Feysbukda intihar qoxusu var...

Profilində bədbin status paylaşan dostlarınıza qarşı həssas olun!
Bu riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır



Ötən gecə Bakıda iki gənc özünə qəsd edib. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
İntihar edən gənclərdən biri şair Məlik Cahan yanvarın 8-i axşam saatlarında Dənizkənarı Bulvarda "Yaxt Klub”a yaxın ərazidə özünü dənizə atıb.


Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub. Dostlarının sosial şəbəkədəki paylaşımlarına görə, son 10 gün ərzində Məlik Cahan psixoloji narahatlıqlar yaşayır, həssas olduğu üçün cəmiyyətin bəzi ağrılı faktlarına dözə bilmədiyini yazırmış.

Onun iki gün öncə feysbuk profilində paylaşdığı status da diqqət çəkir. "52 saat 2 dəqiqə” yazılan qeydin zamanı intiharla üst-üstə düşür.
Mətbuatda şeirləri çap olunan gənc Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurmuş.

Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimovun açıqlamasına görə, o, təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşib. Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: "Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

Özünü metro qatarının altına atıb öldürən gəncin də kimliyi bilinib.

O, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğludur. Dizaynerliklə məşğul olan Rəşadın sonuncu iş yeri "Glamour Center” MMC olub. O, müxtəlif səyahət turlarının təşkili ilə məşğul olurmuş. Rəşad Mustafazadə 2015-ci ildə Gəncə Humanitar Kollecini bitirib. Həmin kollecdə təhsil alan Nigar Səmədova modern.az-a açıqlamasında Rəşadın çox pozitiv gənc olduğunu deyib: "Eyni təhsil müəssisəsində oxumuşuq. O, kollec vaxtı çox şənliklər, tədbirlər, turlar təşkil edirdi. İnstaqram sosial şəbəkəsində "Glamour turlar” adlı səhifəsi var. Yeni ilə aid pozitiv video paylaşmışdı. Heç düşünməzdim ki, 1 həftə sonra intihar edəcək. Çox pis olmuşam”.
Rəşad Mustafazadənin cinsi azlığın nümayəndəsi olduğu bildirilsə də, Nigar Səfərova bu haqda dəqiq məlumatının olmadığını qeyd edib: "Mən onu ancaq qızlarla görmüşəm. Onun cinsi azlığın nümayəndəsi olmasına dair hər hansı bir sübut yoxdur”.

Cavid Kərimov Rəşadı Gəncə şəhərində QHT sektorunda çalışarkən tanıdığını vurğulayıb: "Müsbət enerjili, həyat dolu gənc idi, həmçinin Gəncə şəhərinin ictimai-sosial fəaliyyətində yaxından iştirak edirdi. Turizm şirkətində çalışırdı və musiqiyə xüsusi marağı var idi. "Eurovision” fanatıydı, hətta hər il "Eurovision”larda iştirak edirdi”.

Məlumat üçün bildirək ki, özünü dənizə atan Məlik də intihar etməmişdən bir neçə dəqiqə əvvəl də bu barədə öz feysbuk səhifəsində məlumat paylaşıb.

O, yazdığı şeirində ölümün bir başlanğıc olduğunu qeyd edib.

Gənc şairin sonuncu şeiri:

"Ölüm son deyil, başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.
Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı”.

Bu da son illərin tendensiyasıdır. Öz ipini özü çəkən gənclər əvvəlcədən bu dünya ilə haqq-hesab çəkir. Ya intihar anonsu verir, ya da ürəyində qalan sözləri, heç kəslə paylaşa bilmədiyi duyğularını feysbuk vasitəsilə hər kəslə paylaşır. Odur ki, bundan sonra öz profilində bədbin status paylaşan insanlara qarşı daha həssas olun! Kimsə deməsin ki, məsələn, əşşi, feysbukdu də, niyə ictimailəşdirirsiniz, yaxud, feysbukda yazılan statusları niyə ciddi hesab edirsiz ki? Göründüyü kimi, sosial şəbəkələr böyük əhəmiyyətli ictimai yerlərdir. Sosial şəbəkələr küçədi, bazardı, şadlıq sarayıdı, iş yeridi, kafedi, universitetdi, hündürmərtəbəli binadı, intihar kəndiridi, dar ağacıdı... Özünü öldürmək istəyənlər feysbuk sosial şəbəkəsində intihar edəcəyi ilə bağlı status yazır və gedir...

İntiharı daha çox etiraz formalarından biri kimi dəyərləndirən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, bu həm də şəxsin axtarmış olduğu çıxış yoludur: 

"Nə qədər neqativ də olsa, bu, cəmiyyətimizdə baş verir. İntihara səbəb olan faktorlar çoxdur. İntihar riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır. Təəssüflər olsun ki, hazırda intiharın cavanlaşdığını görürük. Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin kökünə varsaq, bunların əksəriyyəti ailədaxili münaqişələrdən qaynaqlanır. Məsələn, ali məktəbə qəbulla əlaqədar imtahanlarda bəzən görürsən ki, valideyn övladının nə istədiyinin fərqinə varmadan ona diktə etməyə çalışır. Valideyn özlüyündə bir yol cızır və bunu mütləq bir şəkildə aşılamağa çalışır. Sən bu ixtisas üzrə təhsil almalısan və yaxud bu peşənin sahibi olmalısan. Bütün bunlar yeniyetmədə müəyyən məsuliyyətləri aşır. Yeniyetmə bu davranışlara əməl edə bilməyəcəyini düşünərək intihara cəhd edir”.

Psixoloq qeyd edib ki, valideynlər mütləq övladları ilə söhbət etməlidir: 

"Onların nə istədiyi, düşüncələri, həyat məqsədlərinin nə olduğu barədə sorğu aparmalıdır. İndiki halda ailələrdə ən çox yaşanan problem ünsiyyət çatışmazlığıdır. Ailə üzvləri biri-biri ilə danışmır. Kişi bir tərəfdə internetdə oturur, qadın isə digər tərəfdə. Ancaq fikir versəniz, internetdə hər ikisi kimləsə danışır. Həmin yol sonda depressiyaya, münasibətlərin soyumasına, əsəbi davranışların, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır ki, bu da intihara aparır”.

Psixoloqun sözlərinə görə, psixoloji istiqamətdə cəmiyyət maarifləndirilməlidir. "Yeniyetmələrlə bağlı problemlər varsa, psixoloqa müraciət edilməlidir. 

Yardıma ehtiyac varsa, mütəxəssislərə müraciət edilməlidir. Bunun üçün ayrıca mütəxəssislər mövcuddur. Bu gün intihar haqqında çox yazılır. Amma nəticəsi olmur, problem azalmır, əksinə, daha da artır. Bu onu göstərir ki, cəmiyyət buna hazır deyil. Çünki bunlar kompleks tədbir deyil. İnformasiya kimi bilirik, amma nədən qaynaqlandığı əks olunmur. Onun qarşısını almaq üçün heç bir tədbir görülmür. Bu səbəbdən proses əks təsirini göstərir”.

İntiharın çıxış yolu olmadığını deyən "Sağlam Cəmiyyət” İB-nin sədri, sosioloq-jurnalist Lalə Mehralı bu addımı xudbinlik, xudpəsəndlik, dayaz düşüncə kimi qiymətləndirib: 

"İntihar doğmalarına verəcəyin ən ağır cəzadır. Onları ömürlük günahkar, peşman qoyub getməkdir. Əzizlərinizə nifrət edirsinizsə, intihar edin, onlara bundan ağır cəza yoxdur. İntihar düşünüləcək və ediləcək ən son hərəkət də deyil. İnsan doğmaları üçün problemlərinə, həyata inad ölməyi yox, yaşamağı seçəndə kamilləşir. İntihar kamil insan hərəkəti deyil. Həyatınız sizin üçün dəyərli olmasa belə əmin olun ki, ölümünüzdən sonra gözlərinə, ürəyinə qor dolacaq insanlar üçün qiymətlidir”.

Lalə xanımın sözlərinə görə, intihar edən insanlar ya sosial problemlərini bəhanə edir, ya da ki cəmiyyət arxasınca o cür düşünür:

 "Hamımızın çətin vaxtı olub, niyə biz intihar etmirik? İradə güclü hissdir və hamıda olmur. İradəsi olanlar sınaqdan çıxa bilir, olmayanlar yox. Gənclik həyata daha çox bağlandığımız bir yaş dövrüdür. Qanımızın qaynayan, özümüzə yol seçdiyimiz ərəfədir. Eşitdim ki, intihar edən gənclərdən biri 600 manat təhsil ödənişini xərclədiyinə görə intihar edib. Siz indi onun ailəsinin vəziyyətini düşünün. 600 manat üçün oğulları özünü öldürüb. Məgər o pul tapılmazdı ki? Axı o qədər də yüksək məbləğ deyil! Hər qohum 50 manat kömək etsə, həll olunası bir problem idi. Deməyim odur ki, bu problem ölüm üçün cüzi səbəbdir”.

Şəymən