Falçılarla mübarizə çətin olacaq

“Hətta ən ciddi telelayihələrdə belə, başda falçını oturdub alim və digər ziyalılarımızı onların vasitəsilə məsxərəyə qoyurdular”Səbuhi Rəhimli: “Falçılar çox böyük şəbəkəyə malikdir, üstəlik, onların əksəriyyətinin himayədarları var”
Lalə Mehralı: "Heç bir qadağa bunun qarşısını ala bilməyəcək. Çünki istənilən insanın ən ümidsiz anında bir ümidə ehtiyacı var”

Elnur Rüstəmov: "İnsanlar gələcəkləri ilə bağlı həmişə narahat olurlar. Bu düşüncələr insanda heç vaxt dəyişməyəcək”
Son günlər falçıların inzibati, bəlkə də cinayət məsuliyyətinə cəlb olunma məsələsi cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Hansı ki bu məsələ ta əvvəldən ciddi narahatlıqlara səbəb olub və insanların falçılara, cadugərlərə pənah aparması mütəfəkkirlərin əsərlərində də tənqidə tuş gəlib. Bu məqamın əks olunduğu "Dərviş Parisi partladır” filmi yəqin ki, çoxlarının yadındadır. Amma bütün bunların fonunda "Fala inanma, faldan da qalma” deyə "gələcəkdən xəbər tutmaq” üçün qara magiya ilə məşğul olan insanların qapısını döyənlər az deyil.
Təbii olaraq, hər bir cəmiyyətdə ayrı-ayrı fərdlər öz problemləri qarşısında çox hallarda aciz qalır. İnsan elə vəziyyətə gəlir ki, sıxıntısının nə vaxtsa gedəcəyini dəqiq bilmək istəyir. Bütün bu sıxıntılar və problemlər qarşısında özünü tək-tənha, yalqız hiss edən insan xilas üçün müxtəlif yollar axtarır. Çarəsiz vəziyyətdə olduğunu düşünən insanlar son ümid yeri olaraq falçı, baxıcı qapılarına üz tuturlar. Onlar elə zənn edirlər ki, falçıya getməklə işləri düzəlir və qabaqcadan nəyisə falçı vasitəsilə həll eləmək mümkün olur. Əslində isə bu, özünü aldatmaqdır. Eyni zamanda falçı yanına getmək Allaha şərik qoşmaq qədər böyük günahlardan sayılır.
Maraqlıdır, müvafiq qərar öz təsdiqini tapsa, qadağa ilə falçılığın qarşısını almaq mümkün olacaqmı?
Bütün sivil cəmiyyətlərdə qara magiya daşıyıcılarına qarşı mübarizə metodu olduğunu vurğulayan "Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, orta əsrlərdən üzü bəri sərt və ya yumşaq formada falçılığa, cadugərliyə və digər neqativ hallara qarşı cəza formaları olub: "Məşhur inkvizisiya məhkəmələri daha çox bu işlə məşğul olub. Amma tam dayandıra bilməyiblər. Hətta dinin də qadağan olunduğu sovet dönəmində belə, bu kimi hallara ciddi təpki vardı, lakin yenə də hər kənddə, hər şəhərdə gizli də olsa fəaliyyət göstərənlər olurdu. Bu gün məlum hallar daha da intensivləşib. Bunun da səbəbləri çoxdur”.
Astroloq qara enerji daşıyıcılarının əsasən xaos dönəmində fəallaşdıqlarını deyib: "Belə zamanlarda insanlar doğrunun harada, yalanın harada olduğunu bilmirlər və ümid axtarışına çıxırlar. Atalarımız dediyi kimi, "boş çuxura çirkli sular tez dolur”. Fırıldaqçı xürafatçılar da bu fürsətdən yararlanıb sadəlövh insanları aldatmağa başlayırlar”.
Falçıların zaman-zaman qəzetlər, saytlar, telekanallar tərəfindən geninə-boluna təbliğ edildiyini təəssüflə qeyd edən astroloq əlavə edib ki, hətta ən ciddi telelayihələrdə belə, başda falçını oturdub alim və digər ziyalılarımızı onların vasitəsilə məsxərəyə qoyurdular.
S.Rəhimli falçıların təbliğatının qarşısının alınması üçün zaman-zaman özünün də mübarizə apardığını bəyan edib. Ancaq o hesab edir ki, dövlət səviyyəsində bu iş aparılmasa, dayandırmaq mümkün deyil: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin falçılarla bağlı qərarını dəstəkləyirəm. Lakin onun tam həyata keçirilməsinə inanmıram. Çünki falçılar çox böyük şəbəkəyə malikdir, üstəlik, onların əksəriyyətinin himayədarları var. Onlara şəhərin ən görkəmli yerlərində gözəl şərait yaradılıb, ofis və ya evlər verilib. Mən illər öncə bu halların qarşısını almaq üçün böyük bir layihə işləmişəm. Bacardığım qədər yardımçı ola bilərəm. Məndə 300-dən çox falçının adı və ünvanı da var. Təsəvvür edin ki, təkcə İçərişəhərdə 40-a yaxın cadugər yaşayır. Bu işdə ilk öncə prinsipiallıq və cəsarət lazımdır. Komitə istəsə, ölkədə olan bütün falçıları aşkara çıxarıb ifşa edə bilər. İlk növbədə onların mediada təbliği dayandırılmalı, daha sonra onların ünvanını aşkar edib "fəaliyyətlərinə” xitam verilməlidir. Çox istərdim ki, bu mübarizə dilənçilərə qarşı mübarizə kimi görüntü xətrinə olmasın”.
Sosioloq Lalə Mehralı da hesab edir ki, müvafiq layihənin gerçəkləşməsi tam şəkildə effekt verməsə də, falçılığı böyük biznesə çevirmiş insanların bir az əl-qolunu bağlayacaq: "Onlar artıq bu işə öyrəşiblər və kifayət qədər gəlir əldə edirlər. Yenə də küncdə-bucaqda öz işlərini görəcəklərini düşünürəm. Uzaqbaşı, işlərinin adını dəyişib, falçılıqla yox, müalicə işi ilə məşğul olduqlarını, əllərində şəfa olduğunu deyəcəklər. O vaxtlar Sabunçuda belə biri vardı. Bilmirəm indi də o işlə məşğuldur, ya yox? Səhv etmirəmsə, adı da Zamin idi. İnsanları guya ayı qanı ilə müalicə edirdi, amma əslində şarlatanlıqla məşğul idi. Müalicə adı altında falçılıq edirdi. İndi də falçılıq qadağan ediləndə bir çoxlarının bu yola ət atacaqlarını düşünürəm”.
Falçılığın tamamilə yox olacağına inanmayan sosioloq deyib ki, heç bir qadağa bunun qarşısını ala bilməyəcək: "Çünki istənilən insanın ən ümidsiz anında bir ümidə ehtiyacı var və insanlar çox vaxt bu ümidi falçıda axtarırlar. Həm də savadlı, təhsilli insanlardan tutmuş cahil olanına qədər”.
Psixoloq Elnur Rüstəmovun qənaətincə, qanunun qəbul edilməsi çox yaxşı haldır. Amma falçıya gedən, inanan həmişə olacaq: "Sui-istifadə edən, ailələri dağıdan, külli miqdarda qazanc əldə etmək üçün çalışanlar var idi. Qanunvericiliklə müəyyən tədbirlərin görülməsi yaxşı olardı. Ancaq mən inanmıram ki, kimsə bu qadağa ilə falçıdan uzaq dursun. Bunla belə, falçıya gedənlərin sayı azalacaq”.
Psixoloq problemin əsas həll yolunu cəmiyyətin düzgün maarifləndirilməsində görür: "Gələcəklə bağlı məlumatlar hər zaman insanlar üçün maraqlı olur. "Gələcəkdə nə olacaq?”, "Kim mənim haqqımda nə fikirləşir?”, "Mənə pislik edən kimdir?” tipli suallarına cavab tapmaq üçün insanlar falçı, cadugər yanına gedirlər. İnsanlar gələcəkləri ilə bağlı həmişə narahat olurlar. Bu düşüncələr insanda heç vaxt dəyişməyəcək. Burada insanlara alternativlər təqdim edilməlidir. Məsələn, falçıya getmə, psixoloqa get. Psixologiyada gələcəklə bağlı bir terapiya var. Orada da qeyd olunur ki, insanlar dünən yox, daha çox sabahla bağlı narahatçılıq keçirirlər. Falçılar da insanların zəif yerindən tutur. Alternativlər olduğu təqdirdə problem müəyyən qədər tənzimlənəcək”.
Psixoloq hesab edir ki, falçılar Neyro Linqvistik Proqramlaşdırma (NLP) deyilən bir anlayışdan istifadə etməklə insanların inamını qazanırlar: "Tutaq ki, "İki aydan sonra sənin bəxtin açılacaq” - deyirlər. İnsan da iki aya köklənir. Əhvalı yaxşı olur, pozitiv enerjidə olur. Pozitiv olduqca təbii ki, onun bəxti açılacaq. İnsana deyəndə ki, sənin həyatında altı aydan sonra dəyişiklik olacaq, o da artıq özünü həmin dəyişikliyə kökləyir, depressiv vəziyyətdən çıxır. Pozitiv pozitivi dartıb gətirir. Falçılar isə bu məqamlardan çox yaxşı istifadə edirlər”.
E.Rüstəmov hesab edir ki, falçıya gedən insanların heç də hamısı psixologiyası zəif olan insanlar deyil. Onun sözlərinə görə, falçı ilə oturub-duran kifayət qədər oxumuş, savadlı insanlar var. Bir qisim üçün bu, bir hobbi, əyləncədir, bir qisim insanlar isə həmin falçının təsir dairəsinə düşür. Elə insanlar da var ki, bütün həyatlarını falçıların dedikləri üzərində qururlar. Əgər səfərə getməlidirlərsə, falçı məsləhət görməsə, təxirə salırlar”.
Bu sahədə tənzimlənmə işlərinin aparılmasına ehtiyac olduğunu düşünən psixoloq deyib ki, tədbirlərin necə keçirilməsindən də çox şey asılıdır: "Bir çox Avropa ölkələrində bu işi tənzimləmək üçün başqa bir yoldan istifadə ediblər. Belə ki, falçıları vergiyə cəlb ediblər. Çünki qadağan da olunsa, onların bir qismi başqa ad altında fəaliyyət göstərirlər. Deyəcək ki, mən falçılıq etmirəm, söhbət edirəm. Bizdə falçıların bir qisminin ümumiyyətlə, təhsili yoxdur. Bir qisminin ruhsal problemləri var”.
Şəymən