Fransada saqqallılar saxlanılır

“Saqqalımız onlarda terrorçu olmağımla bağlı şübhə yaradır”




"Fransada 13 noyabr hadisəsindən sonra polislər harada saqqalı adam görür, saxlayır. "Şərq” qəzeti xəbər verir ki, bu barədə Fransanın L’OBS saytına Nikola adlı Fransa vətəndaşı bildirib. Onun sözlərinə görə, polislər ona saqqalını qaydaya salmağı tövsiyə ediblər:

"27 yaşım var. Artıq neçə ildir ki, saqqalımı uzadıram. Uzun saqqal saxlamağım indiyə qədər mənə problem yaşatmayıb. Düzdür, arada dostlarım zarafatyana məni sələfi adlandırırlar. Lakin ötən gün işdən qayıdanda polislər maşınımı mühasirəyə aldılar. Sürücülük vəsiqəmi və maşına dair sənədləri istədilər və gördülər ki, hər şey qaydasındadır. Daha sonra maşının baqajını açmağımı tələb etdilər. Açdım, heç bir problem olmadı. Sənədlərimi qaytararkən polislərin ən yaşlısı mənə dedi ki, saqqalını qırxacağıq. O, bunu çox ciddi şəkildə söylədi. Amma bilmədim doğru deyir, yoxsa zarafat edir. Saqqalımız onlarda terrorçu olmağımla bağlı şübhə yaradır. Hətta metroda hər kəs üzümə boylanır. Əlbəttə, saqqalının uzunluğuna görə, saxlanılan tək mən deyiləm. Bəzi dostlarım da bu halla üzləşiblər. Amma mən heç vaxt saqqalımı qırxmayacam. Buna 12 il vaxt sərf etmişəm. Həm də saqqalsız olanda məktəbliyə oxşayıram. Eyni zamanda bu mənim imicimdir və imicimi heç bir halda dəyişməyəcəm”.

Ayyət Əhməd