Etiraf etmək lazımdır ki...

Sosial şəbəkələr, “instaqram” tanınmışların piarında da rol oynayır



Sosial şəbəkələr bu gün həyatımızın əsas hissəsinə çevrilib. Sıradan bir insanlar da sosial şəbəkələrin fəal iştirakçısına çevrilib, elə tanınmışlar da. Bəs sosial şəbəkələr tanınmışların həyatında nə kimi rol oynayır? Sosial şəbəkədən istifadə sənət adamlarının yaradıcılığına, piarlarına təsir göstərə bilirmi? Bu suallara cavab tapana qədər bir məqamı xatırladaq ki, əvvəllər müğənnilər, tanınmışlar hər hansı barələrində olan məlumatı mətbuata çatdırmaq, ictimaiyyəti xəbərdar edəndə məcbur ya mətbuat nümayəndələri ilə əlaqə yaradırdılar, ya da mətbuat konfransı keçirirdilərsə, indi maşallah, hər kəs öz "instaqram”, "facebook” səhifəsində özünə lazım olan bütün məlumatları, informasiyaları, fotoları rahatlıqla paylaşa bilir.

Ümumiyyətlə, sosial şəbəkələr populyar olmaq üçün vasitə sayıla bilərmi?

Əslində kim nə deyir desin, sosial şəbəkələr bu gün tanınmaq üçün ən asan və maddiyyat tələb etməyən piar vasitəsi sayılır. İstənilən sənətçi orada yerləşdirdiyi fotolar, mahnılar, görüntülər vasitəsilə özünü reklam edə bilir ki, bu da onların tanınmağı üçün asan piar yoludur. Ən maraqlı məqamlardan biri isə odur ki, sosial şəbəkələrin varlığı hər kəsin tribunasına çevrilib. Bu tribunadan istənilən insan ismarıcını, mesajını çatdıra bilir, özü ilə bağlı söyləmək istədiyi fikirləri yerləşdirmək imkanı əldə edir, paralel olaraq da həmkarlarına, digər sənətçilərə tənqidini, münasibətini, rəyini çatdırmaq imkanı qazanır.

Təbii ki, sosial şəbəkələrdən düzgün istifadə etmək özü istifadəçidən böyük bir mədəniyyət, əxlaq, şəxsiyyətə və cəmiyyətə hörmət etmək kimi keyfiyyətlər tələb edir. Elə sosial şəbəkələr bəzi tanınmışların əsl simasını açmağa da yardımçı olur. Belə ki, telefon arxasında, "noutbuk”da ürəkli olanlar bəzən fərqinə varmadan iç dünyalarına oturan o kimliklərini ortaya çıxarmış olurlar. Psixoloji məqamlardan biri də odur ki, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti özlərinə senzura qoymaq kimi keyfiyyətdən uzaq olduqları üçün daxilən hansı əxlaqa, tərbiyəyə və biliyə sahibdilərsə, onu da sərgiləmiş olurlar. Yəni "instaqram” səhifələrini diqqətlə izləyənlərə o da bəllidir ki, hətta sosial şəbəkələr vasitəsilə tanınmışların savadı, həyata baxışları, təfəkkürlərinin nə qədər dərin və ya dayaz olduğunu müəyyən etmək heç də çətin deyil. Burada da dünyagörüşünün zənginliyi, əxlaqi keyfiyyətlər, istifadəçinin nə qədər savad sahibi olub-olmaması məsələsi önəmlidir. Nə yazıq ki, bizdə sosial şəbəkələrdən də vuruş, döyüş meydanı kimi istifadə edilir. Hətta həyət-bacada oturub işsiz olan bəzi qadınların bəsit qiybətlərini xatırladan dedi-qodular da sosial şəbəkələrdə hiss olunur.

Amma çox yaxşı olardı ki, tanınmışlarımız, üzdə olan insanlar sosial mediadan səmərəli şəkildə istifadə etməyə alışsınlar. Sosial media sosial mesajların ən gözəl ünvanına çevrilə bilərdi. Belə sosial şəbəkələr tanınmışların sosial həyatda örnək ola biləcək layihələrin yayılmasında müsbət rol oynasa, daha yaxşı olmazmı? Azərbaycanın tanınmış simaları "instaqram” səhifələrində maarifləndirici mövzuların müzakirəsində iştirak etsələr, sosial mesajlar olan layihələrini təqdim edib bu piara əl atsalar, yaradıcılıq baxımından zövqlərin formalaşması üçün keyfiyyətli musiqilərin seçilməsində bir vasitəyə çevrilsə, bu, cəmiyyətə daha çox xeyir vermiş olar. Amma yenə də qeyd edirik ki, bizim şou-biznes əhli, tanınmışların böyük əksəriyyəti "instaqram” səhifəsini döyüş meydanına çevirib. Biri digərini vurmaq, onun nüfuzuna xələl gətirmək üçün "instaqram” səhifəsindən istifadə edərək haqlı-haqsız, yalan-doğru məlumatlar yerləşdirməklə görən nə əldə etmiş olurlar?

Azərbaycan səhnəsində təbii ki, sosial vasitələrdən, sosial mediadan mədəni və səmərəli şəkildə istifadə edən sənətçilərimiz də az deyil. Onlar ictimai maraq kəsb edən hər hansı ciddi məsələlərə də ciddi şəkildə reaksiya verirlər, sosial hadisələrə də laqeyd qalmırlar, istər ölkədə, istərsə də dünyada baş verən önəmli hadisələr barədə fikirlərini də bölüşürlər. Amma belələrinin sayı çox azdı.

Azərbaycanın tanınmışları arasında sosial şəbəkələrin aktiv istifadəçiləri arasında Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova, Nura Suri, Röya, Kərim, Abbas Bağırov və onlarla digərlərinin adını çəkmək olar ki, onlar istər özləri barədə məlumatları, istər ətraflarında baş verən hadisələrə münasibətlərini, sərbəst fikirlərini bölüşürlər. Xüsusilə Faiq Ağayevin, Nura Surinin "instaqram” səhifəsi sözün həqiqi mənasında maraqlı, örnək ola biləcək sosial mesajlarla zəngindi, burada hər ikisinin nə qədər sosial hadisələrə laqeyd olmadıqları, istər cəmiyyət, istər millət üçün önəm daşıya bilən hadisələrə şəxsi münasibətləri özünü göstərir. Onların səhifələrində nə qeyri-etik ifadələrə, nə kimlərisə təhqir etdiklərinə rast gələ bilmədik. Deməli, bu, sosial şəbəkədən maksimum yararlı şəkildə istifadə etməyin göstəricisi sayıla bilər. Amma nə yazıq ki, bəzən sənətçilərimizin, tanınmışların "instaqram” səhifələrində qeyri-etik yazılara, görüntülərə də rast gəlmək mümkündü.

Müğənni Nura Suri bu barədə danışarkən "Sosial şəbəkələrdən istifadə mədəniyyəti həqiqətən hələ də bizdə tam formalaşmayıb. Bəzən bu sosial şəbəkələrdən ancaq kimlərisə təhqir etmək üçün istifadə edilir. Bu da əslində cəmiyyətdə mövcud olan qüsurlardan xəbər verir. Mən tanımadığım, şəxsi həyatda ünsiyyətdə olmadığım insan barədə nə danışıb yaza bilərəm axı? Müğənni şəkil paylaşır, kim nə istəyir yazır? Bu cinayətdi. Axı sosial şəbəkə kimlərisə təhqir etmək üçün silah deyil. Elə bəzi sənətçilərimiz də sosial şəbəkələrdən təhqir tribunası kimi istifadə edirlər. Bir az savadı, düşüncəsi, əxlaqı olan, özünə hörmət edən insan, xüsusilə tanınmış biri sosial şəbəkədən bu qədər çirkin üsullar üçün istifadə etmir. Baxın da, bir çox tanınmışlarımızın da "instaqram” səhifəsində maraq yaradan, diqqət çəkən, düşündürücü nə tapa bilərsiz? "İnstaqram”, digər sosial şəbəkələr təkcə şəkil paylaşmaq üçün istifadə olunmamalıdır. Bu sosial şəbəkələr tərbiyələndirmək, maarifləndirmək üçün açıq bir pəncərədir. Bu pəncərədən də kim hara necə istəyir, daş ata bilməz. Cəmiyyətimizdə baş verən gündəlik sosial hadisələrə, millət üçün, dövlət üçün önəm daşıyan məlumat və xəbərlərə laqeyd qalmaq olmaz. Xüsusilə də tanınmışlar sosial şəbəkələrdə cəmiyyətə müsbət mənada təsir edə bilən sosial ismarıcları ilə yadda qalmalıdırlar. Çox təəssüf ki, bizdə sosial şəbəkə istifadəçiləri nə qanunlardan xəbərdardır, nə də vətəndaş olaraq üzərlərinə düşən məsuliyyəti dərk edirlər. Sosial şəbəkələr, "instaqram” tanınmışların piarında da rol oynayır. Bunu etiraf etmək lazımdır. Sadəcə, bu piarı da səviyyəli şəkildə reallaşdırmaq vacibdi”.

Tahirə