Eşitmə və danışma məhdudiyyətli uşaqlar üçün cizgi filmi nümayiş olundu

1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Araxçın MMC/Deaf Community-nin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində eşitmə və danışma məhdudiyyətli insanlar üçün "Madaqaskar” cizgi filminin surdotərcümə ilə nümayişi keçirilib.
Cizgifilminin təqdimatını izləmyə gələnlər arasında "Həyat Fondu”nun əməkdaşları, 2 saylı xüsusi internat və 322 saylı məktəbin, həmçinin "Müşfiq” uşaq evinin müəllim və şagird heyəti, "Dəstək ol”, "Əsa teatrı” komandası da var idi. Deaf Community-nin bu addımı atmaqda məqsədi eşitmə və danışma məhdudiyyətli insanların da filmləri maneəsiz izləməsini təmin etməkdir.
Tədbirin açılışında Deaf Community-nin rəhbəri Nuranə Abıyevanın sözlərini məhdudiyyətli insanlar üçün Könül Quliyeva, cizgifilmi isə bütövlükdə Şamil Sabirzadə surdotərcümə etdi. Komandanın qrafik dizayn işləri üzrə mütəxəssisi və cizgi filminin montaj işləri Aygül Hüseynovaya aiddir. Bu işin ərsəyə gəlməsində 13 nəfər əsas və 15 nəfər könüllü heyətin əməyi olub. Layihənin ideya müəllifi Deaf Community Komandasının SMM meneceri Jalə Məmmədovadır. Gələn qonaqları və uşaqları salamlayan Jalə xanım danışma və eşitmə əngəlli uşaqların əylənməyinə heç bir əngəlin olmadığını bildirib.
Araxçın MMC-nin direktorları Fatimə Süleymanova ve Ülviyyə Həsrətova da qonaqları ve bütün məhdudiyyətliləri salamlayaraq onlarla öz təəssuratlarını bölüşüb.
"Səssizlik ən gözəl dildir” şüarı ilə 2 ilə yaxındır fəaliyyət göstərən Deaf Community belə layihələrin davamlı olacağını bildirir.
Yeganə Bayramova