
Gənclər birdən-birə İŞİD-ə qoşulmur
Türkiyədən Suriyaya gedən azərbaycanlılara nəzarət etmək çətindir
Türkiyədə İŞİD terrorçularına qoşulmaq istəyənlərə qarşı növbəti əməliyyat keçirilib. Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var. İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərkəzində Seyhan qəsəbəsində həyata keçirilib.
14 azərbaycanlı ilə yanaşı, saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilib. Terror təşkilatına qoşulmaq üçün ailələri ilə Adana şəhərinə gəlidikləri iddia edilən xarici ölkə vətəndaşlarının 15-i uşaq, 10-u isə qadın olub. Əməliyyat Adana şəhərinin Terrorla Mübarizə İdarəsinə daxil olan kəşfiyyat məlumatlarından sonra başlayıb.
Bu şəxslərə şəhərə gəlmələrinə kömək edən və müvəqqəti yaşamaq üçün ev tapan Türkiyə vətəndaşları H.Ö. və İ.G. saxlanılıblar.
Saxlanılanlar Adana şəhər xəstəxanansında tibbi yoxlamadan keçdikdən sonra deportasiya olunmaq üçün müvafiq idarələrə təhvil veriliblər.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başladığı dönəmlərdə azərbaycanlı "mücahid”lərin Azad Suriya Ordusunun tərkibinə qoşulması barədə məlumatlar yayılsa da, bu proses indiki qədər kütləvi xarakter almamışdı. Azərbaycanlılar əsasən Əfqanıstan və Şimali Qafqazdakı terrorçu qrupların tərkibində olanlar idi və sayları da çox az idi. Ancaq bir müddət sonra Azərbaycanın özündən Suriyaya axın başladı və gənclərimiz kütləvi şəkildə terrorist qruplaşmalara üzv olub, "cihad” adı altında uçuruma doğru yuvarlanmağa başladılar. Onlar əvvəlcə Türkiyəyə gedir, oradan isə Suriyaya keçirlər. Gedənlər əsasən İŞİD-ə bağlı qruplara qoşulurlar. Böyük ehtimalla azərbaycanlılar Suriyaya getmədən öncə bu ölkədə kimə və hansı şərtlər altında qoşulacaqlarını müəyyənləşdirirlər. Bu isə o deməkdir ki, artıq İŞİD-ə bağlı qrupların nümayəndələrinin Azərbaycanda təmsilçiləri və ya koordinatorları var ki, onlar Suriyaya yollanmaq istəyənləri məlumatlandırır, lazımi təlimatlar verirlər.
Bəs, onda azərbaycanlıların Suriyaya gedərək qanunsuz silahlı qruplaşmaların tərkibinə qoşulmasının qarşısını necə almaq olar?
Azərbaycandan xarici ölkələrə, xüsusən də Türkiyəyə səfər edən bütün vətəndaşlar nəzarətdə saxlanılmalıdır, yoxsa alternativ variantlar var?

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay hüquqi dövlət olaraq, Azərbaycanın öz qayda-qanunları olduğunu xatırladıb və deyib ki, bu qanunlar vətəndaşlara başqa dövlətlərin qanunsuz silahlı birləşmələrində iştirak eləməyi qadağan edir: "Əvvəllər bu addımı atanlar cəzasız qalsalar da, indi müvafiq qurumların həyata keçirdiyi əməliyyatların nəticəsində yavaş-yavaş bu cinayətlərin üstü açılır və terrorçu qruplaşmalara qoşulmağa cəhd edən insanlar həbs olunur. Hesab edirəm ki, aparılan bu əməliyyatlar nəticəsində müəyyən qədər bu qanunsuzluqların qarşısı alınır. Amma təbii ki, bütünlükdə bu problemi aradan qaldırmaq kifayət qədən çətin proses olduğu üçün Azərbaycan hələ ki buna müvəffəq ola bilməyib”.
Təkcə Azərbaycandan deyil, bir sıra aparıcı ölkə vətəndaşlarının da qanunsuz silahlı qruplaşmalara qoşulduğunu vurğulayan kriminalist deyib ki, artıq bütün ölkələrdə başqa dövlətin sərhədləri daxilində qanunsuz silahlı qruplaşmalara qoşulan insanların cinayət məsuliyyətinə cəlb olunmasını şərtləndirən qanunlar qəbul olunur: "Bütün bunlara rəğmən bu prosesə qarşı mübarizə asan deyil. Suriyaya gedərək İŞİD və ya digər terror təşkilatlarına qoşulan insanlar arasında qanunları tam şəkildə formalaşmış ölkələrə də rast gəlmək olur. Rusiya, Almaniya, İngiltərə kimi ölkələr bu problem qarşısında acizdirsə, Azərbaycan kimi kiçik bir ölkənin problemin köklü həllinə nail olması real deyil. Amma ki müəyyən addımlar atmaqla bu axının qarşısını almaq və gəncləri bu yoldan çəkindirmək olar”.
Azərbaycandan Suriyaya gedənlərin tranzit ölkə kimi əsasən Türkiyədən istifadə etdiklərini vurğulayan İ.Altay deyib ki, Türkiyə bu istiqamətdə öz nəzarətini gücləndirməli və Suriya ilə sərhədlərini möhkəmləndirməlidir.
Azərbaycandan Türkiyəyə gedən insanların nəzarətə götürülməsinə gəldikdə isə ekspert praktik olaraq bunun mümkün olmadığını deyib: " Müstəqilliyimizdən üzü bu yana hər gün nə qədər insan Türkiyəyə səfər edir. Gün ərzində Türkiyəyə gedib-gələn insanları kütləvi şəkildə "süzgəcdən” keçirib, onların hansı məqsədlə qardaş ölkəyə getdiklərini araşdırmaq çox çətindir. Hesab edirəm bundansa, ölkənin milli təhlükəsizlik və hüquq-mühafizə orqanları qanunsuz silahlı qruplaşmalarda iştirak etmək potensial olan insanları əvvəlcədən aşkar etməli və onları xüsusi nəzarətə götürməlidir. Heç şübhəsiz ki, gənclər birdən-birə İŞİD-ə qoşulmaq qərarı almır. Bu ideyanı onların beyninə yeridən, onları təlimatlandıran qüvvələr var. Vəhhabilər və digər ekstremist dini cərəyanların Azərbaycan kökünü kəsmək lazımdır. Aidiyyəti orqanlar bu istiqamətdə fəaliyyətlərini artırmalıdırlar. Xarici ölkələrə səfər edən insanlar arasından hansının terrorçulara qoşulmaq üçün ölkədən çıxdığını müəyyən etməkdənsə, onlara bu şəraiti yaradan qüvvələr araşdırılmalı və məhv edilməlidir. Əsgərliyə getməyə qorxan gəncləri elə hazırlayır, beyinlərini yuyurlar ki, gedib İŞİD-ə qoşulub baş kəsir, qan tökür, ölümünə savaşır. Təbii ki, bütün bunların hamısının kökündə təbliğat dayanır. Biz həm ictimai maarifləndirməni artırmalı, həm də xüsusi təhlükəsizlik orqanları fonunda öz mübarizəmizi aparmalıyıq. Bu yolla problemin qarşısını almaq daha asan olar. Nəinki İŞİD-ə qoşulmaq üçün ölkədən çıxan insanları bir-bir həbs eləmək yolu”.
Şəymən