Əsirlərimiz qurtula bilər

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq



Avropa İnsan Haqları Məhkəməsi girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxılmasını tezləşdirəcək. Bunu Vəkillər Kollegiyasının sədri, girovlarımızın hüquqlarını müdafiə edən Anar Bağırov deyib. Onun sözlərinə görə, girovlarla bağlı lazımi tədbirlər görülməkdədir: "Əldə olunan materiallar, sənədlər tərəfimizdən Avropa İnsan Haqları Məhkəməsinə göndərilir.

Lazım olan işləri vaxtında həyata keçiririk”. A.Bağırov bildirib ki, nəticənin yaxşı olacağına ümid edirik: "Avropa Məhkəməsinin öz prosedurları var. Burada söhbət yalnız insanların qanunsuz həbsindən getmir, onlara işgəncə də verilib. Bu insanların səhhətində ciddi problem var. Hesab edirəm ki, yaxın aylar ərzində Avropa Məhkəməsi bu məsələyə baxacaq, ədalətli və düzgün qərar qəbul edəcək. Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsinin nüfuzuna təsir edən məsələdir. Avropa Məhkəməsi bu məsələdə öz prinsipiallığını nümayiş etdirməlidir”

Bu barədə "Şərq”ə danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, girovlarımızın azadlığı uğunda yorulmadan fəaliyyət göstərən Əhməd Şahidov məsələnin Avropa İnsan Haqları Məhkəməsinə çıxarılmasını çox mühüm addım adlandırıb: 

"Hamımız inanırıq ki, artıq 4 ildir erməni girovluğunda olan Dilqəm və Şahbazla bağlı məhkəmə xeyrimizə hökm verəcək, nəhayət, müsbət qərarın şahidi olacağıq. Bu, həm uzun zamandır haqsız yerə girovluqda saxlanılan şəxslərin hüquqlarının bərpası olacaq, həm də dünya ictimaiyyətinin diqqətini yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldəcək. 

Bununla bütün qaçqın və məcburi köçkünlər məsələsini, əsir və girovlarımızla bağlı problemi növbəti dəfə gündəmə daşıya biləcəyik. Biz də vətəndaş cəmiyyəti olaraq əlimizdən gələni edəcəyik”.

İsmayıl