Əks təqdirdə, Rusiyanın başçılığı ilə Qarabağa qoşun yeritmək mümkün görünmür
Rusiyanın başçılığı altında yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşır. Bu iddia ilə Ermənistanın "Aykakan Jamanak” qəzeti çıxış edib. Məlumata görə, Rusiyanın KTMT mandatı altında istifadə edəcəyi ordusu regionda yalnız Dağlıq Qarabağda yerləşdirilə bilər:
"Rusiya Azərbaycan-Ermənistan münaqişəsi zonasında öz sülhməramlılarını yerləşdirməyə çox maraqlıdır və sülhməramlı qüvvələr adı ilə öz məramını gerçəkləşdirməsi problem deyil”. Məqalədə o da qeyd olunur ki, amerikalı həmsədr Ceyms Uorlikin həmsədr ölkələr - ABŞ, Fransa və Rusiyanın münaqişə bölgəsində sülhməramlılardan istifadə etmək hüququnun olmadığını deməsindən sonra Moskva öz niyyətlərini gerçəkləşdirmək üçün başqa plan axtarır. Bu plan isə KTMT pərdəsi altında bölgəyə qoşun yeritməkdən ibarətdir. Bir tərəfdən KTMT Rusiyadan savayı 5 ölkədən ibarətdir, digər tərəfdən isə sülhməramlı kontingentə məhz Rusiya Federasiyası rəhbərlik edəcək”.
İddianı şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə deyib ki, həmin təşkilatın Azərbaycanla heç bir gərginliyi yoxdur. O, kollektiv qurumdur və burada müxtəlif dövlətlərin birgə hərbi potensialı birləşib: "Təşkilatın əsas qayəsi odur ki, xaricdən olan təhdidlərlə bağlı əks tədbirlər görsünlər və lazım olarsa, hücum mövqeyi ilə bütün o risklərin hamısını dəf etsinlər. Şəxsən Azərbaycanla bu təşkilatın heç bir gərginliyi və ya problemi yoxdur. O təşkilat Azərbaycanla bağlı heç bir plan cızmır. Bir halda ki, torpaqlar Azərbaycana məxsusdur. BMT-nin nizamnaməsinə "hə” demişik və o quruma beynəlxalq təşkilat kimi 86 min kv. km ərazimizlə daxil olmuşuq. Ona görə həmin təşkilatın Azərbaycana qoşun yeritməsini iddia etmək cəfəngiyyatdan başqa bir şey deyil. Müxtəlif dairələr belə xəbərlər yayırlar ki, dövlətlər arasında çaşqınlıq yaratsınlar və eyni zamanda Azərbaycana psixoloji təsirlər göstərsinlər”.
Ekspertin fikrincə, həmin təşkilatda birinci söz Rusiyaya məxsusdur: "Moskva ilə Bakı arasında heç bir gərginlik yoxdur. Əlaqələr yüksələn xətt üzrə inkişaf edir. MDB formatında Prezidentlər - İlham Əliyev və Vladimir Putin arasında görüş baş tutdu. Görüşdə narazılıq və ya gərginlik doğuran heç bir məqam yoxdur. Yəni Azərbaycanla Rusiya qonşu dövlətlər kimi bir sıra layihələrdə də eyni mövqedən çıxış edirlər, işləyirlər. Təhlükəsizlik tədbirlərinin işlənməsində həmahəng fəaliyyət göstərirlər. Azərbaycan dövləti razılıq verməsə, heç vaxt KTMT ərazilərimizə hərbi kontingent yerləşdirə bilməz. Gərək, Azərbaycan belə bir qərara gəlsin ki, öz torpaqlarında təmizləmə aparsın, onda mümkündür ki, həmin təşkilatın gündəliyində belə bir məsələ yaranar. Ancaq durduq yerdə həmin təşkilatın ərazilərimizə qoşun yerləşdirməsi real deyil”.
KTMT-nin Kremlin təşəbbüsü ilə yaradıldığını deyən politoloq diqqətə çatdırıb ki, Azərbaycan o qurumda oldu və tez bir zamanda çıxdı: "Çünki Azərbaycanın siyasi rəhbərliyi bildirdi ki, bir halda ki, burada yer alan ölkələrdən biri - Ermənistan, digəri - Azərbaycanın ərazilərini işğal edibsə, təşkilat buna müdaxilə etmirsə, biz burda ola bilmərik. Və Azərbaycan ora qoşulmadı. Bununla belə, "Rusiya-Azərbaycan ərazilərinə qoşun yerləşdirir” iddiası uydurmadan başqa bir şey deyil”.
Ayyət Əhməd