektlərin boşalması icarədarların dəyişməsilə əlaqədardır. "Bizdə olan uçot məlumatlarına görə, açılan obyektlərin sayı bağlanan obyektlərin sayından çoxdur. Biz bu məlumat bazasını istənilən jurnalistə açmağa hazırıq”.

Açıqlamanı şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə deyib ki, obyektin "əl” dəyişməsinin əsas səbəbi manatın ucuzlaşmasından sonra iqtisadiyyatımızın hələ tam olaraq özünə gələ bilməməsi ilə bağlıdır: "Çox güman ki, nazir müavini ölkədəki iqtisadi aktivliyin azalmasına dair ciddi məlumatlara malikdir. Ən azından onda belə məlumatlar olmalıdır. Əslində həqiqət odur ki, iqtisadi aktivliyin və gəlirlərin azalması ticarət dövriyyəsinə təsir göstərib. Ticarət dövriyyəsinin azalması isə obyekt sahiblərinin və ya icarədarların gəlirlərini xeyli azaldıb və onların rentabelliyi aşağı düşüb. Mülkiyyətçilərin dəyişilməsi problemin görünən tərəfidir. Bunun kökündə duran məsələ isə ticarət dövriyyəsində iqtisadi aktivliyin azalmasıdır. Çünki birdən-birə belə bir vəziyyətin kütləvi hal alması onu göstərir ki, iqtisadi aktivlik zəifləyir, gəlirlər azalır və ona görə də, icarədarlar götürdükləri obyektlərdən imtina edirlər. Bu halı şəhər mərkəzində və mərkəzə yaxın yerlərdə gözlə görmək mümkündür. Çünki şəhərin elə yerləri vardı ki, əvvəllər icarədarlar orada növbə gözləyirdilər ki, hansısa obyekt boşalsın, onu icarəyə götürsünlər. İndi isə həmin ərazilərdə onlarla, yüzlərlə obyektlərin üzərində "İcarəyə verilir” və yaxud "Satılır” elanlarına rast gəlirik. Hesab edirəm ki, obyektlərin boşalması yalnız icarədarların dəyişilməsilə əlaqədar deyil. Bir daha deyirəm ki, əsas problem ticarət dövriyyəsinin zəifləməsi və gəlirlərin azalmasıdır”.

Ayyət Əhməd