Falçıların fəaliyyəti qadağan edilir

“Bu elə fəsaddır ki, qanunla tam şəkildə qarşısını almaq mümkün deyil”



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı qərar layihəsi hazırlanır. Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən komitə sədri qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: "Səmavi dinlərdə, o cümlədən islamda falçılıq onsuz da qəbul edilmir”. M.Qurbanlı bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.

Belə bir qərarın lazımlı olduğunu deyən tanınmış astroloq Firudin Qurbansoy falçılığa qadağa qərarının gecikdiyini söyləyib: "Azərbaycanda cadugərlər, falçılar cahil əməlləri ilə nə qədər insanı bədbəxt ediblər. Hətta onların əməllərindən dünyasını dəyişənlər də olub. Ona görə də bu qərar vaxtında verilməli, belə mənfi halların azaldılması üçün şərait yaradılmalı idi. Düzdür, bu elə fəsaddır ki, qanunla tam şəkildə qarşısını almaq mümkün deyil. Lakin müəyyən qədər azalmasına səy göstərilməsi çox müsbət haldır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli isə dini, milli-mənəvi dəyərlərin mühafizə olunması üçün aidiyyəti dövlət orqanlarının, Ruhanilər İdarəsinin, eyni zamanda cəmiyyətin özünün də bu qərarın icrasında iştirak etməsinin vacibliyini vurğulayıb: "Dini ayinlərin, mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi millətin və dövlətin milli mənafeyinə, islamın gətirdiyi keyfiyyət prinsiplərinə xidmət göstərir. Layihənin həyata keçməsi dünyəvi ölkə olsaq da, Azərbaycanda gerçək dini dəyərlərin təbliğ olunmasına yol açacaq və Azərbaycanda xurafatın cahillik dönəmini xatırladan fikirlərin aradan götürülməsinə ilkin olaraq şərait yaradacaq”.

Ekspert falçılığın heç bir halda dinimizin dəyərlərinə aidiyyəti olmadığını, bu səbəbdən də qadağa qoyulmasının düzgün olduğunu deyib: "Mən bunu dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda olan falçılıq, fala inanma, xurafat bəlkə də dünyanın heç bir ölkəsində olmayacaq qədərdir. Bunun qarşısının alınması üçün inzibati metodlarla dövlətin apardığı bütün işlərə hər birimiz dəstək olmalıyıq. Düşünürəm ki, bu qərarın verilməsi belə mənfi halların azalmasına səbəb olacaq”.

Ekstrasens, parapsixoloq Vahid Məcidov da bu qərarı yüksək qiymətləndirdiyini bildirib. O deyib ki, zamanla bu işlə məşğul olan insanlara qarşı özü də mübarizə aparıb: "Mən bilirəm ki, falçıların bir çoxu şarlatanlardır. Buna baxmayaraq intiusiyalı insanlar da var ki, onların proqnozları həqiqəti əks etdirir. Fala baxmaq, şarlatanlıq, kiminsə cibinə girmək yolverilməzdir. Onlara qarşı mübarizə aparılmasının tərəfdarıyam, daha da amansız olmaq lazımdır. Mən özüm də falçılardan zərər çəkmişəm, istəyərdim ki, hər şey elmi əsaslarla həyata keçirilsin”.

Parapsixoloq azərbaycanlılar arasında kifayət qədər bacarıqlı ekstrasenslərin olduğunu vurğulayıb. O, ekstrasens Zirəddin Rzayevin qabiliyyətini yüksək qiymətləndirdiyini deyib: "Mənim ona çox böyük hörmətim var, bacarıqlıdır. Mən özüm xalça ustası olmuşam. Problemlərlə qarşılaşandan sonra bilmişəm ki, dünyanın başqa üzü də varmış. Belə şeylərlə mənfi qüvvələrdən qorunmaq olar. Şarlatanları üzə çıxarmaq lazımdır. Mən özüm xiromant, parapsixoloqam. Prosedurun həyata keçirilməsini çox yaxşı bilirəm. Hər bir halda bu məsələlərə elmi cəhətdən yanaşmağa çalışıram”. Ekstrasens indiki halda ona müraciət edənlərin sayının kifayət qədər çox olduğunu söyləyib: "İşi düz gətirməyən, ailədaxili problemləri olanlar, psixoloji problemləri olanlara müxtəlif üsullarla kömək etməyə çalışıram”.

Aysel Aslan