"Gəlmədin" ağıya döndü...

Damla mahnıda ahu-zarın "doza"sını o qədər çox edib ki, gənc də intihar göstərişi yapıb
"Belə məsələlərə ötəri yanaşmaq olmaz. Əksinə, bu çox ciddi sosial problemdir və onun üzərindən sakit keçmək lazım deyil"


Müğənni Damlanı parodiya edən gəncin videosu sosial şəbəkələrdə çox izlənir. Özünü kameraya çəkdirən gənc müğənni Damlanın ifa etdiyi mahnının sədaları altında, necə deyərlər, özünə bir əl qatıb ki, gəl, görəsən. Gənc əllərini qara lentlə bağlayıb. Əli bağlı halda yıxılır durur, başına-dizinə döyür, guya əlində tutmuş olduğu hansısa alətlə özünə xətər yetirir və nəhayət, əldən düşüb, «ölür». Bu, həmin gənc tərəfindən bir növ səhnələşdirilən «intihar səhnəsi»dir.

Videoya baxanlar arasında qınayanlar da var, bu cür mənasız məsələlərə diqqət ayırmağın yersiz olduğunu bildirənlər də. Belə fikirlər də var ki, gənc əslində, müğənni Damlanı çox gözəl, olduğu kimi parodiya edib. Damla «Gəlmədin» mahnısını az qala intihar edirmiş kimi səsləndirir. Özünü reklam etməyin başqa yolu – gərəkən səs, ifa bacarığı – yoxdur da ondan. Kimə sirr deyil ki, son illərdə sanki «göydən səbətlə düşmüş» müğənnilər dəstəsi meydandadır və çoxunun nə səsi, nə ifa mədəniyyəti, musiqi savadı var. Kompüter kəşf edənin, atasına rəhmət, kompüter effekti ilə mahnını elə səsləndirirlər, Baskov da, Pavarotti də, Xose Karrerası «mat» qoyurlar.

Gələk, Damlanın səsləndirdiyi mahnıya. Eşitməmişdim, dinləməmişdim. İlk dəfə idi qulaq asmağa məcbur oldum ki, görüm, xanım o mahnıda nə oxuyur ki, gənc intihar göstərisi yapıb. Gözləmədiyim halda məlum oldu ki, demə, Qədir Məmmədovun – Qədir Qızılsəsin 90-cı illərdə oxuduğu məşhur «Gəlmədin» mahnısıdır. Qədir Məmmədovun ifasında vaxtilə çox gözəl, şirin səslənmiş mahnı indi vulqar səslənir. Damla xanım mahnıda ahu-zarın «doza»sını o qədər artırıb ki, yazıq oğlan mahnını ancaq intihara layiq görüb. Bu da bizim gənc müğənnilərin populyarlaşmaq üçün tutduqları yol. Başqasının halalca mahnısının o tərəf bu tərəfini improvizə elə, bir az əzil-büzül, yıxıl-qalx və oldun «məşhur». Bir nəfər də özünə vizajist, prodüser, çanta, disk daşıyan tutursan, vəssalam, işlər tamamdır. Bəs bu fağır gəncləri intihar fikrindən necə daşındırmalı? «Damlalar» mahnı oxuyub qaz vurub qazan dolduracaq, arada beyni dumanlı gənclər intihara əl atsın?! Düzdür, videodakı oğlan intiharı sadəcə canlandırıb, amma onun səhnəsini izləyib həqiqi intihar istəyinə düşənlərin olmayacağı nə məlum?!

Əməkdar jurnalist Azər Həsrət bu tip videoların sosial şəbəkələrdə yayılmasının ciddi problem olduğunu bildirdi:

- Belə məsələlərə ötəri yanaşmaq olmaz. Əksinə, bu çox ciddi sosial problemdir və onun üzərindən sakit keçmək lazım deyil. Bu cür kliplərin, videoların zərərli tərəfləri mütləq izah olunmalıdır. O gənclər ki, təsir altına tez düşürlər, həssasdırlar, seçim mərhələsindədirlər, həyatda mövqelərini hələ tapa bilməyiblər, belələri üçün intihar səhnələrinin canlandırılması hədsiz təhlükəli ola bilər. 

Müğənnilərimiz də mahnı ifa edərkən, klip çəkdirərkən, müsahibə verərkən də danışılan, deyilən sözlərin cəmiyyətdə hansı assosiasiyanı yarada biləcəyini gözardı etməməlidirlər. Təəssüf ki, bədii şuralar, nəzarət mexanizmi yoxdur. Kim nə istəyir oxuyur, kim necə istəyir, könlünə necə xoş gəldi klip çəkdirir, cəmiyyətə meydan oxuyur. 

Amma bunun zərərli təsirləri insanları, gəncləri, ümumilikdə cəmiyyəti təhdid edir. Hesab edirəm ki, bu cür halların üzərindən sükutla keçilməməlidir. Media belə məsələlərdə həssas davranmalı və maarifçilik vəzifəsini öhdəsinə götürməlidir. Sosial şəbəkələr elə bir aləmdir ki, bir video, klip yayıldısa, onun qarşısını almaq artıq mümkün olmur. 

Bu, yoluxucu xəstəlik kimidir. Amma müəyyən qadağalar tətbiq etmək olar. Ən azından valideynlər övladlarının gələcəyini düşünüb kompüter proqramlarında nələrinsə olmamasını, müəyyən girişlərin qapalı olmasını təmin edə bilər. Kimsə deyə bilər, adi musiqidir, bu qədər şişirtməyin, amma belə deiyl. Musiqi insan duyğularına ən çox təsir edən vasitədir.

 Musiqinin səviyyəsindən asılı olaraq bu təsir müsbət də ola bilir, mənfi də. Bu da gənclərə mənfi təsir göstərə bilər. Hətta həmin müğənni xanımın hüququ var ki, mahnını intihar səhnəsiylə «bəzəyən» gənci məhkəməyə versin. Çünki belə videolar cəmiyyət üçün çox zərərlidir.

Məlahət Rzayeva