Fərəc Quliyev məmurların villalarının sökülməsinin əleyhinədir

“Belə yerlər müsadirə olunub milliləşdirilərsə, uşaq evlərinə, müəyyən idarələrə verilə bilər, orada bağçalar yaratmaq olar”



Millət vəkili Fərəc Quliyev hökumət daxilində aparılan "təmizləmə” əməliyyatından, "MTN işi” ilə əlaqədar həbs edilən, işdən çıxarılan məmurların dəbdəbəli villalarının sökülməsinin tərəfdarı olmadığını deyib. Prezident tərəfindən aparılan ciddi mübarizəni dəstəklədiyini bəyan edən millət vəkili hesab edir ki, korrupsiyaya qarşı mübarizədə real addımların atılması cəmiyyət tərəfindən müsbət qarşılanır. Onun sözlərinə görə, məmurlara məxsus villalar və başqa formada olan əmlakların qeyri-qanuni yolla əldə olunan qazancla ərsəyə gətirildiyi müəyyənləşərsə, təbii onlar artıq dövlət mülkiyyətinə keçirilməlidir:

"Dövlət mülkiyyətinə keçiriləndən sonra isə onun satışa çıxarılması, başqa məqsədlərlə istifadə edilməsi də mümkündür. Amma həmin villaların sökülməsi doğru deyil. Çünki həmin obyektlər dövlətdən, cəmiyyətdən, xalqdan oğurlanan vəsaitlər hesabına tikilib. Onlar dağıdılanda da xalqın malı dağıdılır. Belə yerlər müsadirə olunub milliləşdirilərsə, uşaq evlərinə, müəyyən idarələrə verilə bilər, orada bağçalar yaratmaq olar. Ya da satışa çıxarmaq olar. Onların dağıdılmasının əleyhinəyəm”. Məlumat üçün bildirək ki, son günlər sözügedən villaların taleyi sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib. Xüsusən də, ən çox adı hallanan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova, BRTİB-nin keçmiş rəhbəri Beytulla Hüseynova, Rabitə Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalova və digərlərinə məxsus villaların necə olacağı hər kəsi maraqlandırır. Bu villaların məhkəmənin qərarı ilə dövlət tərəfindən müsadirə edilməsi gözlənilsə də, hansı təyinat üçün istifadə ediləcəyi sual altındadır. Ancaq ictimaiyyəti narahat edən məsələlərdən biri də məmurların villalarının sökülməsi təcrübəsidir. Xatırladaq ki, bu artıq bir neçə dəfə baş verib. İctimaiyyət nümayəndələri isə hazırkı şəraitdə mənimsənilən dövlət vəsaiti hesabına tikilən villaların sökülməsini deyil, müxtəlif sosial təyinatlar üzrə istifadəsini təklif edirlər.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlının dediyinə görə, burada söhbət paytaxtda şəhərsalma prosesinin pozulmasından, park və digər sosial ictimai əhəmiyyətli obyektlərin ərazisindəki tikintilərdən gedirsə, həmin villalar birmənalı olaraq sökülməlidir: "Amma həmin villalar ətrafındakı dövlət obyektlərinin giriş-çıxışına mane olmursa, bu villaların sökülməsinin əleyhinəyəm. Mən o fikirlə razıyam ki, məmurlar həmin villaları xalqdan mənimsədiyi, dövlətdən oğurladığı pullar hesabına inşa etdirib. Burda isə kifayət qədər böyük məbləğlərdən söhbət gedir. Sökülməsi nəzərdə tutulan həmin obyektlərin qiymətləri 20-30 milyon arasında dəyişir. Mənə elə gəlir ki, burada ən optimal variant həmin villaların dövlət mülkiyyətinə keçirilərək hərraca çıxarılmasıdır. Xüsusən də, gəlirlərimizin bu qədər azalması fonunda satışdan əldə olunan vəsaitin dövlət büdcəsinə keçirilərək həmin villa sahiblərinin ziyan vurduqları sahibkarlar qarşısındakı öhdəliklərin həmin vəsait vasitəsilə ödənməsi ola bilər. Ancaq indiki halda həmin villaların sökülməsi bizə müsbət heç nə verməyəcək. 10-15 milyonluq bir villanı sökmək bir yana qalsın, üstəlik, onun sökülməsinə də müəyyən qədər vəsait lazımdır. Bundan əlavə də həmin villanın söküldüyü ərazini 1-2 ildən sonra başqa bir məmur zəbt edib, yerində ondan daha dəbdəbəli bir villa tikəcək. Deməli, burada dövlət qazanmaqdan daha çox itirmiş olur. Amma həmin villalar hərraca çıxarılsa, ən azından sahibkarlarla bağlı problemlər öz həllini tapmış olar”. Bu cür bahalı və dəbdəbəli villaların Azərbaycanda satılmasının nə dərəcədə real olduğuna gəldikdə isə ekspert hərrac haqqında qanunvericilikdə bu cür satışların öz əksini tapdığını deyib: "Hərraca çıxarılan daşınmaz əmlak mövcud bazar qiymətlərində təklif olunmadığına görə, onun alıcısı qismində iştirak edən insanlar tapıla bilər. Hərrac prosesində onun qiymətindən ilkin mərhələdə 15 faiz çıxılır. Həmin əmlak satılmayanda ikinci mərhələdə isə əmlakın dəyəri 25-dən 40 faizə qədər azalma mümkündür. Bu mənada həmin villaların satılacağını real hesab etmək olar”.

Şəymən