Evlərin qiyməti daha da düşəcək

“Mənzil bazarı ilə bağlı proqnoz verərkən bu sahədə fəaliyyət göstərən sahibkarları düşünmək lazımdır”




Son aylarda Azərbaycanın mənzil bazarında durğunluq və kəskin qiymət azalmaları müşahidə edilir. Ev və torpaq alqı-satqısında artım demək olar ki, gözə dəymir. Ekspertlər bunu tikinti işlərinə ayrılan vəsaitin azaldılması və neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı da "Şərq”ə açıqlamasında daşınmaz əmlak bazarında dinamikanın azaldığını və çox kəskin passivlik müşahidə olunduğunu təsdiqləyib. Ekspertin sözlərinə görə, mənzil bazarında həm ipoteka kreditlərinin verilməsində bir durğunluq var, həm də nəğd alışların sayının həddindən artıq azalması hallarına rast gəlinir: "Bütün bunların məntiqi nəticəsi olaraq tələb çox azalıb. Bu, müəyyən mənada qiymətlərə təsir göstərir. Şəhərin bütün ərazilərində qiymət azalması müşahidə olunub. Hətta qiymət azalması tədricən dərinləşən xətlə davam edir. Əvvəllər aylıq qiymət azalması 1-2 faiz təşkil edirdisə, son aylarda minimum qiymət azalması 5 faizə qədər artıb”.

R.Osmanlının sözlərinə görə, mənzil bazarı ilə bağlı proqnoz verərkən bu sahədə fəaliyyət göstərən sahibkarları düşünmək lazımdır.

2016-cı ilin mənzil bazarındakı durumla bağlı proqnoz verməyin mənfi və müsbət nəticələri ola biləcəyini vurğulayan ekspert deyib: "Ümumiyyətlə, növbəti illərlə bağlı proqnoz verməyin tərəfdarı deyiləm. Çünki bu mənzil bazarındakı vəziyyəti daha da dərinləşdirə bilər. Hesab edirəm ki, proqnoz verərkən bir qədər diqqətli olmaq lazımdır. Çünki bizim qiymət azalması baxımından verdiyimiz hər bir açıqlama onlarla, yüzlərlə alıcının bazardan çıxıb gözləmə mövqeyinə keçməsi ilə nəticələnə bilər. Eyni zamanda potensial alıcılar var ki, bazarda onların da hər hansı əməliyyatlarının qarşısını ala bilərik. Düşünürəm ki, qarşıdakı il üçün proqnoz vermək bir qədər mənfi tendensiyalara gətirib çıxara, bazarda passivliyi artıra bilər. Ancaq onu deyə bilərəm ki, ilin sonuna kimi qiymətlərin daha da azalması gözləniləndir. Çünki indiki halda qiymət azalmasının qarşısını ala biləcək hər hansı əhəmiyyətli qərar və iqtisadi tendensiya müşahidə olunmur. Faktiki olaraq, makroiqtisadi göstəricilərdə azalmalar davam edir, neftin qiyməti 50 dollar ətrafında cərəyan edir. Bu da həm ölkəyə daxilən olan maddi vəsaitlərin həcminə, həm də ölkə daxilində tikinti və infrastruktur layihələrinə ayrılan vəsaitlərlə bağlı qərarların gecikməsinə təsir göstərəcək. Bütün bunların fonunda isə mənzil bazarında hansısa canlanmanın olacağı istisnadır. Amma ola bilər ki, növbəti ildən Prezidentin imzalamış olduğu ipoteka fərmanı daşınmaz əmlak bazarına müsbət təsir göstərsin. Fərmanın ən aktual və vacib tərəflərindən biri sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması məsələsidir ki, bu, ipotekanın mahiyyətini bir qədər dəyişəcək. Amma bütün hallarda cənab Prezidentin birbaşa fərmanı ilə İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması idarəetmənin təkmilləşdirilməsi və bu istiqamətdə fəaliyyətinin aktivləşdirilməsindən ibarət olacaq”.

Mənzil bazarındakı passivliyin daha çox hansı əmlaka təsir etməsinə gəldikdə isə R.Osmanlı deyib ki, azalmalar bütün əmlaklarda müşahidə olunur: "Bu passivlik bütün seqmentlərə təsir etsə də, yeni tikililərdə qiymət azalması bir qədər yavaş gedir. Bu da ondan irəli gəlir ki, yeni tikililərdə qiymətlərə tikinti şirkətləri, investorlar nəzarət edir və süni şəkildə qiymət azalmasının qarşısını alırlar. Qeyri-yaşayış sahələri bazarı tam olaraq iflic vəziyyətdədir. Buna da səbəb daşınmaz əmlakın alqı- satqısından vergi tutulması ilə bağlı qəbul olunan qərarlardır. Təkrar mənzil və torpaq bazarında da vəziyyət bir o qədər ürəkaçan deyil. Fərdi yaşayış evlərinin də tikintisi azalıb. Bir sözlə, daşınmaz əmlak bazarına ayrılan investisiya və xərclərin sayının xeyli azalması mənzil bazarına təsirsiz ötüşməyib”.

Şəymən