Ərəstun Oruclu: “Ollandın Bakıya gəlməsinin başlıca səbəbi İrəvana səfərini kompensasiya etmək, yəni birtərəfli mövqe nümayiş etdirməməkdir”
Fransa prezidentinin Bakı səfəri nəyi dəyişəcək?
Vəfa Quluzadə: “Rusiyanın apardığı siyasətin Azərbaycana da ciddi təsirləri ola bilər”
Ərəstun Oruclu: “Ollandın Bakıya gəlməsinin başlıca səbəbi İrəvana səfərini kompensasiya etmək, yəni birtərəfli mövqe nümayiş etdirməməkdir”
Ərəstun Oruclu: “Ollandın Bakıya gəlməsinin başlıca səbəbi İrəvana səfərini kompensasiya etmək, yəni birtərəfli mövqe nümayiş etdirməməkdir”
Fransa prezidenti Fransua Olland gələn ay Azərbaycana səfərə gələcək. Bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir məlumat verib. O bildirib ki, Olland Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 24-25-i bölgədə səfərdə olacaq və Ermənistan-Azərbaycan dövlət başçılarıyla görüşlər keçirəcək. Qeyd edək ki, daha əvvəl Ollandın apreldə İrəvana səfər edəcəyi bildirilib.
Ollandın Azərbaycana səfərini dəyərləndirən millət vəkili Fəzail İbrahimli deyib ki, aprelin 24-ü Ermənistana səfəri gözlənilən Fransua Ollandın sonradan Azərbaycana gəlişi Azərbaycan-Fransa münasibətlərinin inkişafına yönələn bir addım ola bilər. Onun sözlərinə görə, Fransa kimi güclü bir dövlətin başçısının Azərbaycana gözlənilən səfəri Dağlıq Qarabağ münaqişəsi fonunda heç də Azərbaycanın könlünü almaq niyyəti daşımır: "Fransa Ermənistana hər zaman dəstək olub. Fransada kifayət qədər güclü erməni lobbisi var. Ölkə başçısı da müəyyən dərəcədə onun təsiri altındadır. Ümumiyyətlə, Fransa prezidentləri hər zaman ermənipərəst mövqeləri ilə seçiliblər. Ancaq Fransua Ollandın Azərbaycana səfəri hesab edirəm ki, məqbuldur. Bu səfər könül almaq xarakterindən daha çox Azərbaycan-Fransa münasibətlərinin müəyyən dərəcədə inkişafına yönəlib”.
"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə isə hesab edir ki, Fransa prezidentinin səfəri mühüm əhəmiyyət kəsb edir. Ollandın Azərbaycan rəhbərliyi ilə müzakirə etməyə çox mövzusunun olduğunu deyən V.Quluzadə qeyd edib ki, Rusiyanın hazırda dünyada apardığı aqressiv siyasət bu istiqamətdə müzakirələri vacib edir: "Bzejinski bu yaxınlarda bəyanat vermişdi ki, Rusiyanın apardığı siyasətin Azərbaycana da ciddi təsirləri ola bilər. Rusiya Ukraynadan başqa Azərbaycana, Moldovaya, Gürcüstana da ciddi təhdid yaradır. Fransa Avropanın böyük nüvə dövlətidir. Ona görə bu dövlətin rəhbərliyi ilə aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir”.
Eyni zamanda Qarabağ probleminin də gündəmdə olduğunu deyən V.Quluzadə hesab edir ki, son zamanlar cəbhə bölgəsində atəşkəsin pozulması intensivləşib. Ona görə Avropa dövlətləri bu təxribatların bir gün genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsini istəmir.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bildirib ki, böyük ehtimalla Olland Ermənistana qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı gəlir. Belə ki, Ollandı müşayiət edən nümayəndə heyətinin tərkibində Fransadakı erməni diasporlarının liderləri də olacaq.
Politoloqun sözlərinə görə, bu səfər Ermənistanın Rusiyadan qoparılması üçün qərbin göstərdiyi səylərlə bağlı atılan jestlərdən biridir: "Fransa üçün faktiki qondarma soyqırım tədbirində iştirakla bağlı heç bir maneə yoxdur. Çünki Fransa Senatı erməni "soyqırım”ını rəsmən tanıyıb. Hətta bununla bağlı bir çox ölkələrdən bir qədər irəli gedərək soyqırımın inkirına görə cəza nəzərdə tutan qanun qəbul edib. Bu baxımdan Fransa üçün hüquqi və siyasi mane yoxdur. Onun Bakıya nəzərdə tutulan səfərinə gəldikdə isə sadəcə olaraq Fransa prezidenti Ermənistan səfəri ilə bağlı bir növ neytral mövqe sərgiləmək istədiyini göstərmək üçün Azərbaycanı da həmin siyahıya daxil edib”.
Ə.Oruclunun sözlərinə görə, Fransa Minsk Qrupu həmsədrlərindən olduğu üçün Olland səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də diqqət ayıracaq: "Son zamanlar Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərgindir. Atəşkəs rejimi tez-tez pozulur və hər iki tərəfdən itkilər artıq adi hala çevrilib. Bütün bunlar isə münaqişənin indiki atəşkəs rejimində qalmasını risk altına alır. Ola bilsin ki, Ollandın Ermənistandan sonra Azərbaycana səfər etməsinin arxasında bu məqsəd dayanıb. Dediyim kimi, Ollandın Bakıya gəlməsinin başlıca səbəbi İrəvana səfərini kompensasiya etmək, yəni birtərəfli mövqe nümayiş etdirməmək. Hazır gəlmişkən də Dağlıq Qarabağ münaqişəsini müzakirə eləməkdən ibarətdir”.
Azərbaycana ötən səfərində müxalifətlə görüşən Fransa prezidentinin analoji addımı bu dəfə atma ehtimalına gəldikdə isə politoloq bu barədə konkret fikir yürütməyib: "Hər halda bunu özləri müəyyən edəcəklər. Əslində, belə bir görüşün olub-olmaması prinsip etibarı ilə heç nəyi dəyişmir: "Keçən il məlum görüş haqqında şərh verəndə həmin görüşün heç bir əhəmiyyəti olmadığını vurğulamışdım. Hətta həmin vaxt bir sıra jurnalist dostlarımız və vətəndaş cəmiyyətinin bəzi nümayəndələri əks reaksiya verdilər. Hətta mənə eyham da vurdular ki, guya, həmin görüşə dəvət olunmadığım üçün belə bir mövqe sərgiləmişəm. Amma Ollandın müxalifətlə görüşünün üstündən keçən bu bir il göstərdi ki, mən haqlı idim. Bu görüşün heç bir əhəmiyyəti olmadı, hətta həmin görüşə dəvət olunan insanlar arasında həbsə alınanlar da oldu. Odur ki, bu tip görüşlərə bir az spektiv yanaşıram, formal xarakter daşıyır. Ötən görüşdən müsbətə doğru nə dəyişikliklər oldu ki, budəfəki görüşə də ümid bəsləyək. Əksinə, deyərdim ki, vətəndaş cəmiyyətinin durumu daha da pisləşib”.
Şəymən