İndi isə həmin qadınlar dərhal sosial şəbəkədə fəallaşır
“Həm televiziyalar, həm də sosial şəbəkələr ailələrin dağılmasında xüsusi canfəşanlıq edir”
Son illərdə ölkəmizdə boşanmaların sayının kəskin şəkildə artması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Sözügedən problemin aradan qaldırılması, boşanmaların sayının minimuma endirilməsi məqsədi ilə Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dinləmə keçirilib. MM-də çıxış edən deputatlar boşanma xəbərlərinin yayılmasında mətbuatı qınayıb, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını bildiriblər.
İddialara görə, boşanmalar barədə xəbərləri mətbuatda yaymaq insanların psixikasına mənfi təsir edir. Yəni ayrılıq xəbəri özü növbəti boşanmaya yol açır. Bu tendensiyanın isə artıq medianın reytinq qazanmaq məqsədinə xidmət etdiyi vurğulanır. Üstəlik, hadisələrin, sadəcə, görünən üzü xəbər obyekti olur, ancaq onun başvermə səbəbləri fonunda cəmiyyətə heç bir maarifləndirici mesaj ötürülmür.
Ailələrin dağılmasının ciddi problemə çevrildiyini vurğulayan hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, boşanmaların səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: "Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.
S.Novruzov qeyd edib ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var. Ailədən uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Azərbaycanda ailələrin dağılmasına səbəb kimi sosial şəbəkələri, xüsusən də feysbukun adını hallandırıb. Komitə rəhbəri qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: "Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq-jurnalist Lalə Mehralı "Şərq”ə açıqlamasında deputatların yerdən göyə qədər haqlı olduqlarını deyib. O hesab edir ki, boşanmaların artmasında xüsusilə də televiziyaların rolu böyükdür:
"Siz diqqət etsəniz görərsiniz ki, karyera, qadın, cəmiyyət mövzulu proqramlara dəvət edilən qonaq qadınların əksəriyyəti boşanmış qadınlardır. Onların karyerasını, uğurunu efirdə təbliğ edir, boşanmasını xüsusilə qabardırlar. Elə mənzərə yaranır ki, qadın boşanan kimi karyerasında qəfil yüksəliş baş verir. Ailəli olmağı karyera önündə maneə kimi təqdim edirlər. Yaxşı ailəsi olan, amma işləmək üçün uyğun vəziyyətdə olmayan qadınlar üçün bu verilişlər heç bilirsiz nə deməkdir? Bombanı atıb qaçmaq. Nə vaxt partlayar, partlayar. Ağıllı qadın üçün əhəmiyyətsiz olsa da, bu kimi təbliğatlara uyan çox qadın olur.
Və yaxud, impotensiyası sual altında olan birini çıxarıb Azərbaycan kişisinin mərdliyindən, xarakterindən tamaşaçıya dərs verdirirlər. İnternetdə boy-boy, səhifə-səhifə çılpaq-lüt şəkilləri olanlar, münasibətdə olduğu kişilərin sayını itirdiyini etiraf edənlər efirdə əsl Azərbaycan xanımının necə olması barədə əxlaq dərsi keçir.
Bütün bunların nəticəsidir ki, cəmiyyət böhran keçirir, ailələr sınaqdan ya çıxır, ya da çıxmır. Hadi Rəcəbli də, Siyavuş Novruzov da haqlıdır, həm televiziyalar, həm də sosial şəbəkələr ailələrin dağılmasında xüsusi canfəşanlıq edir. Əvvəl ərindən küsən dədəsi evinə gedirdi, indi özünə sosial şəbəkədə səhifə açır. Sosiallaşmaq gözəl şeydir, amma etiraf edək ki, virtual sosiallaşma bir çox ailələrin dağılma səbəbinə də çevrilə bilir”.
Şəymən