“Gec deyil, getsin dilimizi öyrənsin”

Amaliya Pənahova: “Mənim sənətimdən danışırlar, onun isə neçə dəfə ərə getməsindən. Ona görə də müqayisəyə gəlmirik”



Xalq artisti Leyla Şıxlinskaya bu günlərdə "5-ci element” verilişində maraqlı açıqlamaları ilə diqqət mərkəzinə gəlib. O, "Gün keçdi” filmindəki onun Əsmər rolunu səsləndirən Xalq artisti Amaliya Pənahovanı ələ salıb: "Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil: kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. Filmdəki münasibətlər daha incə, kövrəkdir. (Amaliya Pənahovanı yamsılayır - red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.

Leyla Şıxlinskayanın həmkarı barədə dediyi eyhamlı, ironiyalı fikirləri, hətta onu qeyri-etik tərzdə yamsılaması, ələ salacaq jestləri də əslində bəzi məqamlardan xəbər verir. Şıxlinskayanın Amaliya xanıma olan antisimpatiyası göz qabağındadır. Bu açıqlamanı həm də xanımların biri-birinə olan şəxsi münasibətlərindəki soyuqluqdan xəbər verir desək, yəqin ki səhv etmərik. Ən azı Şıxlinskayanın illər sonra belə bir açıqlama verməsi onların arasında şəxsi ədavətin olmasını güman etməyə əsas verir. Verilişi izləyən sıradan bir tamaşaçıya belə bir həqiqət aydındı. Şıxlinskaya illər öncə oynadığı Əsmər obrazından danışarkən bütün xırdalıqları dilə gətirərək filmdə olan incə elementləri belə nəzərə alaraq danışdığı halda, nədənsə, onun obrazını dublyaj zamanı səsləndirən aktrisanın kimliyini guya unutmuş olması inandırıcı olmadı. Hətta verilişin qonaqlarından ona eyhamla söz də atıldı ki, Şıxlinskaya deyəsən sənətdən uzaq düşüb deyə bunları unutmuş olub. Və hətta bir eyham da o oldu ki, "Etməyin, Leyla xanım Amaliya xanımın səsini heç kimlə səhv salmaq mümkün deyil”. Bu qədər unutqanlıq mümkünmü görən?! Halbuki, maşallah, aktrisanın unutqan xarakterli olduğunu da güman etmək çətin idi. Amma buna baxmayaraq o, ən məşhur rolunu dublyaj zamanı səsləndirən aktrisanı başqa biri ilə səhv salmış oldu sanki. Amma bu o qədər inandırıcı səslənmədi. Belə ki Şıxlinskaya Əsmər obrazının Amaliya Pənahova tərəfindən səsləndiyini unutdu. Hərçənd heç də inandırıcı görünmədi. Aktrisa obraza girmək istəsə də, bacarmadı. Yəqin uzun müddət sənətdən uzaq olub deyə, süni oynadı bəlkə də. Tamaşaçını inandıra bilmədi ki, onun obrazını səsləndirən aktrisanın kimliyini bilmir. Ən azı Amaliya Pənahovanın səs tembrini başqa biri ilə səhv salmaq mümkün deyil, bunu elə Şıxlinskaya da bilirdi. Amma yenə qadın eqosu özünü göstərdi. Ən sadə, kino, teatr aləmindən uzaq biri belə Amaliya Pənahovanın səsini yüzlərlə səsin içindən seçə bilər. O ki qaldı kino aləmində olan birindən söhbət gedirsə, səhv deməsi gülməli oldu. Onun belə bir səhv etməsi mümkün deyildi. Şıxlinskaya Əsmər obrazını canlandıran aktrisanın guya Əminə Yusifqızı olduğunu güman etdiyini deyərək iradlarını səsləndirməyə çalışdı. Əslində, bu iradlar elə birbaşa Amaliya Pənahovaya ünvanlanırdı. Sadəcə bir az diplomatik tərzdən istifadə edərək Leyla Şıxlinskaya güya onun obrazını Amaliya xanımın səsləndirdiyindən xəbərsiz idi. Bu həm gülməli, həm də real görünmədi, Leyla xanım. Əvvəla ona görə ki, bu film Azərbaycanda kifayət qədər tanınan kino əsərlərindən sayılır və elə sizin özünüzün də kino karyeranızda Əsmər obrazı ən uğurlu işlərinizdən biridi. Deməli, bu halda o filmə və obraza bu qədər soyuqqanlı və laqeyd yanaşmanız məntiqi baxımdan mümkün deyil. Yox əgər siz, ümumiyyətlə, aktrisa olaraq sənətə əzəl gündən laqeyd münasibət göstərmisinizsə, bu başqa bir mövzunun müzakirəsinə çevrilə bilər. Hər halda Xalq artisti öz obrazlarına qarşı bu qədər laqeyd ola bilməz, ola bilməzdi də. Bu bir mətbuat nümayəndəsi olaraq isə mənim subyektiv fikrim olsun. Bu başqa məsələ.

Qaldı Leyla Şıxlinskaya hər hansı səbəbdən obrazını səsləndirən aktrisanın kimliyindən xəbərsiz olubsa, bu da onun öz problemi olsun. İstənilən halda Şıxlinskaya Əsmər obrazını səsləndirən aktrisadan narazılığını dilə gətirmiş oldu. Həm də illər sonra. Əlinə düşən fürsətdən deyək ki, məqamında istifadə etməyə çalışdı. Alındı da. Çünki Leyla Şıxlinskayanın Amaliya Pənahovanı aktrisa oyununu süni gülüşlərlə lağa qoyaraq ittiham etməsi diqqətdən qaçmadı. Onun səsini bir başqa tanınmışla səhv salması isə Amaliya xanıma dolayısı ilə "mənim üçün maraqsız birisən” deməsi kimi dəyərləndirilə bilər.

Leyla Şıxlinskayanın bu səs-küylü açıqlamasına da cavab uzun çəkmədi. Xalq artisti Amaliya Pənahovanın həmkarına qısa cavabı isə əslində elə digəri kimi sərt oldu. "Şərq”ə açıqlamasında "Əvvəla, Amaliya xanımı tanıyanlara bəllidir ki, mən heç zaman qalmaqallarda adımın hallanmasını özümə yaraşdırmamışam. Mən sənətimə dəyər verməyi bacaran bir insanam. Sənət adamının belə məsələlər haqda danışmasını düzgün saymıram. Onun dedikləri barədə heç nə demək istəmirəm. Bu, onun öz fikridir. Obraza mane olub-olmadığımı tamaşaçılar deyə bilər. Mənim müdaxilə etməyim düzgün çıxmaz. Mən 5 ilin sənətçisi deyiləm ki, mənim aktrisalığım müzakirə olunsun. Mənə ulu öndərimiz Heydər Əliyev kimi dahi şəxsiyyət dəyər verib, mənim tamaşalarım, yaratdığım obrazlar barədə fikrini bildirib. Onun fikrindən dəyərli bir münasibət də mənim üçün ola bilməz. Görünür, xanım özünü yada salmağa çalışır. Amma mənim adımdan istifadə etməyinə ehtiyac yox idi. Bu gün bir neçə jurnalist də mənə zəng vurub. Hamıya da bir sözüm olub. Mənim sənətimə tamaşaçı qiymət versin” söylədi.

Amaliya Pənahova əməkdaşımızın "Sizcə sənət adamlarının biri-birinə belə qiymət verməsi doğrudurmu” sualına belə cavab verib: "Vallah, qoy o xanım getsin, dili öyrənsin, sonra münasibət bildirsin. Dövlət dilimizdə danışmağı bacarmayan insanın milli kinomuzdan danışması nə qədər məntiqə uyğundur görən? Xanıma da tövsiyəm odur ki, bu yaşda da gec deyil, ana dilimizdə heç olmasa danışmağı öyrənsin. Mənim sənətimdən danışırlar, onun isə neçə dəfə ərə getməsindən. Ona görə də müqayisəyə gəlmirik”.

Tahirə