Fuad Muradov Gürcüstanda fəal azərbaycanlıları dinlədi

Komitə sədri ilə görüşdə bir çox problemlər müzakirə edilərək həllini tapıb



Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Diasporanın yeni rəhbərliyi Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə, Marneuliyə və Borçalıya baş çəkərək soydaşlarımızla görüşlər keçirib. Görüşlərdə soydaşlarımızı maraqlandıran bir çox məsələlər müzakirə olunub. F.Muradov əlilliyi olan şəxslərin vəziyyəti ilə maraqlanıb və onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb.

Arabalar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib. Bundan başqa, F.Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb. Bir qrup gəncə kompüterlər hədiyyə edilib. F.Muradov bəyan edib ki, Azərbaycanın iş adamları Gürcüstanın bütün bölgələrinə, xüsusən də Kvemo Kartli-Borçalı bölgəsinə sərmayə qoya bilərlər: "Bu regionda yaşayan azərbaycanlılar bölgə əhalisinin 45 faizini təşkil edir. Onlar həm bölgənin, həm də Gürcüstan dövlətinin möhkəmlənməsində mühüm rol oynayırlar. Tarixən qonşu və dost olan xalqlarımız arasında heç zaman ciddi problem və ya münaqişə olmayıb. Bu, özü-özlüyündə çox böyük göstərici və nümunədir”. Komitə sədri ölkələrimiz arasındakı strateji tərəfdaşlığın regionlarımız arasında da əməkdaşlığın inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. Qubernator isə bildirib ki, Gürcüstan dövləti burada yaşayan azərbaycanlılara öz mədəniyyətlərini, dil və adət-ənənələrini inkişaf etdirmələri üçün hər cür şərait yaradır.

Fuad Muradovun azərbaycanlılarla görüşü barədə "Şərq”ə danışan Gürcüstan Parlamentinin Təhsil, elm və mədəniyyət komitəsinin üzvü deputat Ruslan Hacıyev deyib ki, Komitə sədrinin Marneuliyə səfəri Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilib: 

"Gürcüstan azərbaycanlıları ilə heç vaxt bu formatda görüş kecirilməyib. Fuad müəllim bütün rayonların nümayəndələri ilə görüşüb, söhbət edib. Dövlət rəsmiləri ilə görüşlər yüksək səviyədə aparılıb. Görüşlər davam etdirilir. Ümumilikdə, deyə bilərik ki, Fuad Muradovun səfəri və azərbaycanlılarla görüşü çox səmərəli keçib və bir çox problemlər müzakirə edilərək həllini tapıb”.

Gürcüstan Gənclər təşkilatının rəhbəri, fəal soydaşımız Nərgiz Əliyeva də "Şərq”ə deyib ki, güclü diaspor fəaliyyəti təşkilatlanmadan başlayır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanma prosesi Diasporla İş üzrə Dövlət Komitəsi yaranandan sonra sürətlə inkişaf edib: 

"Baxmayaraq ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin aborigen xalqı və vətəndaşı sayılır, lakin burda da azərbaycanlıların birləşdiyi müəyyən təşkilatlar yaradılıb. Bu proses on ildir ki, davam edir. Bir zamanlar təşkilatlar tərəfindən çoxlu layihələr həyata keçirilirdi. Lakin son bir neçə ildə proses dayanıb. Bir çox birliklər fəaliyyətini dayandırıb. Buna bir çox səbəb axtara bilərik. Maliyyə çətinlikləri, daxili problemlər və s. Bilirsiniz, biz bu haqda çox müzakirələr apara bilərik, kimlərisə günahlandıra, ittihamlar irəli sürə bilərik. 

Lakin bu, hansısa nəticəyə gətirib çıxarmayacaq. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi yeni tərkibdə və cənab Prezidentin sərəncamı ilə yeni sədrlə qarşımızdadır. Əminəm ki, diaspor sahəsində yeni başlanğıcın və uğurların şahidi olacağıq”.

N.Əliyeva bildirib ki, Fuad Muradovun Gürcüstanda yaşayan fəal azərbaycanlılarla görüşündə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin direktoru Mahir Məmmədov və Gürcüstan parlamentinin deputatları iştirak ediblər: 

"Görüşün əsas məqsədi burada yaşayan azərbaycanlıların təşkilatlanmasını təmin etmək, onların problemlərini, irad və təkliflərini dinləyib üzərində işləmək idi. Biz, bu görüşə çox böyük ümidlərlə qatıldıq. Hər kəs görüşdən məmnun qaldı. Fuad müəllim Komitənin gələcək iş strategiyasını təqdim etdi, iş prinsiplərində şəffaflıq prinsipini qoruyacağını söylədi. Təkliflər səsləndirənlər əsasən Azərbaycan həqiqətlərinin ölkəmizdə təbliğinə, mədəniyyət, təhsil, media və s. sahələrə toxundular.
Zənnimcə, Gürcüstanda fəaliyyət göstərən təşkilatların əsas məqsədi Gürcüstan-Azərbaycan arasında əsrlər boyu davam edən dostluq, strateji əməkdaşlıq münasibətləri fonunda əlaqələrin daha da inkişaf etməsi üçün ikitərəfli layihələri həyata keçirməkdir. Eyni zamanda azərbaycanlıların özlərinə məxsus problemləri, inkişaf perspektivləri də var ki, onların həlli istiqamətində fəaliyyət göstərən təşkilatlar dövlətlə əl-ələ verib çalışmalıdırlar. 

Gürcüstan dövləti öz vətəndaşlarının problemlərilə daim maraqlanır”. Müsahibimiz bildirib ki, onların işi könüllük tələb edən işdir: "Əgər daxilimizdə millət, vətən sevgisi yoxdursa, harada yaşamağımızdan asılı olmayaraq, işimizin öhdəsindən layiqincə gələ bilmərik. Lakin bəzi məqamlarda dəstəyə etiyacımız olur. Dəstək olmayanda layihələrimiz yarımçıq qalır. Ümid edirəm, diaspor sahəsində açılan yeni səhifə hər birimiz üçün uğurlu olacaq”.

İsmayıl