Fit səsi...

Azərbaycanlı azarkeşlərin Almaniya sevdası bitmir
Tanınmışlar dünya çempionatını böyük həyəcanla izləyəcəklər


Bu gün futbol üzrə növbəti Dünya Çempionatının ilk fiti səslənəcək. İyunun 14-də Rusiya paytaxtı Moskva şəhərində açılışı olacaq mundial iyulun 15-də yekunlaşacaq. Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. 2018-ci il Dünya Çempionatının oyunları Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqoqrad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov-na-Donu və Saransk şəhərlərində keçiriləcək.

"Şərq” qəzeti olaraq bəzi tanınmış şəxslərdən 2018-ci il Dünya Çempionatında hansı komandaya azarkeşlik edəcəyini soruşduq.

Millət vəkili Fazil Mustafa Almaniya yığmasına azarkeşlik edəcəyini dedi: "Əvvəllər də Dünya Çempionatlarının hamısını izləyirdim. Həmin vaxtlar daha çox İtaliya komandasını dəstəkləyirdim. Lakin bu il İtaliya olmadığı üçün seçimim Almaniyadır”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid uşaqlıq illərindən bəri Dünya Çempionatını izlədiyini bildirdi:

 "Dünya çempionatlarını demək olar ki, hər zaman izləmişəm. Dünyanın bütün diqqəti bu oyunlarda olub. Uzun illər mənim kumirim Braziliya idi. Hətta yadımdadır ki, gənclik yaşlarımda Braziliya komandası uduzanda hönkür-hönkür ağlamışam. Düzdür, Braziliya yenə gözəl futbol nümayiş etdirir. Onların oyununa həmişə futbol yox, incəsənət kimi baxmışam.

Amma son illər şübhəsiz ki, başqa komandaların oyununda da yeniliklər olub. Məsələn, vaxt olub Xorvatiyanı, Almaniyanı, İtaliyanı bəyənmişəm. Bu çempionatda misirli futbolçu Məhəmməd Salaha görə, ola bilsin ki, Misir yığmasına da maraq göstərdim. Hər dəfə Dünya Çempionatında yeni oyunçular çıxır, yeni ulduzlar parıldayır. Buna görə də azarkeşlik edəcəyim komanda dəyişə bilər. Kimə azarkeşlik edəcəyimlə bağlı hələ ki konkret ünvan yoxdur. Qoy başlasın, baxarıq”.

Hələ azarkeşlik edəcəyi komandanı müəyyənləşdirmədiyini deyən politoloq Elxan Şahinoğlu gəncliyimdə hər çempionatda bir komandanı seçdiyini deyir: "Məsələn, 1982-ci ildə Braziliyaya rəğbət bəsləyirdim. Təəssüf ki, bu komanda İtaliyaya süpriz şəkildə məğlub oldu və sonrakı mərhələyə keçə bilmədi. Halbuki, Braziliya 82-ci ildə dünyanın ən güclü komandası idi, o cümlədən heyətində kifayət qədər güclü futbolçular var idi.

86-cı ildə İngiltərə və Almaniyaya azarkeşlik edirdim. Hər ikisi məğlub oldu. Xatırlayırsınızsa, Almaniya finalda Argentinaya uduzdu. Amma sonrakı illərdə hansısa komandaya azarkeşlik etmədim. İndi də komandalara baxıram, hansı daha yaxşı oynayırsa, onu seçməyə çalışıram. Çünki ədalətsizlik olmasını istəmirəm. Adətən futbolda ədalətsizliklər tez-tez olur. Bəzən zəif komanda hakimin səhvləri və ya təsadüflər nəticəsində güclü komanda üzərində qələbə çalır. Keçən çempionatda Braziliya yarımfinalda Almaniyaya 7:1 uduzdu. Bu normal idi, braziliyalılar oyuna yaxşı hazırlaşmamışdı.
Lakin hazırkı Dünya Çempionatında elə bir komanda yoxdur ki, ona xüsusi rəğbətim olsun. Əlbəttə, güclü komandanın çempion olmasını istəyərəm. Amma oyunların maraqlı olması daha çox arzuolunandır. Bəzi Dünya çempionatları heç yadda qalmadı, hesaba hədəflənmiş oyunlar oldu. Hücum taktikasına üstünlük verilən futbol oyunları olacaqsa, çempionat yadda qalacaq”.

"Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Dünya Çempionatını izləyəcəyini bildirib: "Lakin hazırda konkret sevdiyim bir komanda yoxdur. Azarkeşlik edəcəyim yığma komanda Leonel Messiyə görə Argentina və təbii ki, gözəl oyuna görə Braziliya və İspaniyadır”.

9 yaşından etibarən Dünya Çempionatlarını izlədiyini deyən iqtisadçı Natiq Cəfərli builki oyunlara da baxacağını deyir: 

"Dünya Çempionatı 4 ildən bir keçirilən ən vacib idman yarışlarından biridir və çalışacam ki, zamanın imkan verdiyi şəkildə oyunların gedişatını izləyim. Uşaqlıqdan bəri ən çox bəyəndiyim komanda Argentina yığmasıdır və bu il də Argentina yığmasına azarkeşlik edəcəm. Amma təəssüf ki, Argentinanın çempion olacağını düşünmürəm. Məncə, bu il Almaniya çempion olacaq”.

Tanınmış yazar Eminquey Akif isə bildirib ki, ən maraqla izlədiyi Dünya Çempionatı Türkiyənin tarix yazdığı çempionatdır:

 "Amma o vaxtlar əfsanəvi oyunçuları ilə seçilən Braziliyaya azarkeşlik edirdim. Sonrakı Dünya Çempionatlarını izləmirəm. Artıq futbol da mahiyyətini itirib, bazara çevrilib. Fikir verin, yeni oyunçular necə maraqla qarşılanır, məsələn, Muhammed Salah kimi. İnsanlar komandalardan eyni futbolu görəndə, eyni oyunçuların meydan sulamasını görəndə bezirlər. Builki çempionatın yoldaşlıq görüşlərini izlməməmiş deyə bilmərəm ki, hansı komandanın şansı nə qədərdir. Amma bəllidir ki, hazırda ən güclü komandalar kimi Almaniya və İspaniya başda gəlir. Almaniya futbolunun açıqlığını və sərtliyini sevdiyimə görə, onların qalib olmasını istəyərdim”.

Millət vəkili Aqil Abbas oyunları böyük həvəslə izləyəcəyini və hər zaman Braziliya yığmasına azarkeşlik etdiyini deyir: 

"Dünyada mənim üçün Braziliya yığmasından başqa komanda yoxdur, olmayacaq da. Amma bu dəfə istəyirəm ki, Almaniya qalib gəlsin, çünki orda iki nəfər türk futbolçusu var. Braziliyaya azarkeşlik etsəm də, türkləri daha çox sevirəm. Türkiyə çempionata çıxa bilməyib, məncə hələ 10 il də çıxa bilməyəcək, Türkiyədə futbol "ölüb”.

11 yaşından etibarən futbola böyük marağı olduğunu deyən Muz Tv-nin əməkdaşı Lamiyə Balacayeva 16 ildir ki, Almaniyaya azarkeşlik edir: 

"Hər il olduğu kimi bu il də Dünya Çempionatını izləyəcəm. İşim saat 6-da bitir və media olaraq axşam çəkilişləri də olur. Çalışacam çəkilişlərimi günorta hazır edim ki, axşama evə qaça bilim. Hətta gecə saat 4-də də verilsə, oyaq qalıb oyunları izləyəcəm. Daha çox Avropa Çempionatı və Dünya Çempionatını izləyirəm, çünki ölkələr çoxdur, demək olar ki, bütün ulduz futbolçuları görmək olur və bunun ləzzəti başqadır.

2002-ci ildən Almaniyaya azərkeşlik edirəm. Yaxşı yadımdadır, Almaniya Braziliya ilə final oyunu oynayırdı və bu oyuna təsadüfən baxmışdım. Futbola 4-5 yaşlarımdan baxıram, amma o zamanlar dərk etmirdim. Amma 11 yaşımdan futbola sevgim Almaniya yığması ilə başlayıb. Almaniya Braziliyaya 2-0 uduzmuşdu və həmin gecəni çox ağlamışdım.

Builki Dünya Çempionatında qalib kim olacaq, onu deyə bilmərəm. Futbol sürprizlərlə doludur, hər an möcüzə ola bilər. Futbolun başqa bir maraqlı məqamı da var ki, sosial şəbəkələr vasitəsilə hərə öz komandasının qələbəsini və ya məğlubiyyətini paylaşır, bir-biri ilə mübahisə edirlər. Bundan gözəl an yoxdur, nə qədər həyəcanlı və enerjili də olsa, doğrudan da bu hissləri yaşamağa dəyər.
Ən böyük arzularımdan biri Almaniyada yaşamaq və orda futbol oyunlarını izləməkdir. Bilirəm ki, bu arzuma nə vaxtsa çatacam”.

Təhsil üzrə ekspert Kamran Əsədov 1998-ci ildə Fransada Dünya Çempionatı keçiriləndən futbola azarkeşlik etdiyini bildirir: 

"O vaxtı hələ 13 yaşım var idi. Ağ-qara televizorla, gecə saatlarında futbola baxırdım. İndi isə azarkeşlərin futbol izləməsi üçün hər bir şərait yaranıb. Hər 4 ildən bir bu futbol bayramının başlamasını səbirsizliklə gözləyirəm. Futbol kişilərin vazkeçilməz hobbisidir. Mənim də əvəzedilməz iki hobbimdən biri futbol, ikincisi kitab oxumaqdır. Etiraf edim ki, futbola daha çox fərdlərə görə azarkeşlik edirik. 10-15 il əvvəl Zidana görə Fransaya, Bekhemə görə İngiltərəyə, Kriştyano Ronaldya görə Portuqaliyaya azarkeşlik etmişəm. Danmaq olmaz ki, hər bir azərbaycanlı qardaş Türkiyəyə azarkeşlik edir. Amma təəssüf ki, bu mundialda iştirak etməyəcəklər. Lakin uzun müddətdir ki, Almaniyaya azarkeşlik edirəm. Bu çempionatda da onların favorit olduğunu düşünürəm. Çünki onlar təslim olmurlar, sona qədər mübarizə aparırlar, rəqiblərin onlar üçün heç bir fərqi yoxdur. Bizim qonşuluğumuzda - Rusiyada möhtəşəm futbol turnirinin keçirilməsinin ölkəmizin futboluna da müsbət təsir edəcəyini düşünürəm”.

Yeganə Bayramova