Nə ABŞ, nə Fransa, nə də Rusiya Qarabağ münaqişəsinin həllində maraqlıdır
"Amerika, Fransa və Rusiya Dağlıq Qarabağ problemini nizama sala bilməyəcək”. Bunu münaqişənin nizamlanması ilə bağlı açıqlama verən Ukrayna mənşəli fransız diplomat Dmitri Kupinov deyib. Kupinov bildirib ki, Minsk Qrupunun həmsədr ölkələrində məskunlaşan azlıqların böyük əksəriyyətini ermənilər təşkil edir. Ona görə də həmin dövlətlərdən problemin həllini gözləmək sadəlöhvlükdür:
"BMT-nin Təhlükəsizlik Şurasındakı 5 ölkədən 3-ü Minsk Qrupunun həmsədr ölkələridir. Həmin ölkələrin Təhlükəsizlik Şurasının qərar və ya qadağalarında bilavasitə rolu var. Həmsədr ölkələr də BMT-nin Ermənistana təzyiq göstərməsinə imkan vermir”. "Münaqişənin nizama salınması üçün Azərbaycan hansı addımlar atmalıdır” sualına isə fransız diplomat belə cavab verib: "Azərbaycanın zəngin maliyyə resursları var. Zənnimcə, bir neçə ildən sonra Azərbaycan öz torpaqlarını sülh deyil, müharibə yolu ilə azad edəcək”.
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev fransız diplomatın dediklərinin tamamilə həqiqət olduğunu deyib: "Kupinov problemlə bağlı reallıqları ortaya qoyub. Məsələn, götürək həmsədr ölkələrdən biri olan Amerika Birləşmiş Ştatlarını. Nəyə görə ABŞ ermənilərə bu qədər qayğı göstərir və rəğbət bəsləyir? Bu rəğbətin səbəbi ermənilərin yüz illik bir zamanda Amerika ictimaiyyətində öz xeyirlərinə formalaşdırdığı müsbət rəydir. Osmanlı dövləti dağılandan etibarən ermənilər dünyanın ən güclü ölkələrində təbliğat işinə başlayıblar. Yəni erməni lobbisi ABŞ ziyalılarını, siyasətçilərini, müəllimlərini öz tərəflərinə çəkmək üçün uzun zaman çalışıb. Ümumi Amerika xalqı arasında olmasa da, yüksək təbəqə içində ermənilərə rəğbət güclüdür. Eyni zamanda Osmanlının son dövrlərində çoxsaylı amerikalı xristian missionerləri ilə ermənilər arasında sıx bağ yaranıb. Ermənilər həmin missionerlərə yardım ediblər, dövlət haqqında əldə etdikləri gizli məlumatları dərhal ABŞ-a ötürüblər”. E.Mehdiyevin sözlərinə görə, Fransanın Ermənistanla bağları daha çox humanitar inteqrasiya ilə bağlıdır: "Ancaq Fransa da öz növbəsində xristian həmrəyliyini önə çəkərək Osmanlıya qarşı mübarizədə erməniləri müdafiə edib. Fransanın Ermənistanla dostluğu hələ də davam etməkdədir”. Politoloqun fikrincə, Rusiya ilə bağlı məsələlər humanitar yox, erməni-xristian amilinə dayanır. Kreml ta qədimdən ermənilərin xristian olması faktorunu qabardıb və buna görə həmin xalqa "yaşıl işıq” yandırıb. Elə həmin dövrdən etibarən ermənilər xristian xalq kimi Rusiyanın hərbi və intellektual cameəsində özünə yer tutub və rusların rəğbətini qazanıb. Bu baxımdan Azərbaycan və Ermənistan tərəfləri tərəzinin gözünə qoyulduqda ermənilər işğalda haqsız olsalar belə, 3 həmsədr ölkə tərəfindən dəstəklənirlər. Hətta açıq şəkildə erməniləri müdafiə edir, düşmənə olan simpatiyalarını gizlətmirlər. Təbii ki, belə bir məqamda Ermənistana qarşı hər hansı siyasi və iqtisadi təzyiqlərin yaranması mümkün deyil. Ona görə də Ermənistanla dost olan həmsədrlər münaqişənin sadəcə dinc yolla həll olunacağını iddia edirlər”. Ekspertə görə, münaqişədə yeganə söz sahibi Rusiyadır: "Rusiya indiki dövrdə daha fərqli məsələlərlə məşğuldur. Belə bir məqamda Moskva Dağlıq Qarabağ münaqişəsini o qədər ciddi problem hesab etmir”.
İsmayıl