“Gərək tezliklə Təbrizə gedim”
Həmid Herisçi: “İnanmıram ki, buna nə Azərbaycan, nə də İran tərəfi etiraz etsin”
Xəbər verdiyimiz kimi, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı proqramda Azərbaycan türkləri nümayişkaranə şəkildə təhqir edilib. Buna görə də, noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz aksiyası keçirib. Soydaşlarımız "Haray-haray, mən türkəm” və "Yaşasın Azərbaycan” şüarları səsləndirən tələbələr üzərində rassizm əleyhinə şüarlar yazılmış plakatlar qaldıraraq ölkədə Azərbaycan türklərinin vaxtaşırı dövlət televiziyasında təhqir olunmasını və bu cür halların bir daha təkrarlanmamasını tələb ediblər.
Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb. Əlbəttə, İran televiziyasında türklər haqqında təhqiredici ifadələrin işlədilməsi bir müddətdir ki, Azərbaycan ictimaiyyətinin müzakirə mövzusudur. Və əksəriyyət həmin kanalın addımını kəskin şəkildə pisləyərək, bunu İranın türklərə qarşı növbəti qərəzli və məkrli planı adlandırır. Hətta bu davranışlara görə, silaha sarılıb, cənub qonşumuza qarşı müharibə elan edib, oradakı soydaşlarımızı azadlığa qovuşdurmaq təklifləri də irəli sürülür. Buna rəğmən əslən təbrizli olan və hazırda Bakıda yaşayan yazar, konspiroloq, Həmid Herisçi isə öz "facebook” səhifəsində yazdığı statusda məsələlərə fərqli yanaşıb. O qeyd edib ki, belə işləri hay-küy, dava-dalaşla deyil, Təbriz elitası ilə danışıqlar vasitəsilə yoluna qoymaq olar: "Gərək tezliklə Təbrizə gedim. Ordakı hadisələrdən ancaq mən baş çıxara bilərəm. Millətçi marginalları kənarda saxlayıb əsl Təbriz elitası ilə görüşlərə başlamaq lazımdır. Sivil, müasir, legitim Güney qüvvələri ilə tanışlığa başlayaq”. Yazıçının bu mövqeyi maraq doğurduğundan onunla əlaqə saxladıq. O, "Şərq”ə müsahibəsində qeyd etdi ki, Güney Azərbaycanla münasibətlərimizə millətçi marginal (qeyri-qanuni) adamlar müdaxilə edir: "Azərbaycanın KİV-ləri də bu cür marginal adamlarla əlaqə saxlamağa üstünlük verirlər. Məncə, bu marginalların kəskin açıqlamaları heç də bizə xeyir gətirmir. Azərbaycanın KİV nümayəndələri qonşu İranın səlahiyyətli legitim, nümayəndələri ilə əlaqə saxlamalıdırlar. Baxın, həmin filmdə türklərin alçaldılması ilə bağlı İran parlamentində azərbaycanlı deputatlar öz etirazlarını səsləndirdilər. Bu, çox yaxşı addımdır. Yaxşı olardı ki, bizim mətbuatımız həmin deputatlarla danışsın. Bizə legitim şəxslərin qərarı, sözü önəmli olmalıdır. Az qala Güney Azərbaycanın mətbuat xidməti elan edilən o marginalların indiyə qədər dedikləri özünü doğrultmayıb. Hazırda Azərbaycan-İran münasibətləri inkişaf edir. Bu inkişafda da biz Güney məsələsinə başqa cür yanaşmalıyıq.
- Məsələn, necə?
- Qayda-qanunlar çərçivəsində. Bütün sorğu-suallarımızı İranın Ana Yasası çərçivəsində verməliyik. Orada da hər bir millətin, xalqın öz dilində danışmaq və təhsil almaq haqqı var. Bunlar İran Ana Yasasının maddələridir. Biz də bu çərçivədə danışmalıyıq. Çünki marginallarla iş gördükcə, Azərbaycan ictimaiyyəti çox çətin duruma düşür. Millətçi marginalları kənara qoyub, sivil, müasir, legitim Güney Azərbaycan qüvvələri ilə əlaqə saxlamalıyıq.
- Qeyd etdiniz ki, İranın Ana Yasasında hər bir xalqın öz dilində danışmaq, təhsil almaq haqqı məsələləri yer alır. Hazırda oradakı azərbaycanlıların bu haqları təmin olunurmu?
- Gördünüz ki, İran, İsrail və Amerika ilə necə duelə çıxır. Ona görə də, gəlin İranla hərb dildə danışmayaq. İran Ana Yasasında bunlar göstərilir. O məsələlər 1979-cu ildə İran İslam İnqilabının nəticələrinə görə yaranıb. Şah dövründə yox idi. Çünki şah dövrü konstitusiyasında türklər və digər etnik qruplar haqqında heç bir bənd yox idi. Hamı iranlı gedirdi. Amma indi İran Ana Yasasında yazılıb ki, İranda müxtəlif xalqlar yaşayır və hamısı bərabər hüquqa malikdirlər. Onlar öz dillərində mətbuat nümunələri çap etdirə, təhsil ala və danışa bilərlər. Biz çalışmalıyıq ki, İran Ana Yasasında olan bu maddələr həyata keçsin. Biz İranla müharibə vəziyyətində olmalı deyilik. O, supergüclərdən biridir. Güney macəramız sona çatmalıdır. Legitim münasibətlər işə düşməlidir. Düşünürəm ki, tezliklə ora getməliyəm. Güney Azərbaycan siyasi elitasını şimallı oxuculara çatdırmaqda israrlıyam.
- Feysbuk səhifənizdə son olaylarla bağlı Təbrizə getmək istəyinizi də gizlətməmisiniz. Bu səfər reallaşa bilərmi?
- Bu işdə ötürücü olmağa hazıram və hazırlaşıram ki, tezliklə doğma şəhərimə, Təbrizə gedim. Görüm nələr baş verir. Əlbəttə, orada müəyyən adamlarla əlaqələr qurmaq lazımdır. Çalışacam ki, səfərimin bir nəticəsi olsun. İnanmıram ki, Tərbizə gedib-gəlməyimə nə Azərbaycan tərəfi, nə də İran tərəfi etiraz etsin. Ona görə ki, mən çox mötəbər nəslin nümayəndəsiyəm. Bunu Bakıda da bilirlər, Təbrizdə də. Gərək gedim.
- Bu təşəbbüsünüzlə bağlı hansısa rəsmi orqana və ya şəxsə müraciət etmisinizmi?
- Bunun üçün rəsmi müraciət lazım deyil. Yəqin ki, səfərlə bağlı təəssüratlarımı qəzetlərin birində bölüşəcəm. Hər halda Güney Azərbaycanda siyasi və dini elita var. Oradakı Azərbaycan ruhaniyyəsi çox təəssübkeş qüvvələrdir. Onları görməzdən gəlmək olmaz. Nəzərə alaq ki, İran islam respublikasıdır. Bəzən bizim mediada İran dini xadimləri inkar olunur, amma bu çox gülməli görünür. Oranın dini liderləri hökumətdə təmsil olunurlar. Güney Azərbaycanın din xadimləri vətənpərvər insanlardır. Bir sözlə, gəmidə oturub, gəmiçi ilə dava aparmaq mümkün deyil.
- Belə çıxır ki, oradakı soydaşlarımızın hüquqlarının təminatı uğrunda mübarizə aparmalı deyilik, onların haqlarının tapdanılmasına susmalıyıq?
- Son hədəfi ilk hədəf edənlər cinayətkardırlar, qeyri-peşəkardırlar, avantüristlərdir və marginallardırlar. Onlar mübarizəmizə ziyan vururlar.
- Marginallar İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilərmi?
- Düzdü, onların sıralarında yaxşı qələm sahibləri də var. Bizim sevdiyimiz, hörmət etdiyimiz insanlar var. Amma o marginalların davranışı bütövlükdə kampaniya xarakteri daşıyır. Məncə, bunlar təxribatdır. Həmin marginallar xarici qüvvələrin təsiri altındadırlar.
- Türklərin aşağılandığı məlum filmi İranın türklərə qarşı rəsmi mövqeyi kimi dəyərləndirənlər də oldu. Bu, doğru yanaşmadırmı?
- Belə təxribat xarakterli çıxışlara uymaq olmaz. Sözsüz ki, buna qarşı etirazlar olub. Bunu alqışlayıram. Düz ediblər. İran mərkəzi televiziyası buna yol verməli deyildi. Onlar üzr istəyiblər. Onu da deyim ki, bu olay Güney hadisələrini yeni müstəviyə çəkir. Biz Güney Azərbaycanın siyasi elitası ilə tanış olmağa məhkumuq. Sadəcə olaraq bunun yollarını tapmaq lazımdır. Bunu bir günə qurmaq olmaz. İstəyirəm qohumlarımın yanına, öz evimə, ata yurduma gedim. Təbrizli millət vəkilləri ilə əlaqə qurmaq gərəkdir. Biz Təbriz və Tehranla əlaqələrimizi İranın Ana Yasası çərçivəsində qurmalıyıq. Ondan kənara çıxmalı deyilik.
- Səfərinizin müsbət effekt verəcəyinə inanırsınızmı?
- Gedim, görüm bir orda nə var, nə yox. Ondan sonra effekt verib, verməyəcəyini biləcəm.
Ayyət Əhməd