Venera Rüstəmova “Şərq” vasitəsilə ölkə rəhbərliyinə müraciət etdi
2011-ci ildə iyunun 8-də Bakının Nəsimi rayonunda tapança ilə qətlə yetirilən Gəncə sakini olan iş adamı Rövşən Rüstəmovun həyat yoldaşının torpaq sahəsi əlindən alınıb. Gəncə şəhərinin rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu deyən Rüstəmova Venera Əhəd qızı redaksiyamıza müraciət edərək ölkə rəhbərliyindən kömək istəyib.
Şikayətçinin iddiasına görə, bütün problemləri 2011-ci ildə yoldaşı Rövşən Rüstəmov Nadir Orucov tərəfindən güllələndikdən sonra başlayıb: "Yıxılana balta vurmaq bizim millətə xasdır axı?! Gəncədə yoldaşımın obyektləri və mənim adıma torpaq sahəsi vardı. Həyat yoldaşımın ölümündən qısa müddət sonra Gəncədən mənə zəng vurdular ki, sizin Gəncədəki torpaqlarınızı "dədə malı” kimi satırlar. Gəncəyə gedəndə gördüm ki, artıq mənə məxsus torpaq sahəsi "mellənib”. O zamanlar Gəncənin Nizami rayonunun başçısı Məharət Mustafayev idi. Onun qəbuluna düşdüm və torpağımın məndən xəbərsiz satılmasının səbəbini öyrənməyə çalışdım. Ona həmin torpaqların mənə yoldaşımdan qaldığını və dul bir qadının əmlakına göz dikməyin insanlığa sığmadığını dedim. O isə məni deyilənlərin yalan olduğuna, mənim torpağımı satmadığına və bir qardaş kimi arxamda dayandığına inandırdı. Gəncənin başçısı Elmar Vəliyev
də mənə eyni sözləri dedi və hətta əlavə etdi ki, "Get, həmin torpağı sənə pay verdim”. Halbuki yoldaşım o əraziyə 650 min manat vermişdi və çıxarışı da var. Sonradan gördüm ki, mənə verilən vədlər sadəcə boş sözlərdir. Mən orda olduğum müddətdə özüm də şahidi oldum ki, maklerlər müştəri tapıb yeri satmağa çalışırlar”.
Torpağı əlindən alınan xanım kimə müraciət edibsə, şikayətinə baxan olmayıb: "Ombudsman Elmira Süleymanovaya bir sıra müraciətlərim olub, amma yenə də bir nəticə əldə edə bilmədim. Mənə sadəcə sənəd göndərdilər ki, araşdırma üçün filan yerlərə məlumat verilib. Dövlət orqanlarına dəfələrlə müraciət etmişəm, deyirlər, get məhkəmə həll eləsin. Məhkəmələrə də müraciət etmişəm, bütün prosesləri də udmuşam. Amma iki ildir ki, məni süründürürlər. Məhkəmənin son qərarını Ali Məhkəmə İqtisad Məhkəməsinə geri göndərdi. Hələ də işə baxılır. İcra başçısı isə inkar edir ki, biz o torpaqları satmamışıq. Hansı ki, artıq mənim torpağımda evlər belə tikilib. Bir hektar əmlakım tam zəbt olunub. İki ildir İqtisad Məhkəməsi onlara sorğu göndərir ki, sərəncamları üzə çıxarın. Amma bunlar heç məhkəməni də veclərinə almır, öz bildikləri kimi "at oynadır”lar.
Şikayətçi məhkəmənin qərarından sonra dəfələrlə Elmar Vəliyevin qəbuluna düşməyə cəhd eləsə də, bu istəyi baş tutmayıb. Onu heç qapıdan buraxmayıblar: "Torpağımı satmışdılar, heç olmasa, pulumu verərdilər. İki atasız uşağım var. 11 yaşlı oğlum daun sindromundan əziyyət çəkir. Haqsızlıq olar, daha bu qədər də yox. Mən başa düşmürəm, icra hakimiyyətində işləyənlərin vəzifəsi insanların problemlərini həll etməkdir, yoxsa onlar üçün əlavə problemlər yaratmaq. Biz dərdimizi kimə deyək? Bu cür özbaşınalıqla niyə maraqlanan yoxdur. Sizin qəzet vasitəsilə ölkə başçısına, aidiyyəti qurumlara müraciət edirəm ki, qoy bilsinlər ki, camaatın taleyi ilə oynayırlar. Mən artıq belə yaşaya bilmirəm. Dərdimə əlac olmasa, ya baş götürüb bu ölkədən gedəcəm, ya da ki, özümə xətər yetirəcəm”.
Şəymən