Elnur Rüstəmov: “Uşaqlarla həm ailələri, həm də orta məktəblərdə psixoloqlar məşğul olmalıdır”
Əti sənin, sümüyü mənim...
Azərbaycanda müəllim-şagird münasibətləri ötən əsrə qayıdır
Elnur Rüstəmov: “Uşaqlarla həm ailələri, həm də orta məktəblərdə psixoloqlar məşğul olmalıdır”
Elnur Rüstəmov: “Uşaqlarla həm ailələri, həm də orta məktəblərdə psixoloqlar məşğul olmalıdır”
Məhərrəm Zülfüqarlı: "Şagird də bir vətəndaşdır və onun hüquqlarını kobud şəkildə pozmaq olmaz”
Son vaxtlar orta məktəblərdə şagirdlərə qarşı zorakılıq hallarını əks etdirən videoların yayılması cəmiyyətdə müzakirələrə səbəb olub. Bəzən müəllimlər şagirdlərin dərsi pozduğunu, heç bir sözə əhəmiyyət vermədiyini, buna görə də şiddət sərgiləməyə məcbur olduqlarını deyirlər. Amma bu şagirdə qarşı olan şiddətə haqq qazandırmır. Bir şagirdin uşaqlar içərisində döyülməsi, onun gələcəkdəki yaşam tərzinə, psixologiyasına da təsir edir. Bir sıra ölkələr var ki, orada müəllimlərin şagirdə müəyyən çərçivədə şiddət göstərməsi qanunla tənzimlənir. Qeyd edək ki, Sumqayıt şəhərindəki 22 nömrəli məktəbdə müəllimin şagirdi döyməsi faktının ictimaiyyətdə yaratdığı böyük ajiotaj aradan qalxmamış, Azərbaycanda müəllim zorakılığını əks etdirən daha bir video yayılıb.
Bu dəfə döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınıb. Qadın müəllimə azyaşlı şagirdin başından vurub və təhqir edib.
Təhsil Nazirliyindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib ki, Xırdalandakı 9 saylı məktəbdə müəllimin şagirdi döyməsi faktı oktyabr ayında baş verib. Onun sözlərinə görə, valideyn, müəllim və direktor Təhsil Nazirliyinə çağırılıb və izahatları alınıb. A.Nağıyev qeyd edib ki, müəllim və valideyn qohumdurlar: "Çox maraqlıdır ki, videonu da valideyn çəkib”.
Bəs ekspertlər bu haqda nə fikirləşir? Müəllim-tələbə münasibətləri necə tənzimlənməlidir ki, bu kimi mənfi hallar bir daha təkrarlanmasın?
Psixoloqların bu istiqamətdə apardığı araşdırmalar göstərir ki, şagirdlərin zorakılıq halları ilə üzləşməsi onların psixoloji travma almasına gətirib çıxarır. Gələcəkdə həmin uşaq ona edilən zorakılığı başqasına tətbiq edir və ya həmin müəllimin timsalında bütün müəllimlərə qarşı onda aqressiya, nifrət hissi oyanır. Psixoloq Elnur Rüstəmov deyib ki, bu kimi hallar araşdırılanda məlum olur ki, müəllimin ya evində, şəxsi həyatında, yaxud özündə psixoloji problemi var və o, bu aqressiyanı uşağa yönəldir. Digər səbəb isə şagirdin çox nadinc olması və müəllimi özünü idarə edə bilməyəcək hala gətirib çıxarmasıdır: "Onu da deyim ki, şagirdin intizamsızlığı ilə bağlı yalnız müəllimi günahlandırmaq olmaz. Orta məktəblərdə psixoloji işin təşkili ilə bağlı təlimat kitabı olmalıdır. Yəni psixoloqun görməli olduğu işlər həmin kitabda bütünlüklə yer alıb. Müəllimin uşağı döyməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, müəllim uşağı döyə bilməz. Lakin nəzərə almaq lazımdır ki, çətin tərbiyə olunan uşaqlar da var. Həmin uşaqlarla həm ailələri, həm də orta məktəblərdə psixoloqlar məşğul olmalıdır. Bunun üçün hətta psixoloqlar mütəmadi olaraq təkmilləşdirmə kurslarına cəlb olunmalıdır”.
"İctimai Problemlərin Tədqiqi” Sosial Fondunun rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, inkişaf etmiş ölkələrin qanunvericiliyinə əsasən, insan haqlarını, o cümlədən uşaq hüquqlarını pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Hətta bəzi ölkələrdə nəinki müəllim, hətta valideynlər belə öz uşaqlarına cəza verə bilməz. Bu baxımdan, əgər uşaq şikayət edərsə, valideyn məhkəməyə cəlb oluna bilər. Azərbaycanda isə bu məsələ ilə bağlı müəyyən problemlər var. Baş verən son hadisə bir daha bu faktı sübuta yetirib.
M.Zülfüqarlı belə mənfi halların qarşısını almaq üçün təhsilin səviyyəsinin yüksəldilməsi və peşəkar kadrların hazırlanmasının vacibliyini vurğulayıb: "Bu cür mənfi halların qarşısı yalnız peşəkar müəllim kadrları yetişdirməklə alına bilər. Buna görə müəllim hazırlayan universitetlər, institutlar pedaqoji cəhətdən keyfiyyətli kadrlar hazırlamalıdır. Müəllimlərin işinə nəzarət edə bilən və şagirdlər arasında yüksək nüfuza malik insanlar direktor vəzifəsini icra etməlidir. Təəssüf ki, bəzi məktəb direktorlarının peşəkarlıq səviyyəsinə baxsaq, görərik ki, kadr seçilməsi məsələsində ciddi problemlər var. Bütün bunlar isə bəzi müəllimlərin məktəblərdə meydan sulamasına gətirib çıxarır. Mən özüm də müəlliməm və uzun illərdir ki, auditoriyada şagirdlərə dərs deyirəm. Hər şeydən öncə müəllim-tələbə münasibətləri müəyyən çərçivə həddində və səmimi dostluq üzərində qurulmalıdır. Əgər şagird dərs zamanı hər hansı bir mənfi hərəkət edirsə, müəllim ərkyana olaraq həmin şagirdi tənbeh edə bilər. Məhz bu cür münasibətlər qurulduqda uşaq bir daha belə hərəkət etmir və onda müəllimə qarşı hörmət hissi yaranır. Əgər müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət yoxdursa, bu cür xoşagəlməz halların tez-tez yaşanması təbiidir. Bu hörməti əlbəttə ki, müəllim özü yaratmalıdır. Əgər müəllim belə bir münasibəti yarada bilmirsə, onu auditoriyaya buraxmaq düzgün hesab olunmur”.
Ekspertin sözlərinə görə, bu həm də şagirdlərin öz hüquq və vəzifələrini bilməməsi ilə bağlıdır: "Şagirdlər də öz növbələrində hüquqlarını və vəzifələrini bilməlidirlər. Əgər müəllimin peşəkarlıq səviyyəsi yüksək olsaydı, dərk edərdi ki, şagird də bir vətəndaşdır və onun hüquqlarını belə kobud şəkildə pozmaq olmaz. Şagirdin intizamsızlığını aradan qaldırmağın müxtəlif pedaqoji üsulları var. Amma döymək və şiddət dünya praktikasında da pislənən haldır. Buna görə də qanunvericilikdə ayrıca cəza metodları olmalıdır. Belə halların qarşısı alınarsa, gələcəkdə digər müəllimlər və şagirdlərə də dərs olar. Bu baxımdan mən təkcə müəllimlərin cəzalandırılmasını nəzərdə tutmuram. Həmçinin, şagirdə qarşı da ciddi pedaqoji cəza tədbirləri görülməlidir. Valideynlər məktəbin işində fəal iştirak etməli, tez-tez dərslərdə olmalıdırlar. O cümlədən, uşaqlarına düzgün ailə tərbiyəsi və ictimai yerlərdə davranış qaydalarını öyrətməlidirlər. Əgər bu gün valideyn uşağına düzgün tərbiyə vermirsə və nadinc bir uşağı məktəbə göndərirsə, baş verən hadisələrin içərisində valideynin də öz payı var. Onların hamısı biri-biri ilə birbaşa əlaqəli olmasa da, valideyn-şagird-müəllim münasibətlərində heç kəs özünü kənara çəkməməlidir. Yaşanan belə olayda ilk olaraq müəllim, ikinci növbədə isə valideynlər məsuliyyət daşıyır”.
M.Zülfüqarlının sözlərinə görə, təkcə bir hadisəyə görə bütün müəllimləri günahlandırmaq da düzgün deyil: "Müəllim səhv edib və öz cəzasını alacaq. Bir sinifdə 20 şagirddən 19-u dərsə qulaq asır, yerdə qalan bir nəfər isə dinləmək istəmirsə, burada müəllimin günahı yoxdur. Valideyn öz uşağına normal tərbiyə verə bilməyib. Lakin yenə də qeyd edim ki, bütün hallarda şagirdi döymək bir çözüm vasitəsi deyil”.
Şəymən