Evləndilər, ayrıldılar, barışdılar

Müğənni Natavanla reper Dadonun hekayələri bitmir




Səhnədə olan tanınmışların ailəsi, şəxsi həyatı hər zaman maraq mərkəzində olub. Son illər sosial medianın, sosial şəbəkələrin mövcudluğu onların həyat tərzi, bəzən qlamur görünən yaşam tərzləri barədə müxtəlif müzakirələrə səbəb yaradır. Tanınmışların ailəsi, sevgililəri barədə isə müzakirələr daha geniş şəkil ala bilib. Xüsusilə də ailə quranların, boşananların bu münasibət barədə söylədikləri, paylaşımları və ətrafdakılar barələrində fikirləri də maraqla qarşılanıb.

Son vaxtlar evlənən cütlüklərin qısa müddətdə ayrılması da müxtəlif fikirlərin yaranmasına əsas yaradır. Niyə məşhurlar toylarını bəh-bəhlə medianın gündəminə daşıdığı halda boşanmalarını, ayrılıqlarını maksimum dərəcədə gizlətməyə üstünlük verirlər? Hər halda məşhurlar arasında görüntü yaratmaq xatirinə evlənənlər, ərə gedənlər də olur, həqiqətən ailə qurmağa üstünlük verənlər də. Son vaxtlar iki məşhur cütlüyün ailə tablosu, evlənmələri, qısa müddət sonra ayrılıqları da müzakirəsiz, söz-söhbətsiz ötüşmədi. Tanınmış müğənni Natəvan Həbibi ilə reper Dadonun nikaha girməsi, təmtəraqlı toyları, qısa müddətdən sonra isə cütlüyün ayrılığı suallara cavab istədi. Hətta cütlüyün toydan bir neçə ay sonra ayrılıqları bu evliliyin məqsədli, müəyyən maraqlara xidmət etməsi iddiasına da səbəb yaratdı. Bəziləri cütlüyün qarşılıqlı sövdələşmə ilə toy etdikləri, pul yığmaq, ərə getmək xatirinə evlilik yoluna çıxdığını desələr də, bəziləri tam əksinə, Natavanın Dado ilə evlənməsinin sadəcə sevgidən qaynaqlandığını iddia etdilər. İstənilən halda cütlüyün toylarından 3 ay sonra ayrılması müzakirəsiz ötüşmədi. Xüsusilə də Natavanın "Mən aylardı sizə yalan danışıram. Yalandan gülürəm” deyə paylaşımları cütlük barədə söz-söhbətləri bir az da genişləndirdi. Yalandan evlilik kimi şayiələri bir az da əsaslandırmış oldu. Bir müddət sonra cütlüyün barışdığı, sonra yenə də ayrıldığı xəbərləri isə münasibətin qeyri-ciddiliyinə əsas vermiş oldu. Bəlkə də cütlük arasında münasibət həqiqətən ciddidir, bəlkə də bir qadının bir anda əsəblə, gərginliklə yaşadıqlarını ifadə etməsi idi Natavan Həbibinin paylaşımları. Natavan bir anlıq hisslərinə qapılmış oldu, sevgisini unutmuş oldu. Ya da tam əksinə, elə özünün də yazdığı kimi münasibət yalan üzərində, görüntü olaraq təqdim edilib. Məsələ ondadır ki, niyə məşhurların son illər nikahlarından az sonra ayrılması adi hala çevrilib. Kimisi bəysiz toy edir, kimisi gəlini gizlədir, kimisi də dəm-dəsgahlı toy edib göstəri təqdim edib 4-5 ay sonra ayrılır. Dadonun Natavanı qucaqlayaraq paylaşım etməsi cütlüyü yenidən gündəmə gətirdi. İndi onları sevənlər, sevməyənlər, görəsən, bu iki məşhurun hansı paylaşımlarını ciddi qəbul etsinlər? Cütlük sevərəkmi ailə qurub, ya görüntü olaraq toy çalınıb? Ya da hər iki məşhur sadəcə evliliyin ilk dönəmində bir çox cütlüklər kimi depresiya yaşayırlar? "Natavanla Dado bu dəfə doğrudanmı barışıblar” sualına isə yəqin zaman ən doğru cavabı verəcək. Çünki tərəflərin açıqlamalarına artıq inananlar da azdı. Bu yalançı durum tablosunu isə cütlük özü yaratmış olub, indi kimə inanmalı? Cütlük barışıbmı?

Hər halda ictimai qınaq məsələsini də unutmaq lazım deyil.

Ekspert Təfəkkül Əliyev son illər boşanmaların bəsit səbəblər üzündən baş verdiyini qeyd edərək məşhur cütlük barədə fikirlərini bildirdi: "Ailə müqəddəs bir varlıqdı. Onu qurarkən düşünməlisən. Hər gün ailə qurmazlar, hər söz-söhbətlə ailəni dağıtmazlar. Ailədə hər iki tərəfin, qadının qadın qədər, kişinin də kişi qədər məsuliyyəti olur. Hərə öz məsuliyyətini dərk etməli, üzərinə düşən ər-arvad öhdəliyinin şərtlərini bilməlidir. Bu gün eşidirik ki, toy olur, beş gün sonra boşanırlar. Yaxşı, gənclər cahildilər, təmkinsizdilər, bəs bu cütlüklərin ailələri, böyükləri niyə bu qədər laqeyd olurlar? Niyə böyüklük edib tərəflərlə söhbət etmir, onlara öyüd-nəsihət vermirlər? Tanınmışların boşanmalarına, məşhurların evliliklərinə gəlincə isə insanlar həmişə tanınmış insanlardan ibrət götürməlidirlər. Hər bir tanınmış anlamalıdır ki, mən həm də ictimai əhəmiyyəti olan insanam. Mənim ailə modelim örnək olmalıdır. Mən adlarını qeyd etdiyiniz sənətçiləri şəxsən tanımıram. Bilmirəm necə ailə qurublar? Niyə ayrılıblar. Ancaq tövsiyəm olar ki, ayrılıq qərarını düşünmədən verməsinlər, biri-birlərinə güzəştə getməyi bacarsınlar. Qaldı inam məsələsinə, insan inamını itirdisə, onun həqiqəti belə yalan görünəcək. Hər bir insan çalışmalıdır ki, həyatda ona olan inam bitməsin, itməsin”.

Müğənni Manaf Ağayev də cütlüyə məsləhət verdi: 

"Mən onların toylarında iştirak etmişəm, onların sevincinə şahid olmuşam. Düzdür, insanlar evlənə bilər, münasibətlər dəyişər, həyatdı, qısa müddətdə boşana bilərsən. Amma bunun üçün ciddi səbəb varsa, boşanma, ayrılıq qaçılmaz olar. Amma xırda söz-söhbətlər, incikliklər boşanmaya qədər cütlüyü aparmamalıdır. Natavanın xətrini çox istəyirəm. Gözəl xanımdı. Düşünürəm ki, bir az zamana ehtiyacları var. Münasibətlərinə aydınlıq gətirməlidirlər. Bir də xalqı aldatmaq olmaz. Tanınmış insan əgər bir açıqlama verirsə, onun məsuliyyətini düşünməlidir. Müğənnilər, sənət adamları o qədər yalan danışır, bəlkə ona görə onlara inam qalmayıb. Mən bir onu bilirəm ki, bu günə qədər tamaşaçı qarşısında yalan danışmamışam. Ona görə də insanların sevgisini qazanmışam. İnşallah, bu dəfə cütlük həqiqətən barışar”.

Tahirə