Ev almaq istəyənlərə ŞAD XƏBƏR:"Mənzil bazarında ucuzlaşma..."

"Mənzil bazarında təklifin çox, tələbin isə olmaması qiymətlərin enməsinə şərait yaradıb”
Bu barədə "Sherg.az”a mənzil və torpaq bazarında son qiymət dəyişikliyi ilə bağlı danışarkən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda mənzil bazarında ucuzlaşma hələ də davam edir:
"Mənzillərin ucuzlaşmasına bir sıra proseslər yol açır. Bu enmələrin əsas səbəbi bir çox layihələrin həyata keçməsi ilə bazarlarda təklifin atmasıdır. Bununla bağlı olaraq bazar da rəqabətin yaranması ilə qiymətlərin ucuzlaşdırılması istiqamətində qərar qəbul etmək məcburiyyətində qalır. Eyni zamanda ucuzlaşmaya təsir göstərən digər faktor  alıcılığın aşağı olmasıdır. Alıcılığın aşağı olması daşınmaz əmlak bazarında qiymətləri endirən əsas amillərdən biridir. 
Digər bir amil kimi onu da qeyd etmək lazımdır ki, 2018-ci ildən etibarən artıq Mənzil Dövlət İnşaat Agentliyinin icra etdiyi "Güzəştli mənzil” layihəsinin iki mərhələsi vətəndaşlarmıza təhvil verilməyə başlayıb. Hazırda agentlik üç il ərzində 1850-dən artıq mənzilləri vətəndaşlara verəcək. Bu isə daşınmaz əmlak bazarında mövcud tələbin altı faizidir. Bu da qiymətləri ucuzlaşdıran əsas elementlərdən biridir. Artıq bu istiqamətlərdə müəyyən qədər korrupsiya imkanları məhdudlaşıb. Lisenziyaların ASAN xidmətə verilməsi daşınmaz əmlak bazarının hüquqi qiymətlərində ucuzlaşdırmaya təsir göstərən digər faktordu”.
Paytaxt ərazilərində torpaqların qiymətinin bahalaşması məsələsinə toxunan R.Həsənov onu da əlavə edib ki, torpaqların tükənən resurs olması hər zaman qiymətlərdə öz sözünü deyir:
"Məhz hazırda bu faktor torpaqların qiymətinin davamlı şəkildə artmasını şərtləndirir. Çünki son dövrlərdə ölkəmizdə urbanizasiya prosesi çox sürətlə həyata keçib. Daha çox torpaqların bahalaşması Bakı şəhəri və Abşeron yuarımadasında müşahidə olunur. Bundan başqa digər faktor ondan ibarətdir ki, 2015-ci ildə qəbul edilən qərarla torpaqların təyinatının dəyişdirilməsi prosedurları gərçəkləşdirilir. Hazırda bu səlahiyyət yalnız Nazirlər Kabinetindədir. Ölkəmizdə bu kimi təyinatlı torpaqlar artıq həyatyanı sahə kimi və ya fərdi mənzil tikintisi üçün istifadə edilə bilmir. Bu isə təklifin miqyasını daha da azaldır və qiymətlərin artmasını şərtləndirir”.
Qeyd edək ki,2018-ci ilin may ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.
Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 0.3 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında 2.24 faiz ucuzlaşma baş verib. Bakıda torpaq bazarında isə may ayı ərzində qiymətlər 1.98, ilin əvvəli ilə müqayisədə isə 5.81 faiz artıb.Lakin ekspert hesab edir ki, il ərzində Bakıda mənzillərin qiymətində az da olsa artım qaçılmazdır. Baş direktorun sözlərinə görə, artım təqribən 4-6 faiz civarında proqnozlaşdırılır.
Kənan Eynuroğlu