“Azərsu”, “Azəriqaz” problemi “Akkord”da görür
Gənclər şəhərciyində gənclərə divan tutulur
Sakinlər su, qaz, enerji problemi ilə üz-üzə qalıb
“Azərsu”, “Azəriqaz” problemi “Akkord”da görür
“Azərsu”, “Azəriqaz” problemi “Akkord”da görür
"Abşeron” gənclər şəhərciyində vəziyyət olduqca dözülməzdir. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur”. Bu barədə redaksiyamıza adlarının çəkilməsini istəməyən bir qrup sakini bildirib. Şikayətçilərin sözlərinə görə, elə ki soyuqlar düşdü, şəhərcikdə həyat iflic olur: "Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma heç biri qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə və bundan başqa "JEK” müdirinə çoxsaylı müraciətlər olunub. Hətta "JEK”-in binası qarşısında dəfələrlə etiraz aksiyası keçirmişik.
Amma hər dəfə "qaz növbəti il veriləcək” deyib sakinləri aldatmaqla məşğuldurlar. Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binlara qaz verilmir. Belə olan halda, soyuq havalarda mənzilləri qızdırmaq mümkünsüz olur və nəticədə hamımız xəstə düşürük. Məsələ barədə "Azəriqaz”a da müraciət etmişik. Hələ ki dərdimizə bir çarə tapılmır. Heç kim problemə əncam çəkmək istəmir. Kimi dindirirsən, deyir ki, büdcə boşalıb. Bu qazı camaata satıb, büdcəni doldursunlar da. Baxın, Gürcüstan hökuməti də Azərbaycan qazından imtina edir. O qazı satsınlar da öz millətinə. Camaatı niyə soyuqdan qırırlar ki? Məqsədləri nədi? Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Səbəbi isə heç kimə məlum deyil. Bir sözlə, neft-qaz ölkəsində qazsız qalmışıq. Elə sizin qəzet vasitəsilə müvafiq şəxslərə bir daha üzümüzü tutub, deyirik ki, problemi yoluna qoysunlar. Əks halda, ölkədə böhranlı durumun və genişmiqyaslı aksiyaların davam etdiyi bir dönəmdə vəziyyət heç də ürəkaçan olmayacaq”.
Evlərini kondissioner və başqa isitmə vasitələri ilə qızdırmağa çalışdıqlarını deyən sakinlər qeyd ediblər ki, bunu da cəmi bir ay edə bilirlər: "Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıqpulu ödəməli oluruq ki, bu da az qala əmək haqlarımızın yarısı deməkdir. Bu məsələlər nəzərə alınmalıdır. Binaları tikib satan "Akkord” tikinti şirkəti də bu işə qol qoymalı və problemi ortadan qaldırmalıdır”.
Sakinlər şəhərcikdəki su qıtlığından da şikayət ediblər: "Təsəvvür edin, 24 saatın 4 saatını su verirlər. Əlbəttə, bu da kifayət etmir. Ayda da "JEK” müdiri Kamal müəllim suya görə, qanunsuz olaraq evlərin kvadratına uyğun 3 manatdan 10 manatadək pul tələb edir. Halbuki, həmin pulların böyük bir qismi ayrı-ayrı şəxslərin cibinə gedir. Ona görə də, həmin şəxslər suyun daimi verilməsində və bu işin "Azərsu”nun kurasiyasına keçməsində maraqlı deyil. "Azərsu” isə "ağzına su alıb oturur”. Əlbəttə, suların saatla verilməsi yaşayışımızı acınacaqlı hala salır. Axı burada nə problem ola bilər ki, gətirib, suya da sayğac qoysunlar və sərf olunan suya görə də pullarını yığsınlar. Amma etmirlər. Bir daha söyləyirəm ki, belə olarsa, vəsait birbaşa ayrı-ayrı ciblərə deyil, dövlətin büdcəsinə gedər ki, bu da şəhərciyi inşa edən "Akkord” tikinti şirkətinə sərf etmir. Axı onlar sakinlərdən qanunsuz olaraq yığdıqları pulları öz ciblərinə qoyurlar. Bir sözlə, şəhərcik artıq çox baxımsız vəziyyətdədir. Burada mənzil alan şəxslər artıq köçüb getmələrini düşünürlər. Hər şey yalan və saxtakarlıq üstündə qurulub. Sakinlərə xidmət göstərmək əvəzinə, öz ciblərini güdürlər. Qanunsuz pullar yığılır. "Azərsu” hara baxır? Niyə bu işlərə bir əncam çəkmir”.
Sakinlər şəhərciyin təmizliyi və lift xidmətindən də narazılıqlarını ifadə ediblər: "Baxın, hər mənzil sahibindən evinin kvadratına müvafiq ayda 10-20 manat arası kommunal xərci tələb edirlər. Amma təmizlik və xidmət səviyyəsi yox dərəcəsindədir. Bəzən olur ki, sonuncu mərtəbədə yaşayanların evini yağış suyu basır. Çünki binanın damı "şifer” deyil, sovet dönəmindən qalmış üsulla örtülüb, "tol” çəkilib. Həmin tollar da istismar müddətini başa vurduğu üçün su buraxır. Təbii ki, bununla bağlı "JEK”-ə şikayətlər edilir. Lakin maraqlanmırlar. Nə tol verir, nə də usta. "Get başının çarəsinə bax” deyir. Amma kommunal
xərclərini vermədikdə, min cür vasitə ilə bizə təzyiq göstərir. Pulları veririk ki, problemimiz olanda müraciət edək və məsələmiz çözülsün. Amma həmin pullar heç də təyinatı üzrə - sakinin probleminə xərclənmir. Yəni burada sakinin şikayətinə və üzləşdiyi çətinliyə baxılmır. Görünür, "Akkord” şirkəti düşünür ki, sözügedən şəhərcik "Gözdən uzaq, könüldən qıraq” məkanda yerləşir və onun özbaşınalıqları barədə heç kim xəbər tutmayacaq. Problem bir deyil, beş deyil. Hansını deyək? Liftlər də normal işləmir. Liftlər tez-tez xarab olur.”JEK”-ə müraciət edirsən ki, liftlər işləmir, düzəlməlidir. Deyir ki, gətirin ustasının pulunu verin, çağıraq, gəlsin. Deyəndə ki, bəs kommunal xərclərini niyə yığırsınız? Deyir, sizə dəxli yoxdur. Cibimə yığıram. Yaxşı edirəm. Kimə deyirsən de. Əlindən nə gəlir get, başına çək. Bundan başqa binaların giriş qapıları qırılır, müraciət edirsən, baxan yoxdur. Amma ayda bir dəfə "Skyvision” şirkətinin nümayəndəsi gəlib, qapıya və ya "domafona” görə, 1 manat pul yığır. Qapı qırılanda isə düzəlmir. Fikir verin, şəhərcikdə 85 blok var, hər blokda da 66 mənzil yerləşir ki, bu da cəmi 5610 mənzil edir. Hər mənzildən də 1 manat alınır. Yəni ayda təxminən 6 min manata yaxın pul yığılır. Bu pullar hara gedir? Zaman gələcək ki, "Akkord” bütün bunların hesabatını verəcək”.
Sakinlər onu da əlavə ediblər ki, şikayətlərinə baxılmayacağı halda dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya rəsmi məktubla müraciət edəcəklər: "İndi mətbuat vasitəsilə aidiyyəti şəxslərin diqqətinə çatdırırıq ki, problemləri tezliklə yoluna qoysunlar. Əks halda, cənab Prezidentə və xanımı hörmətli Mehriban xanıma müraciət ünvanlayacağıq. Necə olur ki, neft-qaz ölkəsində qazsız qalasan. Hansı dövrdü, əlimizi yumağa su tapmırııq. Belə də yaşayışmı olar? Aidiyyəti şəxslərdən tələb edirik ki, hərəkətə keçib, şəhərciyin qazlaşdırılmasına və suyunun daimiləşdirilməsi kimi böyük problemlərimizin həllinə başlasınlar”.
Məlum etirazları diqqətlərinə çatdırmaq və buna dair münasibət öyrənmək məqsədilə "Akkord” Şirkətlər Qrupunun məsul nümayəndəsi Şakir Ələkbərovla əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında öncə su məsələsinə aydınlıq gətirdi: "Əvvəllər səhər, axşam yarım saat su verilirdi. Yəni Masazır xəttində su olmurdu. Sonra orada avtomatik nasoslar quraşdırıb, suyu sovurduq. Nə bacarırdıqsa, yığıb sakinlərə verirdik. Sonra rəhbərliyin səyi nəticəsində ora yaxınlıqda yeni su mənbəyi tapdıq və götürdük. İndi isə səhər və axşam üç saat olmaqla sakinlərə su verə bilirik. Çalışacağıq ki, bu məsələni yaxın zamanlarda həll edək və suyun daimi verilməsi məsələsinə nail olaq. Amma deyim ki, bu işin ləngiməsinin də səbəbləri olmamış deyil. Səbəb odur ki, daxili xətlərdə sızmalar olur. Çalışırıq onları aradan qaldıraq ki, yaxın müddətdə şəhərciyin suyunu daimiləşdirək”.
Qazların verilməməsinə gəlincə, həmsöhbətimiz söyləyib ki, iki bina artıq qazlaşdırılıb: "Bizə aid olan nə sənədləşdirmə işləri varsa, hamısını "Azəriqaz”a göndərmişik. Onların da öz daxili prosedurları mövcuddur. Onlar da bizə söz veriblər. Qazın verilməməsinin digər səbəbi də eyvanların bağlanmasıdır. Qaz sayğacları açıqda olmalıdır. Eyvanların bağlı vəziyyətdə olması qaydalara uyğun deyil. Çalışırıq ki, eyvanları sökdürək. Qaz xətlərini çəkdirmişik, sayğacları qoydurmuşuq. Sakinlər bizə köməklik göstərmirlər. Qayda-qanunlarımız da bizə icazə vermir ki, balkonları sökək. Bunların hamısı məhkəmə qaydasında olmalıdır. Məhkəmə prosesi çox uzun çəkir. Əlbəttə, bizim də ürəyimiz yanır. Neft-qaz ölkəsində sakinlər qazsız qalıb. Soyuqdan əziyyət çəkirlər. Həm də qış vaxtı mənzilləri elektrik enerjisi ilə isidirlər ki, bu da onlara baha başa gəlir. Yəni artıq xərc çəkirlər”.
Müsahibimiz "domafon” xidmətindən də danışıb: " "Domafon” xidmətinə "Skyvision” şirkəti baxır. Bu şirkətlə vətəndaşlar arasında fərdi qaydada müqavilələr bağlanır. Onun bizə aidiyyəti yoxdur. Onlar yığdıqları xidmət haqqına görə qapılara da baxmalıdır. Düzdü, biz məcbur edib, düzəltdiririk. İş olan yerdə çatışmazlıq da olur. Çalışacağıq onu da yoluna qoyaq”.
Lift xidmətlərinə toxunan Ş.Ələkbərov diqqətə çatdırıb ki, şəhərcikdə çox yüksək səviyyəli liftlər quraşdırılıb: "Doğrudur, liftlərin düymələrində çatışmazlıqlarımız var. Çalışacağıq onu da aradan qaldıraq”.
Şirkət təmsilçisi onu da əlavə edib ki, ötən yay çoxsaylı mənzillərin binalarında yağış əleyhinə işlər görülüb: "Şikayət olduqca aradan qaldırırıq. Blokların işıqlandırılması məsələsi də həmişə diqqətdə olub”.
"Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, şəhərciyi tikən "Akkord” şirkəti nə qədər su istəsə, o qədər verə bilərlər: "Şəhərciyin su anbarı və komendantı var. Bizim kifayət qədər suyumuz var. Üstəgəl, yeni qurğumuz tikildi və ötən il oktyabrın 28-də cənab Prezident onun açılışında iştirak etdi. Əvvəllər şəhərciyə gedən su borularının diametri çox balaca idi. Çatdırmırdı. Biz onlara xətt də ayırdıq. Heç bir su qıtlığımız yoxdur. Yeni tikililərin hamısının özünün müxtəlif ölçüdə anbarı olur. Bizim xətlər də gedib o anbarlara tökülür. Anbardan sakinlərə suyun necə verilməsi isə bizdən asılı məsələ deyil. Buna şəhərciyin komendantı və rəhbəri baxır. Sözügedən şəhərciyin su təchizatı ilə bağlı bizim heç bir problemimiz yoxdur. Suyu mənzillərə paylamaq şəhərciyi tikib istismara verən tikinti şirkətinin öz işidir. Bir daha qeyd edirəm ki, suyun verilməsi ilə bağlı heç bir problemimiz yoxdur”.
"JEK”-in "anbarlar su ilə tam təchiz olunmur” iddiasına gəlincə, qurum sözçüsü bildirib ki, "Azərsu”nun şəhərciyə verilən su xəttində 24 saat su var: "Baxın, tutalım şəhərcikdə 4 min mənzil var. Şəhərcik də xətti yüzlük borularla aparıb. Mənim də su xəttimdə 24 saat su var. Axı yüzlük boru 6 min mənzili su ilə təmin edə bilməz. Burada problem nədir? Ya şəhərcik o boruları böyütməli, ya da yenidən böyük borularla su xətti çəkməlidir. Əvvəllər vəziyyət daha dözlüməz idi. Camaatı ora yığmışdılar. Balaca bir xətlə də su verirdilər. Məsələ qalxdı və onlara köməklik göstərdik. Yeni xətt verdik. Şəhərcik bizə müraciət etsə, onlara 3 yüzlük borularla da su verə bilərik. Bizim su problemimiz yoxdur. Orada su çatmırsa, onların daxili xətləri yaxşı vəziyyətdə deyil. Yəni o ərazidə kifayət qədər su ehtiyatımız var. "Akkord” tikinti şirkəti qanunla müraciət etsə, biz onlara təzə xətlər verə bilərik”.
A.Cəbrayıllı su sayğaclarının quraşdırılması məsələsinə də diqqət çəkib: "Bu da MTK -”Akkord”un problemidir. MTK-lara müqavilədə göstərilir ki, sayğacı MTK-lar quraşdırmalıdır. Biz sayğacın quraşdırılmasına ümumiyyətlə qarışmırıq. Onların ümumi sayğacları var. Bizlə ümumi sayğaca görə hesabat aparırlar. Ona görə də, maraqlıdırlar ki, az su işlətsin. Bir sözlə, bütün suallarınızın cavabını bizdə deyil, "Akkordd”a axtarın. "Akkord” nə qədər su istəsə, biz onlara verə bilərik. Tələbatları varsa, müraciət etsinlər, sularını verək. Gəlsin suyunu aparsın”.
"Azəriqaz”ın mətbuat katibi Rahib Məmmədov isə şəhərciyin qaz problemi ilə bağlı bunları deyib: "Hər hansı MTK-ya qaz verilməsi üçün həmin şirkət aidiyyəti dövlət qurumlarında yoxlanışdan keçir. Daha sonra bizə müraciət olunur. Və biz həmin müraciətə əsasən əraziyə qaz verilməsi üçün işə başlayırıq. Hələlik "Abşeron” gənclər şəhərciyindən bizim quruma müraciət edilməyib. Problem buradan qaynaqlanır”.
Şəhərcikdə yalnız 2 bloka qazın verilməsini isə qurum sözçüsü belə izh edib: "Bəli, ola bilər ki, bizə fərdi abonentlər barədə müraciət qəbul olunub. Və işçi heyət o blokları qazlaşdırıb. Belə hallar da ola bilir”.
Ayyət Əhməd