Əsas problem sayda deyil

Ölkədə elə bir şərait yaratmaq lazımdır ki, hər ailə keyfiyyətli uşaqlar böyüdə bilsin




Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi ilə bağlı təklif səsləndirib.


O qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır: "Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.

Maraqlıdır, komitə sədrinin bu təklifi cəmiyyətdə necə qarşılanacaq?

Təkliflə bağlı "Şərq”ə danışan sosioloq Əhməd Qəşəmoğlu ailədə çox uşaq olmasının tərəfdarıdır. Onun sözlərinə görə, bu məsələ Birləşmiş Millətlər Təşkilatı və qlobal inkişafla məşğul olan mərkəzlərin hər birinin diqqət mərkəzindədir: 

"Çünki yer üzündə əhali sürətlə artır və belə düşünülür ki, bu qədər insanı saxlamaq üçün kifayət qədər resurslar yoxdur. Afrika və müsəlman ölkələrində əhali artımı çoxdur. Bir çox Avropa ölkələrində isə ildən-ilə əhali azalır. Belə bir vaxtda əhali siyasəti çox həssas bir məsələdir.

Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaması ilə bağlı çoxlu kurslar yaradıldı və indi də işləməkdədir. Amma konkret olaraq Azərbaycan ailələrində nə qədər uşaq arzuolunandır? Bu sahədə BMT-nin siyasəti daha cəlbedicidir. BMT siyasəti bundan ibarətdir ki, heç bir ölkəyə əhalisi çox və ya az olsun deyə tələb qoymaq düzgün deyil. 

Əsas siyasət ondan ibarətdir ki, əhali keyfiyyətli olsun. Məsələyə differensial yanaşmaq lazımdır. Ölkədə elə bir şərait yaratmaq lazımdır ki, hər ailə keyfiyyətli uşaqlar böyüdə bilsin. Azərbaycanda sosial və iqtisadi vəziyyət yaxşı olsa, ailələrdə çox uşağın olmasına normal baxmaq lazımdır. Çünki bir uşaqlı ailələr çoxdur. Deməli, çalışmalıyıq ki, ölkəmizdə əhalinin sayı azalmasın. Əgər 1-2 uşaqlı ailələr çoxdursa, heç uşağı olmayan ailələr də var. Ailədə 3 uşaq olanda isə müəyyən bir balans yaranır. Məsələyə miqdar deyil, keyfiyyət baxımından yanaşmalıyıq. Gələcəkdə keyfiyyəlti uşaqlar böyüdən ailələri stimullaşdırmaq lazımdır. Bir ailədə əgər 7 uşaq olacaqsa, onların hamısı savadı və davranışı ilə ölkəyə kömək edəcəksə, bunun nəyi pisdir ki? Çalışmalıyıq ölkəmizdə get-gedə elə tendensiya olsun ki, hər bir ailəni keyfiyyətli uşaqlar yetişdirməsi üçün stimullaşdıraq”.

Yeganə Bayramova