Feysbukda “Dostlar” təxribatı...

Məsləhət görülür ki, mesajlar açılmasın, əks təqdirdə biabırçılıq olar




Dünən feysbuk sosial şəbəkəsinin istifadəçiləri çox ciddi problemlə qarşılaşıb. Səhər saatlarından etibarən bu sosial şəbəkədə istifadəçilər üçün təhlükəli virus yayılıb. Viruslar özünü əsasən pornoqrafik materiallarda və istifadəçilərə xüsusi mesajların göndərilməsində, onların mesaj qutularında qruplara əlavə edilmələrində özünü göstərib. Feysbuk-da şəxsi mesaj bölməsinə digər dostlardan virus linkləri gəlib. Belə ki, sizin mesaj qutunuza bildiriş gəlir ki, dostlarınızdan biri qrup yaradıb və sizi də həmin mesajlaşma qrupuna əlavə edib. Lakin dostlarla maraqlananda bu qrupun onlar tərəfindən yaradılmadığı məlum olur. İstifadəçilər isə məsələnin nədən qaynaqlandığını dəqiqləşdirə bilmirlər.

Qeyd edək ki, bu günə qədər Feysbukda belə problemlər tez-tez yaşanırdı. Amma bu qədər kütləvi formada virusların yayılması ilk dəfədir. Demək olar ki, axşam saatlarına qədər istifadəçilərin mesaj qutusuna dayanmadan müxtəlif dostların hesablarından virus linki gəlib. Virus avtomatik olaraq mesaj qutusuna gəlir. Hətta istifadəçinin istəyi olmadan mesajlar açılır və getdikcə çoxalır.

Bəzi feysbuk istifadəçiləri bunun təxribat olduğunu hesab edirlər. İddia edilir ki, yayılan spamlar vasitəsi ilə feysbuk parolları oğurlana bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sosial şəbəkələrdə belə virusun kütləvi yayılması təhlükəlidir.

Ekspertin sözlərinə görə, sosial şəbəkədə bu kimi təhlükənin yayılmasına Elektron Təhlükəsizlik Mərkəzi dərhal reaksiya verməlidir: "Bu məsələ ilə bağlı Elektron Təhlükəsizlik Mərkəzi tədbir görməlidir. Bu qurum dövlətin informasiya təhlükəsizliyinə cavab verən qurumdur.

Mərkəzdən aldığımız məlumata görə, hazırda bu virusun dərmanını axtarırlar.

İstifadəçilərə tövsiyəmiz odur ki, mesajlara daxil olan informasiyalardan ehtiyatlı olsunlar, mesajları açıb oxumasınlar. Bundan əlavə, həmin qruplardan çıxmaq, parolları dəyişmək lazımdır”.

Elektron Təhlükəsizlik Mərkəzi isə virusların yayılması ilə bağlı araşdırmalar aparıldığını vurğulayıb: "Əslində bu virus deyil və spam mesajdır. Bu spam mesajlar əvvəllər də olub. Sadəcə, bu qədər diqqət çəkməyib. Bu qədər diqqət çəkməsinə səbəb isə odur ki, mesaja daha çox adam toplayır və spam daha çox istifadəçiyə göndərilir”.

Mərkəzdən bildiriblər ki, adətən belə mesajlar insanların taym-laynlarında, profillərində nəyisə paylaşmaqla yayılırdı, bu dəfə isə mesaj kimi yayılıb: "Bunun da səbəbi insanlar özləridir”.

Mərkəz məsləhət görüb ki, sosial şəbəkə istifadəçiləri tanımadıqları linkləri klikləməsinlər, şübhəli mesajları açmasınlar: "Kliklənən hər link də harasa yönləndirilir və oradan oyun endirilir. Bu oyuna iki dəfə klik etmək kifayətdir ki, istifadəçinin istifadə etdiyi kompüterə xüsusi cihazlar quraşdırılsın və ya istifadəçinin adından paylaşımlar getsin. Əslində bu məsələdə səbəbkar və günahkar kimliyindən asılı olaraq istifadəçilərin özləridir”.

Mərkəz ekspertlərin onların fəaliyyəti ilə bağlı tənqidi fikirlərinə əsas olmadığını bəyan edib: Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən feysbukda informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça dərc olunub. Bu kitabça minlərlə sosial şəbəkə istifadəçisinə paylanıb. Hazırda da Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edənlərə bu kitabça paylanılır”.

Qurumdan bu spam virusdan xilas olmağın çıxış yolunu izah etməsələr də, bildiriblər ki, çıxış yolu barədə məlumat bir azdan Elektron Təhlükəsizlik Mərkəzinin saytında yerləşdiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçiliyin inkişafı şöbəsindən isə bildiriblər ki, yayılmış virusla bağlı feysbuk şirkətinin özü məsuliyyət daşıyır: "Feysbuk” beynəlxalq şirkət olduğu üçün onun bütün server avadanlıqları, informasiya sistemləri ehtiyatları ABŞ-dadır. Məhz bu viruslara nəzarət etmək mümkün deyil. Bununla bağlı təhlükəsizlik tədbirlərini feysbukun özü həyata keçirməlidir”.

Şəymən