“Finalı yüksək səviyyədə təşkil etməklə ölkəmizə qarşı böhtan kampaniyası aparanlara layiqli dərs verdik” - Deputat

UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu uğurla başa çatdı. Bu, bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.
Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkədir.
Hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın şəkildə ortaya qoydu.
Hazırlığın yüksək səviyyəsi xaricdəki anti- Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt üst etdi, başlanmasına cəhd edilən "qara piar” kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi.
Bu uğulu nəticə ilə Azərbaycan təsdiq etdi ki, ölkəmiz 2020- ci ildə Avropa Çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.
Millət vəkili Aqil Abbas "Sherg.az”a açıqlamasında bildirib ki, dünənki final oyununda yenidən ölkəmiz özünü bütün dünyaya tolerant dövlət kimi tanıtdı:
"Azərbaycana qarşı böhtan kampaniyası aparanlara, bizi sevməyən və gözü götürməyənlərə layiqli dərs verdik. Bu, ölkəmizdə keçirilən ilk yarış deyil. Azərbaycanda tez-tez dünya miqyaslı tədbirlər həyata keçirilir. Avropa və Bakı İslam oyunları, "Formula -1” yarışları və digər tədbirlərə ölkəmiz yüksək səviyyədə ev sahibliyi edib. Bütün tədbirlər zamanı Azərbaycan təhlükəsiz ölkə olduğunu sübut edib. Azərbaycanda əmin-amanlıq, təhlükəsizlik yüksək səviyyədədir. Düzdür, bəzi qüvvələr ortalığı qarışdırmaq istədilər. 
Hətta erməni əsilli futbolçu Mxitaryanın adını kürəklərinə yazıb paytaxtda gəzdilər də, onlara da bir söz deyən olmadı. Nə qədər təxribata cəhd etdilər, alınmadı. Azərbaycan tolerant, multikultural, sabit və təhlükəsiz ölkə olduğunu bir daha sübut etdi. Heç şübhəsiz ki, ölkəmiz 2020- ci ildə Avropa Çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək bacarığına qadirdir. Buna heç kimin şübhəsi olmasın”.
Yeganə Bayramova