“Etirazçı fəhlələr məhkəməyə müraciət edə bilərlər”

Sahib Məmmədov: “Dövlət Əmək Müfəttişliyinin birbaşa funksiyasıdır ki, aksiya iştirakçılarının qabağına düşüb, şirkətin qapısına dayansın və həmin pulu alıb, fəhlələrə qaytarsın”
Ölkədə zaman-zaman fəhlələrin hüquqlarının pozulması ilə bağlı məsələlər gündəmə gəlir. Fəhlələr ən yaxşı halda etiraz aksiyası ilə bu problemin həllinə çalışırlar. Amma təbii ki, bu üsulla problemin həlli müvəqqəti olur. Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən "Azərinşaat”ın işçiləri oturaq aksiyanı davam etdirirlər. Onlardan 30 nəfəri gecəni şirkətdə keçirib.
Bu barədə işçilərdən biri Rüstəm Musayev məlumat verib: "Axşam saat 10-a kimi burda 50-60 nəfər idik. Ancaq sonradan yaxında evləri olanları yola saldıq ki, yer dardır, rayondan gələnlər burda rahat gecələsinlər. Ancaq səhər saatlarından işçilər yenidən toplaşırlar. Aksiyamız bu gün də davam edəcək”.
Onun dediyinə görə, gecə hər hansı insident baş verməyib. Ancaq səhər saatlarında şirkət yaxınlığına xeyli sayda polis gətirilib. Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin də aksiyaçılarla görüşəcəyi gözlənir.
Aksiya iştirakçısının sözlərinə görə, "Azəryolservis” ASC-nin rəhbəri Saleh Məmmədov işçilərə xəbər göndərib ki, noyabrın 3-də hamının maaşını verəcək: "Ancaq biz ona inanmırıq. Qoy gəlsin burda söz versin. Ancaq söz versə də, dağılışmayacağıq”. Rüstəm Musayev deyib ki, Saleh Məmmədov pullarını qaytarana kimi oturaq aksiya davam edəcək: "Heç yerə tərpənməyəcəyik. Ancaq biz noyabrın 3-dək burdayıq”.
Rəhbəri bir müddətdir həbsdə yatan və iflas olduğu bildirilən "Azərinşaat” "Azəryolservis”in sifarişlərini yerinə yetirib. Buna görə də aksiya iştirakçıları məvaciblərini sifarişçinin ödəməsini tələb edirlər. Ötən həftə keçirilən aksiyada "Azəryolservis” bildirmişdi ki, bu məsələnin onlara dəxli yoxdur.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki, hüqularının pozulduğunu düşünən fəhlələr Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməlidirlər: "Azəryolservis” dövlət təsərrüfat subyekti olduğu halda həm özü, həm də onun podratçıları Azərbaycan Respublikasının qanunvericiliyini kobud şəkildə pozaraq işçilərlə əmək müqaviləsi bağlamadan işə götürür. Əmək müqaviləsi olmadığı üçün də pulunu ala bilməyən fəhlələrin əlində sübutları olmur. Hesab edirəm ki, sifarişçi olaraq, bütün məsuliyyət "Azəryolservis”dədir. Belə etirazlar həmişə, hər dövrdə olub. İşçilər, fəhlələr öz sosial hüquqlarını tələb edir, bu da onların haqqıdır. Amma qapı- qapı düşməklə heç kəs onlara pullarını verən deyil. Etiraz edən fəhlələr məhkəməyə də müraciət edə bilərlər. Bundan başqa heç bir məsləhətim yoxdur.
Dövlət təsərrüfat subyektlərinin bu cür qanunsuzluqlarının yolverilməz olduğunu vurğulayan Liqa rəhbəri deyib ki, Əgər hər hansısa bir şirkətdə işçilərin adminstrativ şikayəti varsa ilk növbədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməlidirlər: "Yəni bu işlərin qanuni həlli yolu buradan keçir. Amma çox təəssüf ki, bu qurum heç bir işə yaramır. Daha doğrusu, DƏMX toxunulmazlıq hüququ olan şirkətlərin qapısından içəri keçə bilmir. Azərbaycan reallığı öz yerində, amma hüquqları pozulan işçilər vəkil tutub məhkəməyə müraciət etsələr müəyyən nəticələr əldə edə bilərlər.
Analoji hallarda şirkət rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Bir çox müəssisələrdə əmək müqaviləsi olmur. Bunun aşkarlanması hallarında həmin şirkətin rəhbərliyi cinayət məsuliyyəti daşıyır. Amma Azərbaycan reallığında baxır şirkətin rəhbəri kimdir. Çünki bəzi şirkət rəhbərləri üçün qanun keçərli deyil”.
Məsələ ilə bağlı narahatlığın aradan qaldırılması üçün rəhbərlik etdiyi liqanın ata biləcəyi addımlara gəldikdə isə S.Məmmədov bu istiqamətdə ata biləcəkləri bir addım olmadığını deyib: "Yuxarıda da qeyd etdiyim kimi, bu işə məsuliyyətli DƏMX var. Bu qurum dövlət tərəfindən yaradılıb və maliyyələşdirilir. Həmin Xidmətin birbaşa funksiyasıdır ki, aksiya iştirakçılarının qabağına düşüb, şirkətin qapısına dayanmalı və həmin pulu alıb, fəhlələrə qaytarmalıdır. Şirkət vəsaiti qaytarmaqdan imtina etdiyi halda isə aktlaşdırıb, cərimələməlidir. Hər şey onların əlindədir. Liqa nə edə bilər ki? Bir təşkilat olaraq nə maliyyəmiz, nə hüquqşünasımız var. Heç onları məhkəmədə müdafiə eləmək imkanımız yoxdur. Həm də ki, bu ictimai təşkilatın həll edəcəyi bir məsələ deyil axı?!”
Şəymən