Əsəd hələlik hakimiyyətini qoruyur

Lakin bunun əvəzində ölkəsini Rusiyanın satellitinə çevirir
Rusiya Əsəd hökumətinə Abxaziya və Cənubi Osetiyanı tanıtmaqla həm də Azərbaycana mesaj verir


Suriya hökuməti separatçı Abxaziyanın "müstəqilliyini” tanıyıb. Bu barədə məlumatı qondarma Abxaziyanın "xarici işlər nazirliyi” yayıb. Qondarma qurum rəsmi Dəməşqin Abxaziya ilə diplomatik münasibətlər qurmaq qərarı verdiyini bildirib. Dəməşq həmçinin, qondarma Cənubi Osetiyanın "müstəqilliyini” də tanıdığını elan edib. Məlumat üçün bildirək ki, Cənubi Osetiya və Abxaziya Gürcüstan ərazisidir.

Qondarma rejimlərin "müstəqilliyini” indiyə qədər Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tuvalu tanıyıb. Təbii ki, separatçıları tanıyan ölkələrin sayının artması qəbuledilməzdir və narahatlıq doğuran amildir. Amma hazırda Bəşər Əsəd rejiminin özünün legitimliyi sual altındadır və əksər Qərb dövlətləri cinayətkar Suriya hökumətini qəbul etmirlər. Əsədin qərarını təhlil edən analitiklər burada Rusiya amilinin olduğunu deyirlər.

Bu barədə "Şərq”ə danışan "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Bəşər Əsəd Rusiya Prezidenti Vladimir Putindən asılı olduğu üçün onun istəklərini yerinə yetirir. Ekspertin fikrincə, Abxaziya və Cənubi Osetiyanın tanınması ilə ciddi mənada nəyisə dəyişmir. Amma Putinin istəklərinin çoxalması Əsəd üçün qəbulolunmaz ola bilər: 

"Məsələn, Rusiya İsraillə anlaşıb, İranın Suriyadan çıxmasını istəyə bilər. Bu isə Əsədi çıxılmaz vəziyyətdə qoyar. Hələlik Əsəd öz hakimiyyətini birtəhər qoruyur. Lakin bunun əvəzində ölkəsini Rusiyanın satellitinə çevirir. Rusiya Əsəd hökumətinə Abxaziya və Cənubi Osetiyanı tanıtmaqla həm də Azərbaycana mesaj verir. 

Yəni demək istəyir ki, əgər rəsmi Bakıya ünvanlanan tələblər yerinə yetirilməzsə, Azərbaycan da eyni şeylə üzləşə bilər. Rusiyanı bu şantajdan məhrum etmək üçün tezliklə ərazi bütövlüyümüzü təmin etməliyik. Əks halda, Qarabağ Azərbaycandan daha da uzaqlaşacaq. Üstəlik, Rusiya-Ermənistan cütlüyünün qondarma rejimlə bağlı hədəsi hər zaman başımızın üstündə olacaq”.

İsmayıl