Gəlirlərimiz artacaq
Dövlət büdcəsinin artması yeni layihələri həyata keçirməyə imkan verəcək
Dövlət büdcəsinin xərclər hissəsinin 2 milyard 13 milyon manat artırılması, neftin qiymətinin isə 55 dollar götürülməsi nəzərdə tutulur. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 23 milyard 61 milyon manata çatdırılacaq.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Onun sözlərinə görə, cari ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat proqnozlaşdırılır:
"Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.Yenidən baxılma ilə cari ilin dövlət büdcəsinin xərclərinin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur”. Qeyd edək ki, sözügedən Komitədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
Qanun layihəsini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov 2018-ci ilin dövlət büdcəsində cəmi 2 milyard manat artım olduğunu deyib. Onun sözlərinə görə, həmin vəsait sosial layihələrə, pensiya, əmək haqları, qazın qiyməti ilə əlaqədar ödəmələrə, Dövlət Neft Şirkətində qazmalarla əlaqədar işlərə və digər məsələlərə yönəldiləcək.
Deputat bildirib ki, büdcədə 2 milyard manatlıq artım elə də böyük rəqəm deyil.
"Mənim təklifim var ki, büdcədən daha çox tikintiyə vəsait ayrılsın. Çünki Azərbaycanda qeyri-neft sektorundan gəlirlər kəskin azalır. Bunu artırmaq üçün mütləq yatırımlar qoymaq lazımdır. Keçən il investisiya 25 faiz azalıb. Biz çalışmalıyıq ki, bu il ümumi daxili məhsulda, heç olmasa, 2 faiz artıma nail olaq”.
İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli cari il ərzində neftin büdcədə nəzərdə tutulandan qiymətdən daha baha satıldığını deyib. Keçən həftə OPEC çərçivəsində hasilatın artırılması planlaşdırılsa da, bunun qiymətlər üzərində sərt basqı yaradacağı gözlənilmir. Bu aspektdən yanaşanda hökumət icmal büdcənin gəlirlərini təmin edəcəyinə inanır.
Büdcənin artırılmasına gəldikdə isə ekspert deyib ki, 2015-ci ildən sonra iqtisadiyyatda müəyyən çətinliklərin olmasına paralel olaraq əksər iqtisadi subyektlər məzənnə dəyişikliyi, iqtisadi böyümənin azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda mal və xidmət satışları azalıb. Buna paralel olaraq da əhalinin və şirkətlərin gəlirlərində ciddi azalmalar olub:
"Azərbaycanda hər zaman dövlət büdcəsi iqtisadi aktivliyin təmin olunmasında əsas rol oynayıb. Hökumət iqtisadi aktivliyin təmin olunması üçün həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həm də investisiya istiqamətli layihələrin maliyyələşdirilməsi məqsədi ilə Neft Fondundan transfertlərin həcmini artıraraq gəlirləri və eyni zamanda da xərclərin artırılmasına qərar verilib. Bununla 2017-ci ilin büdçəsi ilə müqayisədə 2018-ci ildə ciddi artımın olması inflyasiyaya necə təsir edəcəyi sual yaradır. MB-nin yumşaq pul siyasətinə paralel olaraq büdcə xərclərinin kəskin artması inflyasiyanı stimullaşdıra bilər, ancaq bu son illərin inflyasiyasından aşağı olacağı gözlənilir.
İqtisadi Təşəbbüslərə Yardım Təşkilatlarının rəhbəri Azər Mehdiyev isə hesab edir ki, dövlət büdcələrinin artması yeni layihələri həyata keçirməyə imkan verəcək.
Ekspert Sherg.az-a açıqlamasında hələ ki, büdcəyə yenidən baxmaq üçün bütün parametrlərin tam açıqlanmadığını deyib:
"Ancaq açıqlanan məlumatlara görə, büdcədə dünya bazarında neftin qiymətinin yüksək olması qiymətdən əlavə gəlir əldə etməyə imkan verir. Dövlət bu gəlirlərdən istifadə etməklə daha çox xərcləmələr nəzərdə tutur. Söhbət təkcə büdcənin vergi gəlirlərinin armasından getmir. Büdcəni 2 milyard manat civarında artırıblar ki, onun əksər hissəsi təqribən 1,5 milyarda qədəri Dövlət Neft Fondundan (DNF) daxil olub. Bu məqamda vergi gəlirlərindən büdcənin artmasını demək doğru olmaz. Bu, DNF-yə daxil olan vəsaitdir.
Həmin vəsaiti sadəcə olaraq hansısa layihələrə yönəltmək məqsədi daşıyır. Sırf büdcənin gəlir artımı təqribən 0.5 milyard manatdır. Həmin artımı da maliyyə naziri elan edib ki, neftin bahalaşması nəticəsində xarici şirkətlərin vergi ödənişinin artırılması hesabına baş verəcək. Yəni birbaşa gəlir artımının hamısı neft gəlirləri hesabınadır. 2009-2013-cü illər arasındakı dövrdə olduğu kimi, büdcəni artan neft gəlirləri hesabına şişirtməklə məşğuldurlar.
Bu xərclərin çox cuzi hissəsi əmək haqlarırna və digər sosial layihələrə yönəldilib. Artan xərclərin əsas hissəsi yenə iri dövlət şirkətlərinin subsidiyalaşdırılmasına verilir. Xüsusi ilə də burada vəsaitin böyük bir hissəsi Dövlət Neft Şirkətlərinə verilir. Artan vəsait yenidən neft-qaz layihələrinin işlənməsinə xərclənəcək”.
Şəymən